Jurnalist üçün ən böyük dəyər onun təmiz reputasiyasıdır

Qanun isə öz şərəfli missiyasını yerinə yetirməsi üçün jurnalistin yanındadır

   Prezident İlham Əliyevin ötən gün təsdiqlədiyi “Media haqqında” qanun mətbuat sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını təşkil edir. Həmçinin, qanun kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Bundan əlavə, qanunda jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi və bəzi imtiyazlar nəzərdə tutulur. Eyni zamanda qanunda dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.

Ölkə rəhbərinin digər Fərmanı ilə güzəştli ipoteka kreditinin verilməsi qaydasına da dəyişiklik edilib. Dəyişikliyə əsasən, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş jurnalistlər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olub. Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də güzəştli ipoteka şərtlərindən yararlana biləcəklər. 

Agentliyin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli “Media haqqında” qanunun imzalanmasından sonra sənədin hədəflərini açıqlayıb. 

Agentlik təmsilçisi bildirib ki, kifayət qədər müxtəlif fikirlərin eşidildiyi və az qala bir ilə yaxın davam edən müzakirələrdən sonra “Media haqqında” qanun artıq qüvvəyə mindi: “Praqmatik fikirlər, sərt, bəzən barışmaz və amansız iradlar, hətta təhqirlər, ələsalmalar eşitdik. Oxuyub danışanların, “oxumamışam, amma ittiham edirəm” ritorikasına köklənmişlərin də səslərini duyduq. Reallığın gözünə dik baxan, uzun illərin media adamlarının narahatlığı qanundan daha çox belə bir niyyətin nə dərəcədə səmimi olması ilə bağlı idi. Onlar bir qayda olaraq qanunun maddələrinə yox, keçmişin xoş olmayan xatirələrinə istinad edirdilər. Mediamız intellektual baqajında nə vardısa, hamısını qanunun müzakirəsi zamanı nümayiş etdirə bildi. Biz də öz növbəmizdə cavabsız sual buraxmadıq. İşimizin düz və lazımlı olduğuna inanırdıq. Eşitdiyimiz heç bir fikir bizim üçün gözlənilməz deyildi. Çünki ondan da sərt fikirləri öz aramızda səsləndirirdik və saatlarla yox, günlərlə sürən müzakirələrdə həmin sərt sualların tutarlı cavablarını da özümüz tapırdıq”. 

N.Məmmədli “qanunla hədəflər nədir və nəyə nail olmaq istənilir” sualına belə cavab verib:

 “Qanun milli informasiya mühitinin sağlamlaşmasına, jurnalistin sosial portretinin formalaşmasına, özfəaliyyət və qeyri-peşəkarlıqla, peşəkarlığın sərhədlərinin müəyyənləşməsinə, mediada layiqli əmək münasibətlərinin möhkəmlənməsinə imkan verəcək. “Media qanunu” ilə eyni gündə dövlət jurnalistlərə güzəştli ipotekadan faydalana bilmək hüququ da verdi. Bu, Azərbaycan Prezidentinin media nümayəndələrinin sosial problemlərinə diqqətinin göstəricisidir. Dövlət hər hansı öhdəlik qoymadan özünün qulluqçusu, müəllimi, alimi, xüsusi nailiyyətləri olan idmançısı üçün nəzərdə tutduğu imtiyazları media nümayəndəsinə də şamil etdi. Bu, yalnız sosial siyasət deyil, eyni zamanda jurnalist peşəsinin və bütövlükdə medianın nüfuzunun yüksəldilməsinə yönəlmiş addımdır. Amma unutmayaq, “Media Qanunu” dövlətin media mühitinə yanaşmasının göstəricisidir. Jurnalist üçün ən böyük dəyər onun təmiz reputasiyasıdır, sözünə olan ictimai etimaddır. Bunu jurnalist özü qazanır. Qanun isə öz şərəfli missiyasını yerinə yetirməsi üçün jurnalistin yanındadır”. 

Millət vəkili Hikmət Babaoğlu da deyib ki, “Media haqqında” qanunun tətbiq edilməsi mediamızın inkişaf tarixində tamamilə yeni bir mərhələ təşkil edəcək:

 “Hər şeydən öncə ona görə ki, yeni qanun bu inkişafı bütün parametrlərlə təmin edə biləcək hüquqi əsaslar və azadlıqları özündə ehtiva edir. Bu da informasiya cəmiyyətinin zəruri tələblərindən biridir. Media münasibətləri kontekstində aktual olan mühüm məsələlərdən biri də peşəkar və məsuliyyəti media problemi idi. Yeni qanunda bu məsələləri tənzimləyən hüquqi mexanizmlər öz əksini tapıb. 

Media Reyestrinin önümüzdəki 6 ay ərzində yaradılmasının nəzərdə tutulması, jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, tənzimlənən və tənzimlənməyən media növləri arasında dəqiq sərhədin müəyyən edilməsi mühüm nailiyyətlər kimi xarakterizə oluna bilər. 

Ən başlıca məsələlərdən bir yenə də jurnalistlərin məişət problemlərinin həll edilməsi və mənzil-kommunal şəraitlərinin yaxşılaşdırılmasıdır. Bu mənada jurnalistlərin güzəştli kreditlərdən yararlanmaqla mənzil problemlərini həll edə bilmələri üçün hüquqi bazanın yaradılması Azərbaycan dövlətinin jurnalistə növbəti qayğısıdır. 

Bu yeni yanaşma jurnalistlərin məişət problemlərini kütləvi və birbaşa həlletmə imkanları yaradır. İki kateqoriyada güzəşt hüququnun tanınması həm 5 il jurnalist kimi əmək faliyyəti olan jurnalistləri, həm də 15 illik əmək stajı əsasında çalışanları nəzərdə tutur. Bu da demək olar ki, davamlı jurnalistika fəaliyyəti ilə məşğul olan bütün jurnalistləri əhatə edir”.