Azərbaycanda savadlı dini kadrlara ehtiyac böyükdür

İlahiyyat İnstitutunun yaradılması və daha müasir standartlara cavab verən yeni binaya köçürülməsi çox təqdirəlayiqdir

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

  Dünyanın bir çox ölkəsində ksenofobiya, islamofobiya, antisemitizm, irqi ayrı-seçkilik tüğyan edir. Lakin Azərbaycan müxtəlif millətlərin və dinlərin nümayəndələrinin qardaşlıq və həmrəylik şəraitində yaşadığı nadir dövlətlərdən biridir. Ölkəmizdəki bu tolerant mühitin yaradılması və inkişafı bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər, həmçinin müstəqil Azərbaycanda möhkəm dayaqlara əsaslanan dövlət-din münasibətləri modelinin də əsasını qoyub. Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra milli-mənəvi dəyərlərimizin qorunması, dini ibadət ocaqlarının bərpası və inşası daim diqqət mərkəzində olub. 

Bu gün də cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində ölkəmizdə dövlət-din münasibətləri ən yüksək səviyyədədir. Ölkə rəhbərinin uzaqgörən siyasəti nəticəsində bütün dünya Azərbaycanı multikulturalizmin və tolerantlığın mərkəzi kimi tanıyır. Dövlətimizin bu siyasətini dünyadakı böyük din mərkəzləri də rəğbətlə qarşılayırlar. Böyük nüfuz sahibi bir çox dini lider Azərbaycanın müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh şəraitində yaşadığı ölkə olduğunu vurğulayıblar. Birgəyaşayış ənənəsinin ölkəmizin haqlı olaraq fəxr edə biləcəyi dini dözümlülük və qarşılıqlı anlaşma sayəsində mümkün olduğunu bildiriblər. Təəssüflə qeyd edirik ki, müasir dünyanın bir çox yerində dini dəyərləri istismar edən radikal qüvvələrin destruktiv fəaliyyətinə şahid oluruq. O baxımdan dünya dinlərini, o cümlədən islamı, xristianlığı və yəhudiliyi elmi əsaslarla tədris edən təhsil müəssisələrinə ciddi ehtiyac var. Belə müəssisələrin mövcudluğu ali dini və bəşəri dəyərlərin insanlara çatdırılması, eləcə də dini fanatizmin və radikalizmin qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir. Məhz o səbəbdən 2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutu yaradıldı. Aprelin 11-də Prezident İlham Əliyev İlahiyyat İnstitutunun yeni binasının açılışını etdi. Dövlət başçısına məlumat verildi ki, İnstitutda İlahiyyat fakültəsi, Dinşünaslıq, İslamşünaslıq, Dillər və ictimai fənlər kafedraları fəaliyyət göstərir. İnstitutda ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə yüksəkixtisaslı kadrlar hazırlanır. Hər üç səviyyədə təhsil dövlət sifarişinə əsasən həyata keçirilir. İnstitutda dinşünaslıq və islamşünaslıq istiqamətlərinin müxtəlif fənləri ilə yanaşı, sosial və humanitar fənlər, həmçinin ingilis, ərəb və ibri dilləri tədris olunur. 

Azərbaycanda dini tədris və tolerantlıq mühiti ilə bağlı “Şərq”ə danışan ilahiyyatçı-alim, “İbrət” ictimai-dini dərgisinin baş redaktoru Hacı Atif İsmayılov bildirib ki, islam dini ilə bağlı cəmiyyətimizin düzgün maariflənməsi üçün savadlı dini kadrlara ehtiyac böyükdür. Ekspert bəyan edib ki, din xadimləri ilə din alimlərini bir-birindən fərqləndirmək lazımdır: 

"Ölkəmizdə din xadimləri kifayət qədərdir. Ziyarətgahlarımızda, ocaqlarımızda, hətta bəzi məscidlərimizdə din xadimlərini görə bilərik. Onlar müəyyən dini məsələlərlə bağlı xidmət göstərirlər. Hətta bəzilərinin dini bilikləri olmasa belə, öz əxlaqları və xoş niyyətləri ilə ziyarətgah kimi yerlərdə fəaliyyətlərini davam etdirirlər. Ancaq dini alimlər başqadır və bu gün ölkədə ethiyac duyduğumuz məhz həmin alimlərdir. Ona görə də islam alimlərinin yetişdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan İlahiyyat İnstitutunun yaradılması və daha müasir standartlara cavab verən yeni binaya köçürülməsi çox təqdirəlayiqdir. Alimlər dinin bütün dərinliklərini mükəmməl bilməklə yanaşı, həm də islamı düzgün təbliğ etməyin, insanlara çatdırmağın yollarını da bilməlidir. Din alimlərinin cəmiyyətə verdiyi töhfə olduqca mühümdür. İlahiyyat İnstitutunun da əsas məqsədi bu cür alimlər yetişdirməkdir. Ümid edirik, institutun məzunları tələb olunan kriteriyalara cavab verəcəklər”. 

İlahiyyatçı Əkrəm Həsənov da “Şərq”ə bildirib ki, İlahiyat İnstititunun yeni binasının açılışı ölkə rəhbərliyinin dinimizə, milli-mənəvi dəyərlərimizə necə böyük qayğı ilə yanaşdığının əyani sübutudur. Ekspertin sözlərinə görə, Azərbaycanda vacib məqamlardan biri də islam dininin elmə, məntiqə söykənərək öyrənilməsi, tədqiq edilməsidir:

“İlahiyat İnstititu məhz bunu həyata keçirir. Müasir dövrdə din sahəsinə səhlənkar yanaşmaq doğru deyil. Çünki belə halda xurafat, cəhalət, radikalizm meyilləri arta bilər. Ölkədə dini təhsilin fəaliyyəti daha da gücləndirilməlidir. İlahiyat İnstitutunun dini təhsillə yanaşı dünyəvi elmlərə də üstünlük verməsi olduqca önəmli nüansdır. Orta və ali təhsil ocaqlarında dinin ümumi nəzəriyyələri, əsas qayələri gənclərə öyrədilməlidir. Gənc və savadlı ilahiyyatçı kadrlar dinimizin yad təsirlərdən qorunmasına töhfə verməlidirlər”.