Elə etmək lazımdır ki, mətbuatımızın nailiyyətləri gözdən düşməsin -Millət vəkili

Azərbaycanın informasiya məkanının keyfiyyətinə mənfi təsir göstərən bütün hallara qarşı mübarizə aparmaq lazımdır

“Azərbaycan milli mətbuatı və informasiya məkanı dövlətin və cəmiyyətin informasiya təhlükəsizliyini təmin edən əsas ictimai-siyasi institutdur”. 

“Sherg.az” xəbər verir ki, bu barədə millət vəkili Hikmət Babaoğlu deyib. 

Deputat deyib ki, 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə Azərbaycan mətbuatı bütün imkanlarını səfərbər edərək cəmiyyətdəki ictimai münasibətlərin sağlamlaşmasına xidmət etdi: 

“Eyni zamanda media sahəsində köklü islahatlar aparıldı. Yeni qanunlar qəbul edildi. Ancaq bunlara baxmayaraq, təəssüf ki, bəzi hallarda informasiyanın manipulyasiyası ilə əlaqədar fərqli nümunələr də gördük. Bunlar, əlbəttə, yolverilməzdir. Azərbaycanın informasiya məkanının keyfiyyətinə mənfi təsir göstərən bütün hallara qarşı mübarizə aparmaq lazımdır. Bu prosesdə iştirak edən bütün subyektlər həm hüquqi məsuliyyətə cəlb edilməli, həm də ictimai qınağa məruz qalmalıdır. Elə etmək lazımdır ki, mətbuatımızın nailiyyətləri gözdən düşməsin və buna çalışan qüvvələr öz məqsədlərinə çata bilməsinlər. Mətbuat kifayət qədər böyük gücdür. İnformasiya təhlükəsizliyimizi qoruyan institut kimi belə hallara qarşı mübarizədə səmərəli nəticə əldə edə biləcək potensiala malikdir”. 

H.Babaoğlu bildirib ki, Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı dövlətimizin başlıca prioritetlərindən biridir: 

“Bu azadlıqların çox ciddi konstitusion əsasları var. Eyni zamanda hər bir informasiya mənbəyi, hər bir informasiya daşıyıcısı hüquq qarşısında məsuliyyət daşıyır. Bu baxımdan hər bir informasiya daşıyıcısı, informasiyanı manipulyasiya etmək istəyən hər bir şəxs başa düşməlidir ki, bunun hüquqi məsuliyyəti var. Deməli, hüquqi məsuliyyət yaradan addımlarla bağlı cəza tədbirləri də görülə bilər. Bu məsuliyyəti dərk etsək, "reket jurnalistika"nın kökünü kəsə, informasiyanı manipulyasiya aləti kimi istifadə etmək istəyənlərə qarşı uğurlu mübarizə apara bilərik”.