Ortada böyük əmək var: MEDİA elektron və çap mediasını yeni inkişaf mərhələsinə yönəltdi

Agentlik üzərinə qoyulmuş vəzifəni şəffaf, tərəfsiz, operativ şəkildə həyata keçirir


  2021-ci il yanvarın 12-də Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyi ötən müddət ərzində Kütləvi İnformasiya Vasitələrinin inkişafı istiqamətində çox mühüm işlər görüb. Agentlik qısa zaman kəsiyində ölkəmizdə fəaliyyət göstərən və zəruri kriteriyalara cavab verən media subyektlərinin maddi-texniki, eyni zamanda yaradıcılıq imkanlarının daha da təkmilləşdirilməsi məqsədilə bir çox addım atıb. 

KİV-lərin şəffaf və obyektiv formada maliyyələşməsi həyata keçirilib. Peşəkarlıq nəzər yetirilən əsas faktorlar sırasında olub. Medianın İnkişafı Agentliyi yarandığı gündən KİV-də yeni dövrün tələblərinə uyğun yanaşma sərgiləyib. Bu isə Azərbaycan jurnalistikasında genişmiqyaslı islahatların, yeniliklərin tətbiqinə yaşıl işıq yandırıb. Həm çap, həm də elektron mediaya maliyyə dəstəyinin göstərilməsi, fərdi jurnalist müsabiqələrinin daha demokartik və bütün seqmentləri əhatə edən formada keçirilməsi Medianın İnkişafı Agentliyinin Azərbaycan mətbuatının inkişafına verdiyi əsas töhfələrdəndir. Agentlik fəaliyyət göstərdiyi müddət ərzində çoxsaylı seminarlar, təlimlər reallaşdırılıb. Təlim iştirakçılarına müasir media mühiti, jurnalist dəyərləri və bu peşənin etik və peşəkar yanaşmaları tədris edilib. Gənc jurnalistlərin media savadlılığının artırılması ilə bağlı davamlı təlimlərin gerçəkləşdirilməsi, bundan başqa əcnəbi mütəxəssislərin moderatorluğu ilə yerli jurnalistlərimizə fors-major vəziyyətlərdə davranışla bağlı sirlərin aşılanması mühüm işlərdir. Bütün bunlar yaradıcılığın stimullaşdırılması baxımından da çox yaxşı təcrübədir. MEDİA Agentliyinin həyata keçirdiyi ən əlamətdar işlərdən biri də “Media haqqında” yeni qanun layihəsinin hazırlanması və qəbul görməsi oldu. Bu, olduqca ciddi əmək tələb edən və məsuliyyətli məsələ idi. Çünki müstəqil bir ölkənin müstəqil mediasının formalaşması və inkişafı üçün qanun yazmaq tarixi bir missiyadır. Qanunun qəbulu Azərbaycan mediası üçün vacib idi və burada medianın yeni dövrü tamamilə əhatə olunub. Nəzərə almaq lazımdır ki, qlobal dünyanın yeni inkişaf mərhələsinin yeni çağırışları mövcuddur. Bu baxımdan, yeni texnologiyanın tətbiqi, keyfiyyət dəyişikliyi mütləq şəkildə medianın fəaliyyətinə təsir göstərir. Təbii ki, bütün işləri bir-iki il ərzində görmək mümkün deyil. Media bütöv bir sistemdir və həm klassik çap mediasının, həm də yeni internet mediasının özünəməxsus problemləri mövcuddur. Bu problemlərin aradan qaldırılması üçün Agentlik müəyyən təməl formalaşdırıb. Qurum həm onlayn medianın, həm də çap mediasının qarşılıqlı inkişaf tempini artırıb. İnternet resurslarının fəaliyyətində dinamizm hiss olunmaqdadır. Bu da onu göstərir ki, qarşıya qoyulan hədəflərin müəyyənləşməsində MEDİA mühüm rol oynayacaq. Görülən işlər media sahəsində çalışan bütün həmkarlarımızın peşəkarlığının artırılmasına, eyni zamanda milli mediamızın inkişaf etməsinə, müxtəlif sahələrdə yüksək səviyyədə ixtisaslaşmasına səbəb olacaq. Medianın İnkişafı Agentliyinin fəaliyyətinin əsasında da bu dayanır. Qeyd edək ki, Medianın İnkişafı Agentliyi tərəfindən çap və onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş növbəti müsabiqənin nəticələri açıqlanıb. Ümumilikdə 57 media subyektinə qarşıdakı altı ay ərzində maliyyə dəstəyi göstəriləcək. 

  Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli “Şərq”ə bildirib ki, maliyyə qurumları verilən KİV-lərin kəmiyyətinə baxsaq, hər dəfə say artımının olduğunu görərik. M.Ələsgərlinin sözlərinə görə, maliyyə yardımının verilməsi üçün konkret istiqamətlər qoyulur:

 “Şərtlər arasında KİV-lərin peşəkarlığı, onların institusional mövcudluğu, işçilərin əməkhaqqısı, minimum üç nəfər əməkdaşın olması və s. tələblər var. Bu şərtləri bir yerə toplayanda görürük ki, maliyyə yardımı verilən KİV-lərdən öz yaradıcılıqlarında peşəkarlıq və yenilik tələb olunur. Eyni zamanda əməkdaşlarla normal davranış, əmək müqaviləsinin olması və s. məqamlar nəzərə alınır. Bütün bu məsələlər KİV-lərin professional inkişafına təkan verir. MEDİA paralel şəkildə tədbirlər, treninqlər, jurnalistlər üçün peşəkarlıq təlimləri keçirir. Təlimlər ən müxtəlif mövzuları əhatə edir. Burada jurnalistlərin təhlükəsizliyindən başlamış, onların etik standartlara uyğunluğu, mediada gender məsələləri, rəqəmsal mətbuatın inkişafı, xəbərin ilkin mənbədən alınması, dəqiqləşdirilməsi və s. nəzərdə tutulur. Bir sözlə, MEDİA-nın müsabiqələri, yardım kampaniyaları və peşəkarlıq kursları göstərir ki, ölkədəki KİV-ləri dünyanın peşəkar media müstəvisinə çıxarmaq üçün Azərbaycan dövlətinin düşünülmüş proqramı var. Bu proqram uğurla həyata keçirilir”. 

