Hökumət çap mediasına dəstək verdi


Medianın İnkişafı Agentliyində aparılan müzakirələr öz nəticəsini verdi

Baş nazir Əli Əsədov Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin nəşri ilə bağlı kağızın idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi haqqında qərar imzalayıb. Qərara əsasən, bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq. Ekspertlərə görə, Nazirlər Kabinetinin sözügedən qərarı ölkədə media sahəsində həyata keçirilən islahatların tərkib hissəsi kimi və çap mediasının fəaliyyətinin stimullaşdırılması baxımından çox böyük əhəmiyyətə malikdir. Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli vurğulayıb ki, çap məhsullarının hazırlanması üçün lazım olan kağızın əlavə dəyər vergisindən azad edilməsi xüsusilə çap mediasının inkişafına müsbət impuls verəcək. Onun sözlərinə görə, bu məsələ dəfələrlə Medianın İnkişafı Agentliyində müzakirə olunub. Müxtəlif çap mediası rəhbərlərinin və mətbuat yayımçılarının iştirakı ilə qaldırılıb: 

“MEDİA bu məsələyə həssas yanaşıb, qaldırılan rəy və təkliflər tərəfimizdən təhlil olunub, yuxarı instansiyalara bildirilib. Baş nazir tərəfindən siyahının təsdiq edilməsi o deməkdir ki, qəzet kağızı da ƏDV-dən azad olunub, bu nəşriyyatların işinə müsbət təsir göstərəcək və çap mətbuatının maya dəyərinin, hesabat xərclərinin azalmasına gətirib çıxaracaq. Bu, media islahatları çərçivəsində görülən silsilə tədbirlərdən biridir. Media subyektlərinin iqtisadi müstəqilliyinin daha da möhkəmləndirilməsi istiqamətində digər addımlarımız da olacaq”. 

Millət vəkili, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas bildirib ki, bu qərar çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini əsaslı azaltmaqla inkişafına təkan verəcək: 

“Məsələ ilə bağlı ölkənin çap mediası subyektləri rəhbərləri ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində aparılan müzakirələr və yayım şirkətləri ilə görüşlərdə səsləndirilən fikirlər bu yanaşmanı dəstəkləyir. Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişiklik və bu gün imzalanan qərar medianın iqtisadi dayanıqlılığının artmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Qəzet kağızının 1 tonunun qiyməti 900 dollardır. 18 faiz ƏDV-nin ləğvi qəzetin hər tonunda 162 dollar, başqa sözlə 288 manatdır. Beləliklə, 18 faiz ƏDV-nin ləğvi qəzetlərə böyük dəstək olacaq”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Azərbaycan hökumətinə dəstəyə görə dərin minnətdarlığını bildirib. Baş redaktor vurğulayıb ki, son 1 il ərzində ölkənin çap mediasında həm forma, həm də məzmun baxımından ciddi dəyişikliklər baş verir: 

“Bunu görmək üçün köşklərə yaxınlaşıb, qəzet almaq yetərlidir. Etiraf edim ki, öz işimdən indi daha çox zövq alıram. Çünki yaradılan imkanlar, verilən dəstək sayəsində redaksiya kollektivinin yaradıcı potensialını realizə etmək, gözlə görünəcək qədər dəyişikliklərə nail olmaq mümkün olub. İndi hər həftə səbirsizliklə qəzetimizin çapdan çıxmasını gözləyirəm. Növbəti sayda həmkarlarımla birlikdə edəcəyimiz yeniliklər haqqında düşünürəm. İndi qəzetlərimiz cəmiyyətin “rənglərini” tam olmasa da, əks etdirə bilir. Daha yaxşı olacağına isə şübhə etmirəm”.