Xocalı unutdurmayacaq!

Hərbi müstəvidə müharibə bitsə də, informasiya sahəsində savaşımız davam etməkdədir

"Xarici ölkələrdə təşkil etdiyimiz tədbirlərdə müasir vasitələrdən istifadə olunmalıdır. Çağırışlarımız dünya xalqlarının anlaya biləcəyi tərzdə olmalıdır"

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

Xocalı soyqırımı Ermənistan hərbçilərinin dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri hərbi cinayətlərin ən dəhşətlisidir. Bu qətliamdan bir neçə gün əvvəl - 1992-ci ilin fevralın 17-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində yerli azərbaycanlı əhalini kütləvi qırğına məruz qoyub. Öz cinayətlərini misli görünməmiş qəddarlıqla davam etdirərək, fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində soyqırımı törədiblər. Ağır hərbi texnikanın tətbiqi ilə davam edən qırğınlar nəticəsində Xocalı şəhəri tamamilə dağıdılaraq yerlə-yeksan edilib. 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər azərbaycanlı öz milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib. Ağlasığmaz qəddarlıqla 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Azğınlaşmış hərbiçilər insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıblar. Hamilə qadınların qarınlarını yarıb, insanları diri-diri torpağa basdırıb, yandırıblar. Meyitlərin bir qismini minalayıblar. Şaxtalı havada əl-ayağı yalın mülki əhaliyə belə aman verilməyib. Onlar təqib edilərək yollarda, meşələrdə Ermənistan hərbi qulluqçuları tərəfindən xüsusi amansızlıqla qətlə yetiriliblər. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bugünədək məlum deyil. 

2020-ci ilin sentyabr ayında Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsində Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq əzəli torpaqlarını 30 illik işğaldan qurtardı. Dünya birliyi tərəfindən tanınan sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Muharibənin bitməsinə və təcavüzə son qoyulmasına baxmayaraq, bugünədək azad edilmiş torpaqlarda hələ də günahsız insanlar şəhid olur. Çünki həm 30 illik işğal dönəmində, həm də Azərbaycan torpaqlarını tərk edərkən Ermənistan bura yüz minlərlə mina yerləşdirib.

 Erməni revanşistləri sərsəm bəyanatlarla xalqı region üçün son dərəcə zəruri olan sülhə deyil, yeni müharibəyə çağırırlar. Ermənistan siyasi və dini dairələri beynəlxalq qurumlara və dini təşkilatlara müraciət edərək işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın guya xristian abidələrini məhv etməsi barədə yalançı və böhtan xarakterli dezinformasiyalar yayırlar. Qarabağda Ermənistanın törətdiyi vandalizmdən diqqəti yayındırmaq məqsədilə əsl həqiqətləri pərdələməyə çalışırlar. O baxımdan Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticələrini, işğal edilmiş ərazilərdə Ermənistan tərəfindən törədilmiş vandalizm haqqında həqiqətləri bütün miqyası və dəhşətləri ilə dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Xüsusilə Xocalı qətliamının soyqırımı kimi tanınmasına nail olmaq şəhidlərin ruhu qarşısında insanlıq borcumuzdur. Ötən dövr ərzində Prezident İlham Əliyevin göstərişi ilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün  mühüm tədbirlər həyata keçirilib. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb. 

Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu böyük xidmətlər göstərib. Şübhəsiz, bu işdə diaspor təşkilatlarının üzərinə böyük vəzifə və fədakarlıq düşür. Hər il fevralın 26-da faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən ürəkağrısı ilə qeyd olunur. Artıq ikinci ildir ki, anım gününü qalib ölkənin vətəndaşları kimi qeyd edirik. Ədalətin öz yerini tutması və Xocalı faciəsinin bütün dünyada soyqırımı kimi tanınması üçün müxtəlif xarici ölkələrdə tədbirlər keçirilir, anım gününə hazırlıq görülür. 
Belçika və Niderlandda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək. Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçinin sözlərinə görə, anım tədbirləri Azərbaycan-Belçika Dostluq Cəmiyyəti, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi və Gent Türk Ocağının təşkilatçılığı ilə reallaşacaq. Tədbirlər fevralın 24-də Belçikanın paytaxtı Brüsseldə, fevralın 25-də Belçikanın Gent şəhərində, fevralın 26-da isə Niderlandın Haaqa şəhərində baş tutacaq. Kanadada yaşayan həmvətənlilərimizin övladları da 25 fevralda məktəbə getməyəcəklər. Toronto Şəhər Təhsil Mərkəzinin Azərbaycan Dili müəllimi və sinif rəhbəri Yeganə Cəfərova deyib ki, Xocalı soyqırımı haqqında məktub hazırlayaraq uşağı məktəbə gedən həmvətənlilərimizə göndəriblər: “Bu il 26 fevral həftənin altıncı gününə təsadüf etdiyi ücün valideynlər 25 fevralın matəm günü olduğunu bildirən məktubu uşağın getdiyi məktəb rəhbərliyinə təqdim edəcəklər. Bir gün öncə, yəni 25 fevralda azərbaycanlı uşaqlar məktəbə getməyəcək. Bu yolla Xocalı soyqırımını Kanada ictimaiyyətinə və həm də təhsil sistemində çalışan insanlara çatdırmaqdır əsas məqsədimiz. Məktuba Xocalı faciəsini əks etdirən video və linklər də əlavə etmişik”. Xatırladaq ki, artıq bir neçə ildir Kanadadakı soydaşlarımız bu formada kampaniya aparır. Bu il bütün Kanada əyalətlərində bu iş həyata keçiriləcək. 
Ukraynanın paytaxtı Kiyev küçələrində Xocalı soyqırımından bəhs edən lövhələr quraşdırılıb. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Ukrayna Azərbaycanlıları Radasının təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Kiyevin mərkəzi küçələrində Xocalı soyqırımından bəhs edən reklam lövhələri asılıb. Reklam lövhələrinin quraşdırılmasında məqsəd Ukrayna ictimaiyyətinə və xarici vətəndaşlara Xocalı soyqırımı haqqında məlumat verməkdir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Şimali Kipr Türk Cümhuriyyətində də beynəlxalq konfrans keçiriləcək. Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin məlumatına görə, fevralın 26-da keçiriləcək konfransda ŞKTC-nin prezidenti Ersin Tatar, dövlət rəsmiləri, millət vəkilləri, azərbaycanlı, türk tələbələr, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak edəcəklər. Girnə Amerikan Universitetinin Konqres Mərkəzində düzənlənəcək konfransa Azərbaycan nümayəndə heyəti də qatılacaq. 

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri, gənc fəal Fərid Şahbazlı “Şərq”ə bildirib ki, artıq iki ildir Xocalı soyqırımının ildönümü qalib ölkənin, ərazi bütövlüyü təmin olunmuş bir dövlətin vətəndaşları kimi anılır. Birlik rəhbəri qeyd edib ki, hərbi müstəvidə müharibə bitsə də, informasiya sahəsində savaşımız davam etməkdədir:

 “Xocalı soyqırımı çərçivəsində həyata keçirdiyimiz tədbirlər də Azərbaycanın hərbi müstəvidə qazandığı uğurları diplomatik qələbələrlə möhkəmləndirməyə yönəlməlidir. Qarabağdakı böyük zəfərimizi gücləndirməliyik. Xarici ölkələrdəki tədbirlərin mahiyyəti daha çox bununla bağlı olmalıdır. İlk növbədə Xocalı soyqırımının törədilməsi, insanlıq əleyhinə dəhşət dünya ictimaiyyətinə açıqlanmalıdır. Həmçinin, işğaldan azad edilmiş ərazilərimizdəki erməni vandalizmi haqqında xarici ölkələrin auditoriyasına təfsilatlı məlumatlar verilməlidir. Hazırda Xocalıda Rusiya sülhməramlıları yerləşdirilib. Tədbirlərdə bunun müvəqqəti olduğunu, yaxın dövrdə bölgənin Azərbaycanın nəzarətinə keçəcəyini vurğulamaq lazımdır. Azərbaycan Qarabağ məsələsində və ermənilərin cinayətlərində qətiyyən güzəştə getməyəcək. Xarici ölkələrdə təşkil etdiyimiz tədbirlərdə müasir vasitələrdən istifadə olunmalıdır. Çağırışlarımız dünya xalqlarının anlaya biləcəyi tərzdə olmalıdır”.