Ən azı 6 il vaxt lazımdır

Meşə sahələrinin bərpası, ağacların böyüməsi, inkişafı illərlə zaman tələb edir

Ekologiya və ətraf mühitin mühafizəsi;

Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, təbii sərvətlərdən səmərəli istifadə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindəndir. Ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən, ətraf mühitin sağlamlaşdırılması məqsədilə ardıcıl işlər həyata keçirilir. Uzun illər ərzində yaranan ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan milli və dövlət proqramları təsdiq edilib, onların icrası istiqamətində tədbirlər görülüb. 

Ölkədə mövcud qoruq və yasaqlıqların ərazisi genişləndirilib, milli parklar yaradılıb, ətraf mühitin qorunmasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Bu proqramların əsas məqsədi ətraf mühitin mühafizəsinə yönəldilən dövlət əhəmiyyətli investisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdən ibarət olub. Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin səmərəli istifadəsi və davamlı inkişafın təmin edilməsindən ibarətdir. 

İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçünsə iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin  minimuma endirilməsi tələb olunur. Ekologiyamızın mühafizəsini təşkil edən mühüm sahələrdən biri də meşə sahələri, yaşıllıqlardır. O baxımdan meşələrin salınması, yaşıllıq zonaların genişləndirilməsi istiqamətində davamlı addımlar atılmaqda, dövlət proqramları həyata keçirilməkdədir. Beynəlxalq Bitki Sağlamlığı Forumunda çıxış edən Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də bu məsələyə toxunub. 

Nazir bildirib ki, Azərbaycanda meşələrin vəziyyətinin yaxşılaşdırılması və onların qorunması istiqamətində irimiqyaslı meşəsalma və meşə bərpa işləri aparılır. Onun sözlərinə görə, bununla yanaşı ölkədə təbii meşə sahələrinin azalması, onların cins tərkibinin dəyişməsi, mövcud meşələrin seyrəkləşməsi tendensiya hələ də müşahidə olunur: “Bunun əsas səbəblərindən biri də zərərli orqanizmlərin təsiri nəticəsində fitosanitar vəziyyətin pisləşməsidir. Zərərli orqanizmlərin ölkədəki yabanı bitki növlərinin areallarına və mədəni bitki növlərinin əkin sahələrinə vurduğu ziyanın qarşısının alınması üçün kənd təsərrüfatı və meşə sahələrində və digər yaşıllıq ərazilərdə zərərli mühafizə məqsədilə kompleks tədbirlər həyata keçirilir”. Mütəxəssislər də hesab edirlər ki, Azərbaycanda meşə sahələrinin genişləndirilməsinə ciddi zərurət var. Xüsusən, işğaldan azad edilmiş ərazilərdə meşə-bərpa layihələrinin həyata keçirilməsinin vacib olduğu vurğulanır. Bir müddət əvvəl ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov payız və yaz əkin mövsümündə 100 hektar təhlükəsiz ərazinin əkilməsinin nəzərdə tutulduğunu demişdi. Əfsuslar ki, otuz illik işğal dövründə Qarabağın təbiəti ekoloji terror nəticəsində tamamilə məhv edilib. İşğal dövründə Azərbaycanın 261 min hektar meşə sahəsi ermənilərin vandalizm cinayətlərinə məruz qalıb. Göz oxşayan təbiəti, dağları, bulaqları, yaşıllığı, səfalı yerləri ilə seçilən Qarabağı və Şərqi Zəngəzuru yerlə-yeksan edən ermənilər otuz il ərzində orada bir ədəd də olsun ağac əkməyiblər. Vətən müharibəsindəki Zəfərdən sonra da bütün dünya bunu gördü. Ermənilərin təkcə əhalimizə qarşı deyil, ekologiyamıza da vəhşilik etdiklərinin şahidi oldu. Müharibədən dərhal sonra isə Prezident İlham Əliyevin göstərişi ilə ermənilərin ekologiyaya vurduqları ziyanın aradan qaldırılmasına, minaların təmizlənməsinə, yaşıllıqların salınmasına başlanıldı. Qarabağda növbəti ağacəkmə aksiyalarından biri də ötən ay Zəngilanda keçirildi. Ekspertlərə görə, meşə salma texnikaları müxtəlifdir və spesifik meşəsalma növlərinə və əkiləcək növlərin tələblərinə uyğun olaraq dəyişir. Ümumiyyətlə, ərazinin iqlimini, torpağını və hidroloji şəraitini öyrənmək lazımdır. 

“Ekoloji İnformasiya” İctimai Birliyinin sədr müavini, ekoloq, Aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev “Şərq”ə açıqlamasında bildirib ki, meşə sahəsi başqa ölkələrlə müqayisədə Azərbaycanda çox azdır. Ekspert vurğulayıb ki, dünyada hər adam başına 30 sot meşə sahəsi düşür. Lakin Azərbaycanda bu göstərici 5-6 dəfə azdır: 

“Meşələrin qırılması, meşə sahəsinin azalması ekosistemə ciddi təsir göstərir və iqlim dəyişikliklərinə səbəb olur. Bunun qarşısını almaq üçün kompleks tədbirlər görülməli, fitosanitar vəziyyət yaxşılaşdırılmalı, meşələr qorunmalıdır. Biz “Ekoloji İnformasiya” İctimai Birliyi olaraq Ağdamda monitorinq keçirtdik. Orada təbiətə çox ziyan vurulub. Sadəcə, bir neçə yerdə Eldar şamı qalıb. Adicə kol-kos qalmayıb. Sanki səhralaşma prosesi gedib. İndi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə işğaldan azad edilmiş rayonlarda meşə zolaqlarının salınmasına başlanılıb. Digər təşkilatlar da həmin ərazilərdə yaşıllaşdırma işi ilə məşğul olurlar. Amma meşə sahələrinin bərpası üçün çox vaxt lazımdır. Meşə elə-belə əmələ gəlmir. Ağacların böyüməsi, inkişafı illərlə zaman tələb edir. Azı 5-6 il ağaclara xidmət göstərilməli, dibinin alaqları təmizlənməli, xəstəliklərə qarşı tədbirlər görülməlidir. Nəzərə alaq ki, mədəni bitkilər sayılan ağaclara nisbətən alaqlar zərərvericilərə, xəstəliklərə qarşı daha dözümlü olurlar”.

Ekoloq vurğulayıb ki, hər bir torpağın coğrafi quruluşuna, yerli iqlim şəraitinə uyğun ağac əkilməlidir: 

“Akasiya, Eldar şamı, xüsusi meşə ağacları əkilərkən torpağa, bölgənin iqliminə diqqət yetirilməlidir. Qarabağda şam, akasiya, iydə kimi ağacların əkilməsi daha məqsədəuyğundur. Çünki şam ağacının müsbət xüsusiyyəti odur ki, ilboyu oksigen bolluğu yaradır. Eyni zamanda ətrafdakı müəyyən xəstəliklərin qarşısını alır, virusları məhv edir. Ona görə də həmin ağacları sanatoriyaların, xəstəxanaların həyətinə əkirlər. Ümumiyyətlə, meşəsalma, yaşıllaşma işində hər bir vətəndaş səfərbər olmalı, öz töhfəsini verməlidir. Milyonlarla adamın bir, yaxud bir neçə ağac əkməsi görün nə qədər ağac, nə boyda meşə sahəsi deməkdir”.