Artıq bütün dünya etiraf edir

Azərbaycan multikulturalizm, tolerantlığın mərkəzlərindən biridir

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;


   Dini dözümlülük və multikulturalizm Azərbaycanda qədim köklərə malikdir. Milli dəyərlərimizlə həmahəng olan tolerantlıq bu gün digər xalq və millətlər, müxtəlif dövlətlər üçün nümunəyə çevrilib. Başqasının mədəniyyətinə, dünyagörüşünə, dini inancına hörmət etmək, anlayış göstərmək yüksək insani keyfiyyətdir. 

Bu həm də öz dəyərlərini tanıtmağın, təbliğ etməyin bir yoludur. Dünyanı bürüyən sosial gərginliklər, dini qarşıdurmalar və müxtəlifliyə qarşı dözümsüzlük halları yaşadığımız dövrün aktual anlayışı olan tolerantlığı tez-tez gündəmə gətirir. Tolerantlıq artıq sadəcə müxtəlif xalqlar arasında münasibətlərin tənzimlənməsi deyil, dövlətlər səviyyəsində xüsusi siyasi kurs kimi tətbiq edilən bəşəri bir dəyərə çevrilib. Tarixi mövqedən yanaşdıqda, tolerantlıq anlayışının əvvəllər daha çox qarşılıqlı münasibətlərdə ehtiva olunduğunu, indi isə xüsusi qanunlarla tənzimləndiyini, müxtəlif təşkilatlar və qurumlar tərəfindən qəbul olunan sənədlərdə vacib müddəa kimi öz əksini tapdığını görərik. Respublikamızda dinlərarası dialoq və əməkdaşlıq sahəsində əldə olunmuş təcrübə xarici ölkələr tərəfindən yüksək qiymətləndirilir. Roma patriarxı I Varfolomey 2003-cü ilin aprel ayında ölkəmizə iki günlük səfəri zamanı əminliklə qeyd etmişdi ki, Azərbaycanda dinindən, dilindən, millətindən asılı olmayaraq bütün insanların bir-biri ilə ünsiyyəti və dövlətin onlara münasibəti nümunəvidir. “Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir”.

 Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyacı, problemləri ilə yaxından maraqlanır. Azərbaycanda milli azlıqların ictimai həyatın bütün sahələrinə inteqrasiyasına, onların dini əqidə azadlığının təminatına, öz mədəniyyət və dillərini inkişaf etdirmələrinə hər çür şərait yaradılır. Azərbaycandakı nadir din-dövlət münasibətləri modeli daim dünyanın aparıcı dövlətlərinin nümayəndələri tərəfindən də yüksək qiymətləndirilir. Çıxışlarında bildirirlər ki, Azərbaycanda dinlər arasında tolerantlıq münasibətləri bütün Avropa ölkələri üçün pozitiv bir misal ola bilər. Ötən gün Bakıda “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” adlı beynəlxalq konfransda da bu məqam xüsusi vurğulanıb. Qeyd olunub ki, Azərbaycanda bütün dinlərə və inanclara hörmət var. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bəyan edib ki, Azərbaycanda əhalinin dini tərkibinə görə müsəlmanlar üstünlük təşkil etsə də, bütün dinlərin nümayəndələrinə eyni mövqedən yanaşılır. Onun sözlərinə görə, Azərbaycan dini, irqi və etnik zəmində ayrı-seçkilik, anti-semitizmin heç vaxt qeydə alınmadığı dövlətlər sırasında mühüm yer tutur: “Azərbaycandakı etnik-dini müxtəliflik ölkənin müəyyən bir hissəsi ilə məhdudlaşmır. Etnik-dini müxtəliflik ölkənin bütün ərazisi üzrə paylanıb ki, bu da tarix boyu ərazimizdə mövcud olmuş müxtəlif xalqların qarşılıqlı hörmət və anlayış şəraitində yaşamalarının göstəricisidir. Məhz dərin tarixi köklərə dayanan və bu günə qədər inkişaf edərək cəmiyyətin gündəlik həyat tərzinə çevrilmiş birgəyaşayış Azərbaycanda dövlət siyasəti kimi multikulturalizmin ictimai-əsasını təşkil edir. Dini, mədəni kimliklərin müdafiəsi həm qanunvericilikdə, həm də dövlətin siyasi proqram sənədlərində təsbit edilir”. M.Qurbanlı bildirib ki, Azərbaycanda multikulturalizm siyasəti bütün parametrlər üzrə tam dolğunluğu ilə həyata keçirilir: 

"Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda dinlərarası dialoqa və multikulturalizmə həsr olunan xeyli sayda beynəlxalq tədbirlər keçirilir. Dövlət-din münasibətlərinin möhkəmlənməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ölkədə və kənarda böyük rol oynayır. Fond Azərbaycandakı məscid, kilsə və sinaqoqların bərpa və yenidən qurulması ilə bərabər dünyadakı dini-mədəni abidələrin qorunmasında fəal iştirak edir”. 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdulla da bildirib ki, Prezident İlham Əliyev multikulturalizmi Azərbaycan siyasətinin aparıcı əsas xətlərindən biri elan etdi. Azərbaycan multikulturalizmi bir çox ölkələrdə öz sözünü deyə bildi: “Onlarla ali təhsil müəssisəsində Azərbaycan multikulturalizmi adlı fənn tədris olunur. Əslində bu, Azərbaycanı öyrənmək ehtirası idi. Bu fənn özündə bir çox sahəni birləşdirirdi. Ona görə də bir çoxları, o cümlədən xarici dövlətlər bunun vasitəsilə Azərbaycanı öyrənmək istəyirdi. Bu gün multikultural potensialdan istifadə edərək dinlərin, xalqların bir-birinə yanaşmasını böyük nailiyyət kimi qəbul edirik. Hesab edirəm ki, bu istiqamətdə görüləcək işlər hələ var”. 

Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə açıqlamasında vurğulayıb ki, belə tədbirlərin ölkəmizdə keçirilməsi xüsusi əhəmiyyətə malikdir: 

“Mən də həmin tədbirdə iştirak etmişəm. ABŞ və Avropadan, müxtəlif müsəlman ölkələrindən gəlmiş xarici qonaqların Azərbaycan dövləti və rəhbərliyi haqqında fikirlərini eşitmək çox qürurverici idi. Artıq bütün dünya etiraf edir ki, Azərbaycan multikulturalizm, tolerantlığın mərkəzlərindən biridir. 

Ölkəmizdə keçirilən qlobal əhəmiyyətli tədbirlər Azərbaycan həqiqətlərinin təbliği, erməni vəhşiliyinin ifşası baxımından da xüsusi əhəmiyyətə və təqdirə malikdir. Bakıda keçirilən tədbirdə iştirak etmiş xarici qonaqlar öz ölkələrinə qayıtdıqdan sonra Azəraycan haqda müsbət təəssüratlarını bəyan edəcəklər. 

Belə tədbirlər nə qədər çox olarsa, bir o qədər ölkəmizin dünyada imici möhkəmlənər. Azərbaycan təkcə öz xalqı yox, bütün xalqlar üçün dinlərarası dialoqa, müxtəlif mədəniyyətlərarası əməkdaşlığa öz töhfəsini verir. Heydər Əliyev Fondunun rəhbərliyi ilə Vatikandakı katakombalar bərpa olunur. 

Kilsələr, muzeylər təmir edilir. Dünyanın ayrı-ayrı yerlərində dini-tarixi abidələrin bərpasına Azərbaycan öz töhfəsini verir”.