Qəzet yaşayacaq və yaşamalıdır


Səbuhi Məmmədov: "Unutmayaq ki, indinin özündə də ən yaxşı jurnalistlər, sayt müxbirləri məhz qəzetlərdən çıxanlardır. Bu, reallıqdır"

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

Artıq rəqəmsallaşma dövrünə qədəm qoymuşuq. Həyatımızın böyük hissəsi rəqəmsal texnologiyalarla sıx təmas şəraitində keçir. Ötən əsrin 60-cı illərində yaranan internetin 90-cı illərin əvvəlində kommersiya istifadəsinə verilməsi, 2000-ci illərdən sonra isə daha da inkişafı media sahəsinə, xüsusilə də ənənəvi mediaya də ciddi təsir edib. Sosial şəbəkələrin yaranması isə media və jurnalistika sahəsini yeni çağırışlarla üz-üzə qoyub. Hazırda dünyada ənənəvi media üçün bir transformasiya dövrünü görürük. Buna baxmayaraq, bir çox dövlətlərdə qəzet və jurnallar transformasiyaya gedərək, öz mövqelərini qoruyub saxlaya bilirlər. İctimai fikrin formalaşmasında önəmli yer tuturlar. Media ekspertlərinin əksəriyyəti də düşünür ki, çap mediasının dövrü heç vaxt bitməməlidir və bitməyəcək. Çünki qəzetlər gündəlik tarixi kağıza köçürən bir salnamədir. Qəzetlərin oxunma dərəcəsinin geniş olub-olmamasından asılı olmayaraq, çap mətbuatı qorunmalı, gələcəyi şübhə altına salınmamalıdır. Lakin dövrün reallıqları nəzərə alınaraq, müasir informasiya-texnologiyalarının ənənəvi media sahəsində tətbiqi perspektivləri daim intensiv müzakirə edilir, çıxış yolları axtarılır. Azərbaycanda da ənənəvi medianın müasir standartlara uyğun olaraq inkişaf etməsi üçün konkret addımlar atılır. Çap mediasının yaşaması, inkişaf etməsi üçün çoxsaylı tədbirlər görülür. İslahatlar onlayn, audiovizual media seqmentləri ilə yanaşı, həm çap mediasının həyatda qalmasına və inkişafına yönəlmiş bir platforma çərçivəsində həyata keçirilir. Əsas məqsəd informasiya texnologiyalarının sürətli inkişaf mühitində çap mətbuatını da yaşatmaq, nəfəsliyini bağlamamaqdır. 

Media ekspertlərinin fikrincə, qəzet və jurnalların öz aktuallığını qoruması və cəmiyyət tərəfindən oxunması hazırda yalnız və yalnız orada olan informasiyanın eksklüviz olması halında mümkündür. Xəbər jurnalistikası janrı onlayn mediada əsas janrlardan birinə çevrilib və internet media, sosial şəbəkələr xəbərin hazırlanması və verilməsində operativliyə sahibdirlər. O səbəbdən ölkəmizdə insanların qəzet alması və oxuması üçün onlar onlayn mediada əldə edə bilməyəcəyi məlumatları – fərqli kontenti qəzetlərdə tapmalıdırlar. Bu mənada qəzetlər xəbər jurnalistikasından uzaqlaşaraq daha çox jurnalistikanın analitik və ədəbi-publisistik janrlarına üstünlük verməlidirlər. Hazırda güclü qəzetçilik ənənəsi olan dövlətlərdə də məhz bu tendensiya müşahidə olunur. Ona görə də qəzetlər artıq itməkdə olan araşdırma jurnalistikası janrını dirçəltməli, müəllif məqalələrinə, analitik yazılara, təhlillərə, redaksiya məqalələrinə, oçerk və digər janrlarda olan yazılara köklənməlidilər. Ümumən, qeyd etmək lazımdır ki, mətbuatın gələcəyi haqda söhbətlər təkcə ölkəmizdə aparılmır və bu, inkişaf etmiş ölkələrdə də müzakirə mövzusuna çevrilmiş məsələdir. Məsələn, İtaliyanın məşhur yazıçısı, hazırda bir gündəlik qəzetin və bir həftəlik dərginin yazarı olan Umberto Eko hesab edir ki, qəzetlər artıq hamının bildiyi xəbərlərlə deyil, özlərinə məxsus yazılarla çıxış etməlidirlər: “Dünən baş vermiş hadisəni istər ekrandan, istərsə də sosial mediadan oxuyursan, hətta qəzetin bütün sayını həsr etsə də verə biləcəyindən daha çox məlumat alırsan. Amma qəzetlər bu faktı israrla görməzdən gəlir. Səhər qəzeti əlinə alırsan, artıq beynin yeyib həzm etdiyi bütün məlumatlar orada lüzumsuz yerə əks olunub”. 

Tanınmış jurnalist Səbuhi Məmmədov “Şərq”ə açıqlamasında internet medianın ənənəvi medianı sıxışdırması fikri ilə razılaşmadığını deyib. Peşəkar jurnalist hazırkı dövrdə qəzet oxuyanların sayının azaldığını vurğulasa da, çap mediasının hər zaman yaşayacağını, yaşamalı olduğunu diqqətə çatdırıb: 

“Qəzetdə xəbər olmalı deyil. İnternet gündəmə gələndən sonra dünya media ekspertləri belə qərara gəldilər ki, qəzetlər əsasən analitik materiallar, özəl reportajlar dərc etsin. Maraqlı tendensiya həm də odur ki, dünyanın bir çox ölkələrində bəzi aparıcı qəzetlərin yazdıqları məqalələr saytlar və portallar üçün gündəm mövzusuna çevrilir. Qəzet həm də məsuliyyətdir. Sayt rəhbəri istənilən vaxt yazıya müdaxilə edə bilir, onu dəyişdirir. Hətta müəyyən miqdarda pul müqabilində ümumiyyətlə saytdan silir. Amma qəzetlərdə belə hallar yoxdur, mümkün deyil. Ötən əsrin 20-ci illərində deyirdilər ki, kino çıxdı, teatr “öləcək”. Amma “ölmədi”. Hələ də insanlar axın-axın teatra gedir. Qəzet də hər zaman yaşayacaq. Unutmayaq ki, indinin özündə də ən yaxşı jurnalistlər, sayt müxbirləri məhz qəzetlərdən çıxanlardır. Bu, reallıqdır”.