Saxta profillərin qarşısını almaq mümkündür

Bütün dövlət orqanları özlərinin hesablarını yaratmalı və tanıtmalıdır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bu il yanvarın 1-dən bu günə kimi sosial şəbəkələrdə 126 saxta səhifənin yoxlanılması həyata keçirilib. Məhz bu səhifələr üzərində yalan informasiyalar paylaşılır”.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Sosial Tədqiqatlar Mərkəzinin (STM) tərəfindən hazırlanan “Azərbaycana qarşı dezinformasiya şəbəkəsi və hibrid təhdidlər”lə bağlı hesabatın təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, dezinformasiyaya qarşı mübarizə aparmaq üçün cəmiyyətin bütün təbəqələri birgə çalışmalıdır: “44 günlük müharibə zamanı düşmənin təxribatları sonsuz idi. Onların şikayətləri nəticəsində bir çox insanın hesabı bağlanmışdı. Ancaq bizim müdaxiləmiz və müraciətimiz nəticəsində 159 tanınma nişanının alınması təmin edilib”.

Bəs, bütün saxta sosial hesabların aşkarlanması və ümumilikdə dövlətin bu sferaya nəzarət etməsi mümkündürmü?

Bu barədə “Şərq”ə danışan "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bunun mümkün olduğunu  bildirib.

“Bununla bağlı hüquq-mühafizə orqanları və digər aidiyyəti qurumlar monitorinq aparmalıdırlar. İlk növbədə özlərinin hesablarını yaratmalı və tanıtmalıdırlar. Biz sosial media hesabına girən kimi bilməliyik ki, bu, rəsmidir. Yəni dövlət qurumları öz resurslarının qayğısına qalmalıdır. Bu zaman saxta hesabın yaradılmasına ehtiyac qalmayacaq. Bununla yanaşı cərimə və digər tədbirlər də tətbiq edilməlidir”.