Ermənistanın çoxillik dezinformasiyası ifşa olunacaq

Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması ilə bağlı ciddi iş aparılır


   “44 günlük Vətən müharibəsindən sonra xalqımızın tarixindəki bir çox hadisə və faciələrə, o cümlədən Xocalı soyqırımına yeni nəzərlə baxırıq”. Bu barədə Milli Məclisin sədr müavini Adil Əliyev deyib. Vitse-spiker deyib ki, Vətən müharibəsinədək Xocalı soyqırımı bizim üçün düşmən tərəfindən amansızlıqla törədilmiş qətliam və köməksiz qadın, uşaq və qocaların qətlə yetirilməsi, zülmə və ədalətsizliyə məruz qalmağımız demək idi. Amma böyük Zəfərdən sonra Xocalı soyqırımı təkcə xalqımızın başına gətirilmiş müsibət yox, həm də qələbəmizə gedən yolda xalqımızın düşmənə qarşı nümayiş etdirdiyi qorxmazlıq, barışmazlıq və toparlana bilmək səhifəsi anlamına gəlir: “Xocalı soyqırımının əsas təşkilatçılarından olan Serj Sarkisyan açıq etiraf edir ki, bu cinayəti törətməkdə əsas məqsəd azərbaycanlıları, məhz mülki əhalini, silahsız, dinc insanları qorxutmaq olub. Ermənistan tərəfi Xocalıda soyqırım törətdi, amma həmin məqsədinə nail ola bilmədi və buna görə də strateji baxımdan məğlub oldu. 

Birincisi ona görə ki, Xocalı soyqırımının törədilməsi azərbaycanlıları nəinki qorxutmadı, əksinə, cəbhəyə getmək üçün yeni könüllülər dalğası yaratdı. O zaman çoxlu sayda gənclərimiz Xocalıda qətlə yetirilmiş uşaqların, qadınların və qocaların intiqamını almaq üçün könüllü olaraq cəbhəyə yollandılar. Amma o başqa bir mövzudur ki, həmin dönəmdə vahid komandanlığın olmaması, ölkədə hökm sürən siyasi hərc-mərclik və rəhbərliyin səriştəsizliyi ucbatından Vətən yolunda canını fəda edən çoxlu  gənclərimizin olmasına baxmayaraq, düşmən qarşısında məğlub duruma düşməli və yeni faciələrlə üz-üzə qalmalı olmuşduq. 

İkincisi və ən önəmlisi isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız böyük Zəfər Ermənistanı hər cəhətdən çökdürdü. Azərbaycan xalqının Xocalı soyqırımından sonra nəinki sınmadığını, hətta daha güclü şəkildə toparlandığını göstərdi”. 

A.Əliyevin sözlərinə görə, Xocalı soyqırımı ədalətsizlik, Zəfərimiz isə ədalətin bərpasıdır: “Amma biz mülki insanlardan qisas almadıq, ədaləti ləyaqətlə bərpa etdik. Vətən müharibəsində Azərbaycan Ordusunun qarşı tərəfdəki dinc əhaliyə münasibətdə ləyaqətli davranışı və düşmən hərbçilərlə müharibə qaydalarına uyğun rəftarı Xocalı soyqırımını törədən Ermənistanın mənəvi acizliyini bir daha ortaya qoydu. Azərbaycanın isə mənəvi-psixoloji qüdrətini, humanizmə, ləyaqətə və ümumbəşəri dəyərlərə sədaqətini praktiki olaraq təsdiq etdi. Xocalı soyqırımı Azərbaycan xalqının strateji səbrinin sınağı idi və xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə bu sınaqdan üzüağ çıxdı. Xocalı faciəsi tarixdə Azərbaycan xalqının şuruna və kimliyinə ən çox təsir etmiş hadisələrdəndir. 30 il ərzində bu faciə haqqında çox yazılıb və danışılıb. Amma yenə də hadisənin daha dərindən bəhs və tədqiq edilməli, daha çox diqqət ayrılmalı aspektləri qalır. Bu, xüsusən dezinformasiya və yalan informasiyalar fonunda aktuallıq kəsb edir. Baxmayaraq ki, dezinformasiya və yalan xəbərlər dünyada daha çox internetin və sosial şəbəkələrin yaranması ilə aktuallaşıb, Azərbaycana qarşı dezinformasiya kampaniyalarının tarixi daha əvvələ gedir. Xocalı soyqırımı ətrafında Ermənistan və onun beynəlxalq havadarları tərəfindən aparılan dezinformasiya və manipulyasiya əməlləri bunu açıq şəkildə göstərir. Belə əməlləri sübut edən bir neçə məqama diqqət edək”.

