İnformasiya təhlükəsinin qarşısı inzibati yolla alına bilməz

Milyonlarla sosial şəbəkə istifadəçisinə nəzarət mümkün deyil

"Düşünmürəm ki, burada xüsusi təxribat cəhdləri var. Böyük ehtimal, sosial şəbəkələrdə fenomen olmaq istəyən şəxslər, qruplar diqqət çəkmək, izləyici toplamaq məqsədi ilə belə addımlar atırlar"

  Sosial şəbəkələrdə müxtəlif adlar altında Vətən müharibəsi və təlimlər zamanı Azərbaycan Ordusunun fəaliyyətini, döyüş texnikalarının hərəkətini əks etdirən foto və video görüntülərin yayılması Müdafiə Nazirliyini də hərəkətə gətirib.

 Görüntülərlə bağlı növbəti dəfə ictimaiyyətə xəbərdarlıq edən Nazirlik vurğulayıb ki, xidməti fəaliyyətlə bağlı Azərbaycan Ordusunun şəxsi heyətinin və döyüş texnikasının təlim mərkəzlərinə, ümumqoşun poliqonlarına mütəmadi olaraq hərəkəti normal haldır. Bəyan edilib ki, sosial şəbəkə istifadəçilərinin hərbi xarakterli fotoları, xüsusən köhnə görüntüləri yeni informasiya adı altında yayması yolverilməzdir. Çünki bu cür xəbərlər ictimaiyyət arasında çaşqınlıq yaradır.

Ona görə də vətəndaşlar yalnız öz təsdiqini tapmış və Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində paylaşılan məlumatlara istinad etməlidirlər. 

  MN-in xəbərdarlıq mesajını “Şərq”ə dəyərləndirən AĞ Partiyanın sədri Tural Abbaslı da son günlər sosial platformalarda “müharibə” xəbərlərinin artdığını deyib. Partiya rəhbəri bildirib ki, vaxtı ilə televiziyada yayımlanmış keçmiş kadrlar, məmurların çıxışları üzərinə indiki tarix qeyd edilərək cəmiyyətə ötürülür:

 “Əlbəttə, bu, yolverilməzdir. Amma düşünmürəm ki, burada xüsusi təxribat cəhdləri var. Böyük ehtimal, sosial şəbəkələrdə fenomen olmaq istəyən şəxslər, qruplar diqqət çəkmək, izləyici toplamaq məqsədi ilə belə addımlar atırlar. Bunun qarşısını inzibati yollarla almaq çətindir. Müxtəlif sosial şəbəkə platformalarında milyonlarla istifadəçi var və hamının fəaliyyətinə nəzarət demək olar ki, mümkünsüzdür. Əslində Qarabağda anti-terror əməliyyatlarının başlanmasının əsas tərəfdarlarından biri mənəm. Amma əməliyyatın nə vaxt başlayacağı, hansı formatda olacağı, neçə gün davam edəcəyi, cəlb olunacaq qoşun növləri kimi hərbi detallar Müdafiə Nazirliyinin daxili məsələsidir. Belə məsələlərin sosial şəbəkədə, ayrı-ayrı saytlarda müzakirə olunmaması üçün müvafiq qurum hərbi məsələlərlə bağlı mütəmadi, dolğun açıqlamalar verməlidir. Çalışmalıdır ki, əhali dövlət qurumlarına, onların məlumatlarına inansın, etimad göstərsin. Başa düşürük, hər informasiyanı cəmiyyətə vaxtından əvvəl ötürmək olmaz. Amma heç olmasa vaxtı yetişəndə bunu etmək zəruridir”. 
  T.Abbaslı qeyd edib ki, əksər hallarda qurumlar o qədər susqun qalır ki, vətəndaşlarımız informasiya üçün xarici ölkələrin media resurslarına baş vururlar: “Hətta Ermənistanın mətbuat orqanlarına yönəlirlər. Nəticədə dezinformasiya bolluğu yaranır. Nəzərə alaq ki, hərbi məsələlərdə insanların xəbər ehtiyacı rəsmi orqanlar tərəfindən ətraflı və geniş ödənilməlidir. Əks halda feyk xəbərlər o qədər yayılır ki, inzibati cəza metodlarına əl atmaq məcburiyyəti yaranır. Müdafiə Nazirliyi ictimaiyyətlə əlaqələri operativlik, peşəkarlıq və səmimiyyət üzərində qurmalıdır. Bizim cəmiyyətimiz yetkindir, ayıq-sayıqdır. 44 günlük müharibədə Ermənistan xüsusi xidmət orqanlarının bütün cəhdlərinə rəğmən, insanlarımız düşmənin dezinformasiya siyasətinə aldanmadı”.