Prezident “Media haqqında” qanunu təsdiqləyib

"Qanun yeniliklərlə zəngindir. Güman edirik ki, Azərbaycan mediasını yeni müstəviyə daşıyacaq"

Prezident İlham Əliyev “Media haqqında” qanunu təsdiqləyib. “Media haqqında” qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Prezidentin fərmanı ilə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”ndə edilən dəyişikliyə əsasən Medianın İnkişafı Agentliyinin (MEDİA) vəzifələri də artırılıb. Media Reyestrinin 6 ay müddətində yaradılacağı deyilib.

 Fərmana əsasən, Medianın İnkişafı Agentliyi Media Reyestri bazasının Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görməlidir.

 Jurnalistlərə güzəştli ipoteka krediti verilməsinə dair şərtlər də müəyyənləşib. Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş gənc ailənin üzvü olan şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaq. 

Eyni zamanda ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs də güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaq. 

Qeyd edək ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası tərəfindən güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələri müəyyən olunana qədər illik faiz dərəcəsi güzəştli ipoteka krediti üzrə isə 4 faizdən çox olmamalıdır.

Qanun layihəsinin Prezident tərəfindən təsdiq olunması ilə bağlı “Şərq”ə danışan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib ki, “Media haqqında” qanun Azərbaycan media ictimaiyyətinin geniş müzakirəsi ilə qəbul olunub. MŞ sədrinin müavini vurğulayıb ki, layihənin müzakirəsində və hazırlanmasında media ictimaiyyəti iştirak edib: 

“Qanun ölkənin media cameəsinin iradəsini, istəklərini özündə ehtiva edir. Bu baxımdan cənab Prezidentə təşəkkür edirik ki, hamımızın istək və düşüncələrini ehtiva edən bu qanunu təsdiq etdi. Qanun yeniliklərlə zəngindir. Güman edirik ki, Azərbaycan mediasını yeni müstəviyə daşıyacaq. Xüsusən, onlayn medianın və jurnalistlərin fəaliyyət istiqamətinin dəqiqləşdirilməsi, reyestrin aparılması baxımından qanun bir sıra parametrlərə görə çox önəmlidir. Bütün media ictimaiyyətini təbrik edirəm”.