Parlament sədrinin müavini deyib ki, Serj Sarkisyan müsahibəsində Xocalıda törədilən vəhşilikləri “Bakı və Sumqayıtdan olan erməni oğlanların” adına yazmaqla həm hadisənin mahiyyətini təhrif edib, həm də dinc əhaliyə qarşı törədilmiş qəddar cinayətin miqyasını kiçiltmək üçün cılız cəhd göstərib:

 “Lakin 613 nəfərin qətlə yetirildiyi bir dəhşətin miqyasını kiçiltmək mümkün deyil. Elə bir onu demək kifayətdir ki, faciədən 2-3 gün sonra, martın 1-də 366-cı alayın ərazidən çıxarılmasına başlanmış və 10 gün sonra alay, ümumiyyətlə ləğv edilmişdir. Səbəb sadədir. Heç bir dövlət, heç kəs özünün bu dəhşətli, böyük miqyaslı qətliamla əlaqələndirilməsini, adının hallanmasını istəmirdi. 366-cı alaydan söz düşmüşkən bir sual doğuran məqamı daim diqqətdə saxlamalıyıq. 366-cı alayın Qorbaçov hakimiyyətə gəldikdən sonra Şəmkirdən Xankəndinə köçürülməsi və məhz Xankəndi-Şuşa yolu üzərində yerləşdirilməsi o dövrün heç bir hərbi-strateji məntiqinə və meyarlarına nəinki uyğun gəlmir, hətta ziddir. Hərbi ekspertlər də bu müəmmanın səbəbini izah etməkdə hələ də çətinlik çəkirlər.

Beləliklə, erməni dezinformasiya maşını bir tərəfdən Xocalı soyqırımını ört-basdır etməyə, digər tərəfdən isə Sumqayıt hadisələrinin təhrif olunmuş variantını qabartmağa çalısır. Bu məsələdə erməni lobbisi və müxtəlif təşkilatlar və şəxslər də  Ermənistana ciddi dəstək verir. Misal üçün, elə Sarkisyanla həmin müsahibəni aparmış Tomas de Vaal deyir ki, o, Xocalı haqqında mətbuata şərh və ya müsahibə vermək istəmir. Bu mövqeyini onunla izah edir ki, Xocalıya təkcə bir hadisə kimi baxılmamalı, digər hadisə və proseslərlə kontekstləşdirilməlidir. Sadə dildə desək, Tomas de Vaal da Xocalını təhrif edərək onu hansısa hadisələrin uydurulmuş və ya təhrif edilmiş versiyasına cavab olaraq nəzərdən keçirilməsini təlqin edir.
Xocalı soyqırımının təhrif edilməsi və dezinformasiya işinin aparılması onun beynəlxalq səviyyədə tanınmasına əngəl törətməyə xidmət edir. Buna baxmayaraq, Azərbaycan Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması ilə bağlı ciddi iş aparır və artıq əhəmiyyətli nəticələr də əldə olunub. ABŞ-da 30 artıq ştatın parlamenti və qubernatorları, Çexiya, Sloveniya, Şotlandiya kimi Avropa ölkələrinin parlamentləri, digər dövlətlərin qanunverici orqanları Xocalı soyqırımına dair qətnamələr qəbul etmişlər. Bir sıra beynəlxalq təşkilatlar da bu barədə sənədlər qəbul ediblər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən ”Xocalıya ədalət” kampaniyası Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınmasında son dərəcə mühüm rol oynayıb və Ermənistan tərəfinin yuxarıda qeyd edilən çoxillik dezinformasiya və təhrif fəaliyyətinə sarsıdıcı zərbə endirib”.