“Şərq“ də “Redaksiyanın yaradılıcılıq prinsipi və siyasəti” istiqamətində MÜZAKİRƏ... – FOTOLAR


Bu gün “Şərq” qəzetinin redaksiyasında Medianın İnkişafı Agentliyinin təqdim etdiyi “Redaksiya siyasəti və peşə etikası qaydaları” müzakirə edilib.

 Müzakirədə cəmiyyəti informasiya ilə təmin etmək öhdəlikləri daşıyan jurnalistlərin vəzifələri və məsuliyyəti ön plana çəkilib.

 Vurğulanıb ki, Medianın inkişafı Agentliyi, Audiovizual Şurası, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin mütəxəssisləri, jurnalist təşkilatları və digər ekspertlərin prosesə cəlb edilməsi ilə media subyektləri üçün “Redaksiya siyasəti və peşə etikası qaydaları” nümunəsi hazırlayıb təqdim ediblər. 

Redaksiya rəhbərliyinin qərarı ilə müzakirələr “Redaksiyanın yaradılıcılıq prinsipi və siyasəti” istiqamətində aparılıb. Sənəddə göstərilən ümumi prinsiplər, jurnalistin peşə etikası və digər məsələlər müzakirə edilib. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı sənəddə əksini tapan məqamları diqqətə çatdırıb. 

Qeyd olunub ki, Agentliyin tövsiyə etdiyi qaydalar Azərbaycan jurnalistikasına öz töhfələrini verəcək. Diqqətə çatdırılıb ki, hər bir jurnalist redaksiya siyasətinə və peşə etikası qaydalarına əməl etməlidir. O cümlədən, “Şərq Media Qrup” MMC-yə daxil olan “Şərq” qəzeti, “sherg.az” saytı və “Şərq TV”nin hər zaman obyektivlik, dəqiqlik, qərəzsizlik prinsiplərinə sadiq qaldığı və bundan sonra da qalacağı vurğulanıb. 

Bəyan edilib ki, dünyanın aparıcı media qurumları redaksiya siyasətini müəyyənləşdirən, etik norma, davranış qaydalarını özündə ehtiva edən kodekslərə malikdir. 

Bu kodekslər media qurumunun missiyasını, ictimai məqsədlərini, fəaliyyətində söykəndiyi və rəhbər tutduğu dəyərləri, standartları, prinsipləri ictimaiyyət üçün aydınlaşdırır. Redaksiyalara təqdim olunan nümunədə də ümumi prinsiplər, xəbər və şərh, xəbər mənbələri ilə iş, təkzib və düzəlişin necə verilməsi yer alıb. 

Təqdimatdan sonra əməkdaşlar qaydalarla bağlı fikirlərini bölüşüblər, təkliflərin mütləq nəzərə alınacağını deyiblər. Qaydaların informasiyanın toplanması və qüsursuz çatdırılmasında müsbət rol oynayacağı vurğulanıb.