İslahatlar davam edəcək

Azərbaycan mediası cəmiyyətdə kifayət qədər üstün mövqeyə sahibdir

  Dünyada baş verən mühüm ictimai-siyasi və mənəvi proseslərin qiymətləndirilməsi Kütləvi İnformasiya Vasitələrinin obyektiv və çevik fəaliyyəti nəticəsində mümkün olur. Təsadüfi deyil ki, ictimai rəyə təsir göstərmək imkanlarına görə kütləvi informasiya vasitələri məcazi mənada “dördüncü hakimiyyət” adlandırılır. Əsası görkəmli ziyalı, ictimai xadim və ədib Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan milli mətbuatı yaradılmasının 147-ci ildönümünü qeyd edir. Milli mətbuatımızın formalaşma mərhələləri cəmiyyətin özünün inkişaf xüsusiyyətlərinə uyğun olaraq mürəkkəb təkamül yolu keçərək müasir səviyyəyə gəlib çatıb. 

Mətbuatın inkişafı respublikamızda dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxarıb. Hazırda hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti qurmaq istiqamətində irəliləyən Azərbaycanda 5000-dək müxtəlif kütləvi informasiya vasitəsi - qəzet, jurnal, informasiya agentliyi və teleradio şirkətləri qeydiyyata alınıb. Müstəqil Azərbaycan söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Respublikamızda bu yöndə həyata keçirilən islahatlar ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi sayılmalıdır.

 Lakin xatırlatmaq lazımdır ki, müstəqilliyin ilk illərində mətbuatın formalaşma və inkişaf yolu heç də rəvan olmayıb. 1991-1993-cü illərdə ölkənin kütləvi informasiya vasitələri ciddi məhrumiyyətlərlə üzləşiblər. O zaman nəinki hansısa jurnalistin, hətta sıravi vətəndaşın təhlükəsizliyinə də dövlət təminatı yox idi. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə isə Azərbaycan mətbuatının inkişafında tamamilə yeni mərhələ başlandı. 

Bu mənada Heydər Əliyev, eyni zamanda, Azərbaycanda söz və mətbuat azadlığının, müstəqil mətbuatın əsasını qoymuş lider kimi böyük ehtiramla anılır. Respublikada ictimai-siyasi sabitliyin bərqərar olması, vətəndaşların təhlükəsizlik təminatının və qanunçuluğun tədricən gücləndirilməsi, sosial-iqtisadi problemlərin həlli istiqamətində ciddi addımların atılması KİV-in fəaliyyəti, söz və mətbuat azadlığının müdafiəsi sahəsində əsaslı irəliləyişlərin əldə olunmasına şərait yaratdı. Həmin dövrdən etibarən Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı. Azərbaycan 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. 

1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında ölkə vətəndaşlarının təhlükəsiz yaşamaq, söz, fikir, vicdan azadlığı təsbit edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 iyun tarixli fərmanı ilə təsdiq olunmuş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, eyni zamanda, vətəndaşların Azərbaycan Konstitusiyasında əksini tapmış söz, mətbuat, fikir azadlıqlarının təminatına da əlverişli imkanlar açdı. 6 avqust 1998-ci ildə verilmiş fərmanla kütləvi informasiya vasitələri senzuradan azad edildi. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi. Bununla yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirdi. Ümummilli lider bütün bunlarla yanaşı, ölkə mətbuatının qüsurlarını, problemlərini də hər zaman açıq şəkildə bildirirdi.

 Jurnalistləri milli-mənəvi, etik dəyərlərə riayət etməyə çağırırdı. Ulu öndər Heydər Əliyevin ənənələrini uğurla davam etdirən cənab Prezident İlham Əliyev mətbuatın inkişafina xüsusi önəm verir, zəruri tədbirlər həyata keçirir. Azərbaycanda mətbuat və söz azadlığı dövlət başçısının siyasətinin əsas elementlərindəndir. Mətbuata, jurnalistikaya dövlət qayğısı yüksək xətlə inkişaf etdirilir. 

Respublikada aparılan dəyişikliklər, islahatlar KİV-i də əhatə edir, ondan yan keçmir. İlk növbədə peşəkarlığı önə çəkən dövlət başçısı modernləşmə, rasionallıq, obyektivlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsinin medianın inkişafını şərtləndirən başlıca amil olmasını xüsusi olaraq vurğulayır. Dövlət başçısı jurnalistlərin peşəkar əməyinə yüksək qiymət verir, onların sosial, mənzil-məişət problemlərinin həllinə yaxından köməklik göstərir. Fəxri adların, mükafatların verilməsi, mətbuat işçilərinin təmənnasız olaraq mənzillərlə təmin ediməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi cənab Prezidentin məhz doğma münasibətinin göstəricisidir. 

  Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli “Şərq”ə deyib ki, Azərbaycan mediası ölkədə ictimai rəyin marağında olan informasiyaların tapılmasında, çatdırılmasında çox mühüm rol oynayır. M.Ələsgərlinin sözlərinə görə, ölkə mediası əlavə olaraq ictimai nəzarət funksiyasının yerinə yetirilməsində kifayət qədər üstün mövqeyə malikdir: 

“Azərbaycan mətbuatı öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Yaşadığımız dövr yeni media dövrüdür. Yeni medianın şərtlərinə uyğun olaraq mətbuatın təkmilləşməsi və dünya media məkanına inteqrasiya etməsi lazımdır. Bu sahədə də ölkə mətbuatı öz missiyasını layiqincə yerinə yetirir. 

Bu missiyanın tamamlanması üçün dövlətimiz mediaya kifayət qədər köməklik göstərir. 2021-ci ildən etibarən cənab Prezidentin iradəsi ilə media sahəsində islahatların dərinləşməsi üçün yeni proses həyata keçirilir. Buna uyğun olaraq dövlətin informasiya siyasətini idarə edən kadrlar yenilənib.

 Eyni zamanda dövlətə aidiyyəti olan media strukturları müasir tələblərə uyğunlaşıb, təkmilləşiblər. Ən əsası isə Medianın İnkişafı Agentliyi yaradılıb. Agentlik dövlətin media üzərində siyasətini çox uğurla icra edir. Bu siyasət çoxsahəlidir. Jurnalistlər üçün peşəkar kursların keçirilməsindən başlamış, onların sosial durumlarının yaxşılaşdırılmasına, kütləvi informasiya vasitələrinə yardımların göstərilməsinə qədər geniş proqramlar icra olunmaqdadır. 

Proseslər göstərir ki, Azərbaycan dövlətinin media məkanını inkişaf etdirmək üçün konkret proqramı var. Bu proqram çox uğurla həyata keçirilir”.