Mediaya ciddi dəstək verildi

“Dövlət rüsumunun 10 dəfə azaldılmasını mətbuata qayğının təzahürü kimi qiymətləndirmək olar” 

“Televiziyalar verilişləri təkmilləşdirməli və ekrana yaxşı layihələr çıxartmalıdırlar”

Azərbaycanda media üçün dövlət rüsumu 10 dəfə azaldılıb. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Qanunun 22-ci maddəsinə görə, “ümumrespublika televiziya yayımı”, “ümumölkə yerüstü televiziya yayımçısı” ifadəsi ilə əvəz edilərək dövlət rüsumunun məbləği 50 min manatdan 5 min manata qədər endirilib. Bundan başqa, qanunla audiovizual media fəaliyyətinə dair yeni dövlət rüsumları müəyyənləşib. 

Lisenziya ilə bağlı dövlət rüsumunun azaldılmasına münasibət bildirən tanınmış media mütəxəssisi, telejurnalist, professor Qulu Məhərrəmli hesab edir ki, televiziyalar üçün dövlət rüsumunun 10 dəfə endirilməsi çox müsbət addımdır. Professorun sözlərinə görə, qanun layihəsinin təsdiqlənməsi ilk növbədə televiziyaların xərclər siyahısında ciddi dəyişikliyə səbəb olacaq: “Televiziyaların lisenziya üçün 50 min əvəzinə 5 min manat ödəməsi kifayət qədər ciddi fərqdir. Bu, imkan verəcək ki, yerdə qalan maliyyə digər məsələlərə, o cümlədən əməkdaşların maaşlarına yönəldilsin. İndiki şəraitdə 45 min büdcə fondunu formalaşdırmaq, dizayn və montaj proqramlarını təkmilləşdirmək, studiya tərtibatları qurmaq üçün heç də az pul deyil. Dövlət rüsumunun yüksək olması ilkin xərc kimi televiziyalar üçün problemlər yaradırdı. Rüsumun 10 dəfə azaldılması ciddi dəstəkdir. Bunu ümumən mediaya qayğının təzahürü kimi qiymətləndirmək olar”. 

Q.Məhərrəmli televiziyalarda peşəkarlığın artırılmasına ehtiyac olduğunu vurğulayıb:

 “Cəmiyyət informasiyanın bir hissəsini televiziyalardan alır. Bununla yanaşı, televiziyalardan peşəkarlıqla, proqram siyasəti ilə bağlı narazılıqlar var. O baxımdan televiziyalar verilişləri təkmilləşdirməli və ekrana yaxşı layihələri çıxartmalıdırlar. Televiziya təkcə texnoloji deyil, peşəkarlıq cəhətdən də inkişaf etməlidir”.