"İfadə azadlığının əngəllənməsinin tərəfdarı deyilik"

Azər Həsrət: "Eyni zamanda elə etməliyik ki, ordumuzla bağlı düşmənin işinə yarayacaq paylaşımlara yer verilməsin"

  “Baş Prokurorluğun bəzi media qurumları və sosial şəbəkələrlə bağlı narahatlığını başa düşürük”. Bu sözləri “Şərq”ə açıqlamasında media eksperti Azər Həsrət deyib. Jurnalist bildirib ki, bizim ölkəmizdə, xüsusən ordu ilə bağlı məqsədyönlü gözdənsalma kampaniyası aparılır: “Kampaniya sosial media üzərindən aparılır. Arxasında duranları müəyyən etmək çətin olsa da, təəssüflə qeyd etməliyik ki, bəzi adamlar özü belə bilmədən alətə çevrilirlər. Ona görə də Baş Prokurorluq cəmiyyətə xəbərdarlıq edib ki, ayıq-sayıq olsunlar, bu cür hallarla mübarizədə vətəndaş dəstəyi göstərsinlər. İfadə azadlığının, ələlxüsus media azadlığının hər hansı formada əngəllənməsinin tərəfdarı deyilik. 

Amma illərdir dediyimiz fikri təkrarlamağa məcburuq. İfadə və media azadlığı bəlli qaydalar çərçivəsində həyata keçirilməlidir. Yəni ifadə azadlığı o demək deyil ki, hər şey haqqında hər cür paylaşım etmək olar. Xüsusən, ordu ilə bağlı paylaşımlarda çox diqqətli olmaq lazımdır. Ordunu gözdən salan, hərbi birləşmələrin yerini göstərən, yaxud hərbi qulluqçuların sayı, texnikası haqqında məlumatları yaymaq olmaz. Bəzən görürük ki, insanlar yolla hərəkət edən hərbi dəstənin fotosunu, videosunu internetdə paylaşırlar. Dəfələrlə deyilib ki, bu, yolverilməzdir. İnsanın özünün də düşüncəsi olmalıdır ki, belə məsələləri yaymaq olmaz. Məhz bu amillərə görə, Baş Prokurorluq xəbərdarlıq etmək məcburiyyətində qalıb. Əlbəttə, hesab edirik ki, məsələnin sadəcə bu müstəvidə həlli uyğun deyil. Yaxşı olar ki, cəmiyyət içində daimi maarifləndirmə işi aparılsın. Televiziya, radio və digər KİV-lər bu işə ciddi töhfə verməlidir. Elə etməliyik ki, həm ifadə azadlığı əngəllənməsin, həm də ordumuzla bağlı düşmənin işinə yarayacaq paylaşımlara yer verilməsin”.