  “Azxeber.com” informasiya portalının baş redaktoru Hacıbəy Heydərli “Şərq”ə açıqlamasında ilk olaraq qalib olan bütün həmkarlarını təbrik edib. Baş redaktor bəyan edib ki, müsabiqədə qalib olan saytların çoxu imkanları zəif, əlavə gəlir yerləri olmayan saytlardır:

 “Onlar bu günə qədər peşəkar səviyyədə fəaliyyət göstəriblər və əzmin, mübarizliyin sayəsində bu yerə gəlib çatıblar. Bu gün də siyahıda həmin saytları görmək müsabiqənin ədalətli keçirildiyini deməyə əsas verir. Müsabiqədə qalib gələn media resursları istər xəbər istehsalında, istərsə də ədalətli və obyektiv fəaliyyəti ilə seçilir. Medianın İnkişafi Agentliyinə ədalətli seçimə görə təşəkkür edirəm. Ümumilikdə isə saytlar və qəzetlər üçün müsabiqələrin təşkil olunması, konkret maliyyə yardımının göstərilməsi, üstəlik, bu zaman obyektivliyi maksimum təmin etmək heç də asan iş deyil. Agentlik artıq dəfələrlə keçirdiyi müsabiqələrdə sübut edib ki, media subyektləri arasında fərq qoymur, hamıya eyni gözlə baxır, tərəfsizliyini qoruya bilir və ən nəhayət, peşəkarlığa üstünlük verir. Bu səbəbdən də MEDİA-nın müsabiqə nəticələri sosial şəbəkələrdə və cəmiyyətdə hər zaman təqdirlə qarşılanır. Bu müsabiqələr həm də Azərbaycanda peşəkar medianın formalaşmasına, jurnalistlərin daha da uğurlu şəkildə fəaliyyətinə hesablanıb. Sayt və qəzetlərin maliyyələşməsi ilə yanaşı jurnalistlər üçün təlimlərin, müsabiqələrin keçirilməsi bu sahədə peşəkarlığın artmasına töhfə verir”.
  H.Heydərli bəyan edib ki, qalib saytlara kriteriyaların qoyulması da mətbuatımızın inkişafına, oxucunun dəqiq və düzgün məlumat əldə etməsinə, eyni zamanda media subyektləri arasında sağlam rəqabətin yaranmasına yardımçı olur: “Ümumilikdə isə Azərbaycanda KİV-ə maliyyə dəstəyinin ayrılması dövlətimizin mediaya birbaşa qayğısının və dəstəyinin göstəricisidir  Medianın İnkişafı Agentliyi bu müsabiqələrlə medianı yeni inkişaf mərhələsinə gətirib. Bu müsabiqənin bir müsbət tərəfi də odur ki, onlayn media subyektləri məhz MEDİA-nın dəstəyi ilə öz işlərini daha uğurlu və peşəkar səviyyədə qura bilirlər. Qalib olan bütün həmkarlarımızı təbrik edirəm, olmayanlara isə ruhdan düşməməyi və eyni əzmlə, eyni istəklə işlərini davam etməklərini arzu edirəm. Əminəm ki, növbəti müsabiqələrdə onların da adı qaliblər siyahısında olacaq”.

  “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə də bildirib ki, MEDİA-nın çap mətbuatına və elektron KİV-lərə maliyyə yardımı ayırması müsbət addımdır. Baş redaktor vurğulayıb ki, sələfindən MEDİA-ya çox pis miras qalmışdı: 

“Çoxdan arxivə atılan KİVDF adlı qurumun rəhbərliyinin yarıtmaz fəaliyyəti bütövlükdə media sektoruna ağır zərbə vurmuş, jurnalistlər arasında inamsızlıq yaratmışdı. Hazırda müsbətə doğru nəzərəçarpacaq dəyişikliklər var. Sevindirici haldır ki, Agentlik mətbu sferadakı xaosa, özbaşınalığa son qoymağa çalışır. Media subyektləri arasında fərq qoymur, hamıya eyni gözlə baxır, tərəfsizliyini qoruya bilir. Nəticələri açıqlanan müsabiqə bunu sübut edir. Hesab edirəm ki, MEDİA-nın bu gün açıqladığı nəticələr yazılı və elektron KİV-i böyük ölçüdə əhatə edib”. 
  S.Verdizadə deyib ki, jurnalistlərin reyesterinin aparılmasına, dövlət qurumları ilə medianın münasibətlərinin tənzimlənməsinə çox ehtiyac var. Onun sözlərinə görə, MEDİA-nın fəaliyyəti bu istiqamətə yönəlib: “Düzdür, mətbuatla bağlı problemlərin tam şəkildə həllini bir qurumdan gözləmək sadəlövhlükdür. Amma əsas odur ki, MEDİA üzərinə qoyulmuş missiyanı çox yaxşı şəkildə icra edir. Nə mümkündürsə, onu səliqəli və operativ şəkildə həyata keçirir”.