"Ümummilli qəzetlərə ehtiyacımız var"

"Mətbuat xaotik vəziyyətdən aydın mənzərəyə doğru keçid etməkdədir"

Qulu Məhərrəmli: "Əsas məqsədimiz medianı cəmiyyətdə sözün həqiqi mənasında öz yerində, öz ictimai missiyasında görməkdən ibarətdir"


  “Azərbaycan mətbuatının bugünkü durumunda əvvəlki illərlə müqayisədə müəyyən irəliləyiş nəzərə çarpır”. Bu sözləri “Şərq”ə açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, tanınmış media eksperti Qulu Məhərrəmli deyib. Milli Mətbuat Gününün 147-ci ildönümündə medianın indiki durumunu dəyərləndirən professor bildirib ki, əsas irəliləyiş mətbuatın tənzimlənməsi ilə bağlıdır: “Mətbuat xaotik vəziyyətdən aydın mənzərəyə doğru keçid etməkdədir. Amma bu, hələ keyfiyyət dəyişikliyi deyil.

 Keyfiyyət dəyişimi o zaman baş verəcək ki, media cəmiyyəti onun ehtiyaclarına uyğun şəkildə və doğru-dürüst məlumatlandırsın. Auditoriya üçün gərəkli olan informasiyaları operativ şəkildə çatdırsın. Nəzərə alsaq ki, indiki şəraitdə peşəkar medianın həm də sosial şəbəkələr kimi heç bir qayda-qanun tanımayan alternativi, rəqibi meydana çıxıb, onda medianın vəziyyətini tam aydın təsəvvür edə bilərik. "Media haqqında" qanun qəbul olundu. Qanunda müəyyən problemlər var və bu barədə çıxışlarımız olub. Amma bununla yanaşı, münasibətləri tənzimləmək baxımından səmərəli məqamlar çoxdur. Arzu edərdik ki, Venesiya Komissiyasının iradları da nəzərə alınsın. Bu, ancaq mətbuatımızın xeyrinə olar. O zaman medianın tənzimlənməsinin hüquqi əsasları kimi qanuna ciddi şəkildə istinad edə bilərik”.

  Q.Məhərrəmli bildirib ki, media ümumi anlayışdır: 

“Çap mətbuatını, onlayn medianı, televiziya və radio istiqamətini ayrılıqda təhlil edə bilərik. Amma gəldiyimiz ümumi qənaət ondan ibarətdir ki, onlayn media daha üstün imkanlara malikdir. Bəzi televiziyalarımızda da irəliləyiş nəzərə çarpır. Həm estetik dizayn, həm ictimai müzakirələrin təşkil olunması baxımından müsbət nüanslar var. İnternet məkanında yutub kanallarının sürətli yüksəlişini görürük və bunu heç cür danmaq olmaz. Hətta bir çox hallarda yutub kanalları peşəkar televiziyalarla ciddi şəkildə rəqabət apara bilir. Ümumi mənzərə bundan ibarətdir. Amma medianın əsas klassik funksiyaları var ki, bunlar cəmiyyəti məlumatlandırmaqla, maarifləndirməklə, həmçinin, ictimai nəzarət funksiyasını yerinə yetirməklə bağlıdır. Bütün bunlarla bağlı müəyyən müsbət məqamlarla yanaşı, nöqsanlar da var. Əsas məqsədimiz medianı cəmiyyətdə sözün həqiqi mənasında öz yerində, öz ictimai missiyasında görməkdən ibarətdir”. 

  Ekspert diqqətə çatdırıb ki, televiziyalarla bağlı müəyyən problemlər var:

 “Son dövrlər bu məsələ ətrafında diskusiyalar aparılır. Bu istiqamətdə ciddi addımlar atılmalıdır. Şou proqramlarında baş verən özbaşınalıqlar, aparıcı məsuliyyətsizliyi diqqətdən yayınır. Media dedikdə, xüsusən, Milli Mətbuat Günündə əsasən yazılı mətbuatı nəzərdə tuturuq. Ümummilli qəzetlərə ehtiyacımız var. Mətbuatın yüksək şəkildə tərəqqisinə nail olmaq üçün Azərbaycanda azad medianın inkişafına daha çox şərait yaratmalıyıq. Bütün dünyanın təcrübəsi onu göstərir ki, mətbuat müstəqil olarsa, cəmiyyətə daha çox fayda verə bilər. Hansısa siyasi partiya mənsubu olan, biznes qurumundan asılı olan, yaxud hansısa dairəyə bağlı fəaliyyət göstərən mətbuat cəmiyyətə arzulanan faydanı verə bilməz. Ona görə də media sahəsində əsas işimiz müstəqil mətbuatı inkişaf etdirməkdir. Nə yaxşı ki, Medianın İnkişafı Agentliyi yarananda, nizamnaməsi qəbul olunanda orada aparıcı tendensiyalardan biri kimi məhz söz və mətbuat azadlığı kontekstində azad medianın inkişafı nəzərdə tutulub. Bayram günü olduğuna görə problemlərdən çox danışa bilmirik. Amma arzulayardıq ki, mediada peşəkarlıqla, jurnalist əxlaqı, peşə etikasının gözlənilməsi və cəmiyyət qarşısında məsuliyyətin dərk olunması ilə bağlı mövcud olan bir sıra nöqsanlar tezliklə aradan qalxsın. O zaman yaxşı və keyfiyyətli media haqqında danışa bilərik”.