Azərbaycan etibarlı tərəfdaş olduğunu daim sübut edib

NATO ilə Azərbaycan arasında əməkdaşlıq səngiməyəcək

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;


   Fevralın 15-də NATO-nun Baş katibi Yens Stoltenberq Prezident İlham Əliyevə zəng edib. Söhbət zamanı NATO-nun Baş katibi ötən ilin dekabrında quruma səfərinə və Şimali Atlantika Şurasında çıxışına görə Prezidentə təşəkkürünü ifadə edib. Telefon danışığı əsnasında Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb. Baş katib Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib. Dövlət başçısı Azərbaycanın enerji məhsulu növlərinin önəmli ixracatçısı kimi etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcəyini diqqətə çatdırıb. Hərbi alyans qarşıdakı müddətdə Azərbaycanla yüksək səviyyədə siyasi dialoqun və geniş praktiki əməkdaşlığın davamına ümid edir. Azərbaycanın 44 günlük müharibədə Ermənistan üzərində qələbə qazanması regionun siyasi xəritəsini yenidən şəkilləndirməyi aktuallaşdırıb. Bakı postmünaqişə dövründə proseslərdə əsas yönləndirici amilə çevrilir. Ankaradan gələn güclü siyasi dəstək, hər addımda Azərbaycanın maraqlarının müdafiəsi Bakıya əlavə imkanlar yaradır. Azərbaycan indi NATO-ya münasibətdəki siyasətini şaxələndirməyi hədəfləyir. Hərbi Alyans Azərbaycan üçün vacib tərəfdaşdır. Azərbaycanın NATO ilə əməkdaşlığı 1994-cü ildə Brüsseldə “Sülh naminə Tərəfdaşlıq” çərçivə sənədinin imzalanması ilə başlayıb. Prezident İlham Əliyev qurumun mənzil qərargahına 6 dəfə, baş katiblər isə Azərbaycana 3 dəfə səfər ediblər. Dövlət başçısı təşkilatın 7 Zirvə görüşündə iştirak edib. NATO daim Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək verib. Bu dəstək alyansın zirvə görüşlərində öz əksini tapıb. Zirvə görüşlərinin yekun sənədlərində Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə olunub. Bu sənədlərdə Cənubi Qafqazdakı münaqişələrin, o cümlədən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyi vurğulanırdı. Vətən müharibəsi dövründə də NATO Azərbaycan və Ermənistanı atəşkəsə və danışıqlara çağırırdı. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfəri nəticəsində yaranmış yeni reallıq təşkilat tərəfindən də qəbul edildi. Zirvə görüşünün yekun mətnindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə istinad edən bənd çıxarıldı. Azərbaycan və NATO arasında praktiki əməkdaşlığın əsas istiqamətlərini müdafiə və təhlükəsizlik sektorunda islahatlar, beynəlxalq əməliyyatlarda iştirak, fövqəladə hallara hazırlıq, təhlükəsizlik ilə əlaqəli olan elmi və ekoloji məsələlər və ictimai diplomatiya təşkil edir. Azərbaycan öz Silahlı Qüvvələrinin hərbi alyansın standartlarına uyğunlaşdırılması istiqamətində ciddi addımlar atıb. 

Şimali Atlantika Alyansının üzvü olan Türkiyə modelli ordu quruculuğunu da NATO istiqamətinə yön alan müsbət siyasi gediş kimi qiymətləndirmək olar. 2002-ci ildən etibarən 30-dan çox Azərbaycan zabiti NATO-nun mənzil qərargahında və qurumlarında xidmət aparıb. Azərbaycan və hərbi alyans arasında mina və partlamamış silah-sursatların təmizlənməsinə dair “Saloğlu” və “Ceyrançöl” layihələri kimi praktiki layihələr uğurla həyata keçirilib. 2002-ci ildən Azərbaycan NATO-nun Əfqanıstandakı missiyalarında fəal iştirak edib. 2015-ci ildən 2021-ci ilin avqustuna qədər Azərbaycan Əfqanıstanda “Qətiyyətli Dəstək” missiyasında iştirak edib. 120 Azərbaycan hərbçisi Kabilin beynəlxalq hava limanında xidmət edirdi. Əfqanıstanda baş vermiş son hadisələr zamanı Azərbaycan hərbçiləri hava limanında təhlükəsizliyin təmin olunmasına və əhalinin təhlükəsiz təxliyəsinin təşkil edilməsinə böyük töhfə verib. 2017-2020-ci illərdə Azərbaycan NATO-Rusiya və ABŞ-Rusiya arasında yüksək vəzifəli hərbçilərin 7 görüşünə ev sahibliyi edib. Görünən odur ki, Azərbaycan-NATO əməkdaşlığı bundan sonra daha da dərinləşəcək. Münasibətlərin perspektivi tərəflər üçün faydaları artıracaq.

Millət vəkili Cavid Osmanov “Şərq”ə deyib ki, NATO baş katibinin Azərbaycan Prezidentinə zəngi ölkəmizin artan nüfuzunu, beynəlxalq münasibətlər sistemində tutduğu önəmli yeri tutur. Deputat vurğulayıb ki, Azərbaycan hərbi alyansın etibarlı tərəfdaşı olduğunu bir çox addımları ilə sübut edib:

 “Prezident İlham Əliyev hər zaman deyib ki, imzamız sözümüz qədər dəyərlidir. Rəsmi Bakı hərbi alyansla bir çox sahədə sıx əməkdaşlıq edir. Sülhməramlı qüvvələrimiz Əfqanıstanda, İraqda və digər bölgələrdə yüksək səviyyədə fəaliyyət göstəriblər. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsində də mühüm rol oynayır. Ölkəmiz dünyada etibarlı tərəfdaş kimi özünü sübut edib. NATO baş katibi də bunu yüksək qiymətləndirdi. Azərbaycan Qoşulmama Hərəkatının üzvü olmasına baxmayaraq, NATO-nun müvafiq qurumları və proqramları çərçivəsində əməkdaşlığını davam etdirir. 2022-ci NATO ilə Azərbaycan arasında əməkdaşlığın 30-cu ildönümüdür”. Parlament üzvü vurğulayıb ki, Vətən müharibəsində qazandığımız Zəfərdən sonra Azərbaycanın regionda yaratdığı reallıq NATO tərəfindən də qəbul edildi. Alyansın bu ilin iyun ayında Brüsseldə keçirilmiş Zirvə görüşünün yekun mətnindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə istinad edən bənd çıxarıldı: “Azərbaycan və NATO arasında praktiki əməkdaşlığın əsas istiqamətlərini müdafiə və təhlükəsizlik sektorunda islahatlar, beynəlxalq əməliyyatlarda iştirak, fövqəladə hallara hazırlıq, təhlükəsizlik ilə əlaqəli olan elmi və ekoloji məsələlər təşkil edir”.