İndiki seçim daha şəffaf olacaq


"Bu dəfə azərbaycanlı gənclər dünyanın “TOP-500”-ündə yer alan universitetlərdə oxumağa göndərilsin"

"Xaricə təhsil üçün gedənlərlə müqavilə bağlanmalıdır ki, geri qayıdarkən dövlətin müəyyənləşdirdiyi sahələrdə ən azı 5 il çalışsınlar"

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

Prezident İlham Əliyevin fevralın 28-də gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramını təsdiqləyib. Xaricdə təhsil proqramı üzrə üstünlük veriləcək prioritet ixtisaslar da açıqlanıb. Sənədə əsasən, sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə ixtisas sahələrinin siyahısı hazırlanacaq. Dövlət Proqramının icrası zamanı - informasiya texnologiyaları, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, nəqliyyat və logistika energetika, arxitektura, dizayn və s. sahələrə üstünlük veriləcək. Təhsil Nazirliyi sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və icrasının gedişi barədə ildə bir dəfə Prezidentə məlumat verməlidir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Təhsil Nazirliyinin sifarişi əsasında İqtisadiyyat Nazirliyi həyata keçirəcək. Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair həyata keçirilən proqramın monitorinqi də aparılacaq. Prosesə nəzarət Dövlət Proqramının idarəetmə qrupu vasitəsilə həyata keçiriləcək. Monitorinq və qiymətləndirmə aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına, müvafiq prioritetlə bağlı gözlənilən nəticələrə və indikatorlara diqqət yetiriləcək, icra müddətinə uyğunluq yoxlanılacaq. Gənclərin xaricdə təhsilinin hansı formada maliyyələşdiriləcəyi açıqlanıb. Azərbaycanlı gənclərin xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi qaydası hazırlanacaq. Xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi qaydasında müəyyən ediləcək maliyyələşdirmə mexanizmləri qarşılıqlı məsuliyyət və etimad prinsipinə əsaslanacaq və tərəflərin öhdəlikləri dəqiq müəyyən ediləcək. Qaydada akademik müvəffəqiyyətsizlik və ölkəyə qayıtmamaq riskləri düzgün qiymətləndiriləcək. Bu risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı şərtlər müəyyən ediləcək. Hazırlanacaq qayda gənclərin dövlət hesabına nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almalarına və məzun olduqdan sonra ölkəyə qayıdaraq yüksəkixtisaslı kadr kimi Azərbaycanın dayanıqlı inkişafına töhfə vermələrinə imkan yaradacaq. Proqramın maliyyələşdirilməsi mənbələri də açıqlanıb. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası Neft Fondu, beynəlxalq təşkilatların maliyyə yardımları, kreditlər və qrantlar, xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri vasitəsi ilə reallaşacaq. Dövlət Proqramına əsasən hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil alması nəzərdə tutulur. 

Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə bildirib ki, Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin böyük bir hissəsi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək: 

“Hər bir gəncin mütəxəssis kimi formalaşmasında onun xaricdə aldığı təhsil ciddi rol oynayır. Sözügedən sərəncam gənc nəslin xaricdə yeni bilik və təcrübə qazanmasına öz ciddi töhfəsini verəcək. 

Prezidentin bu sərəncamı Azərbaycanda gənc nəslin savadlı və bilikli yetişməsinin dövlət siyasətində prioritet istiqamətlərdən birini təşkil etdiyini göstərir. Bu həm də Azərbaycanda elmə və biliyə dövlət səviyyəsində verilən dəyərin və önəmin göstəricisidir”.   
Təhsil eksperti Kamran Əsədov da “Şərq”ə bildirib ki, Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncam Azərbaycanda ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması, eyni zamanda ixtisaslı kadrların formalaşması istiqamətində böyük addımdır. Ekspertin sözlərinə görə, bu, dövlət başçısı tərəfindən imzalanmış ikinci sərəncamdır: 

“Birinci dövlət proqramı 2007-2015-ci illərdə azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili ilə bağlı idi. Həmin təhsil proqramında 5000 gəncin xarici ölkələrdə təhsil almağı nəzərdə tutulsa da, 3500 nəfər gənc nüfuzlu universitetlərdə təhsil almağa göndərilmişdi. Hazırda onlar Azərbaycanın əmək bazarında müstəsna fəaliyyətləri ilə xarakterizə olunurlar. Bir sıra özəl sektorlarda rəhbər vəzifələrdədirlər. 2007-2015-ci illərdə xarici ölkələrdə təhsil alan gənclərə 95 milyon manatdan çox vəsait ayrılmışdı. Həmin şəxslər dünyanın aparıcı ali təhsil ocaqlarında Azərbaycanın əmək bazarında ehtiyac olan ixtisaslar üzrə təhsil almışdılar. İndi tamamilə fərqli istiqamət seçilib. 2015-ci ildə təhsilə başlamış tələbə 2022-ci ildə məzun olur. Zəncirin qırılmaması və dayanıqlı iqtisadiyyatın formalaşması üçün xarici ölkələrdə təhsil almış gənclərə böyük ehtiyac var. Budəfəki proqramda tamamilə fərqli və spesifik ixtisaslara yer verilib. Hansı sahədə mütəxəssislərə ehtiyac duyulursa, onların hazırlığına, yetişdirilməsinə üstünlük verilir. Hazırda neft-qaz mühəndislərinə, hüquqşünaslara o qədər də ehtiyacımız yoxdur”. 
K.Əsədov vurğulayıb ki, proqramdan gözləntilər böyükdür: “Təklif edirəm ki, bu dəfə azərbaycanlı gənclər dünyanın “TOP-500”-ündə yer alan universitetlərdə oxumağa göndərilsin. İnanırıq ki, indiki seçim daha şəffaf olacaq. 2007-2015-ci illərdə əfsuslar olsun ki, şəffaflığı görmədik. Ölkəmizin 51 universitetimizdə 187 min tələbə təhsil alır. Bu, kifayət qədər ciddi rəqəmdir. Xarici ölkələrə ona görə gəncləri göndəririk ki, onlar Azərbaycanda iqtisadiyyatın, xidmət sektorunun, informasiya texnologiyalarının inkişafına öz töhfələrini verə bilsinlər. Xaricə təhsil üçün gedənlərlə müqavilə bağlanmalıdır ki, geri qayıdarkən dövlətin müəyyənləşdirdiyi sahələrdə ən azı 5 il çalışsınlar. Özləri könüllü surətdə istədikləri işlə məşğul olmasınlar”.