Aqil Ələsgər:“Mətbuatımızın problemləri çoxdur”

Sentyabrın 24-də Azərbaycan jurnalistlərinin VIII qurultayı başa çatıb. Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb və quruma sədr seçilib. Qurultayı çərçivəsində həyata keçirilən səsvermədə “525-ci qəzet”in baş redaktoru, şair, publisist Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib. Səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə isə 23 nəfər daxil edilib. Formalaşdırılan yeni İdarə Heyətinin üzvlərindən biri,  "Yeni Çağ” media qrupunun baş direktoru Aqil Ələsgər  jurnalistlərin səkkinci qurultayı ilə bağlı fikirlərini “Sherg.az”la bölüşüb.  O, diqqətə çatdırıb ki, bizdə bir çox insanlar  fəaliyyətə başlayan yeni kadrların mütləq şəkildə özündən öncəkinin bütün əməllərinin üstündən xətt çəkməli olduğunu düşünür. Bu olduqca yanlış düşüncədir:

 “Mətbuat Şurasının iyirmi illik bir təcrübəsi var. MŞ bu iyirmi il ərzində ciddi dəyişikliklər edib. Bu gün zamanın tələbi ilə müasir dövrümüz bizim qarşımıza hansı tələbləri qoyursa, biz onların yönündə fəaliyyət göstərməliyik. Bizdən öncə yaxşı proseslər olubsa da, onları davam etdirməliyik. 

Azərbaycan mətbuatının problemləri , gələcək perspektivləri ilə bağlı məsələləri müzakirə edib, aktual olanları gündəmə gətirib onları dövlət qurumları qarşısında qaldırmalıyıq. Eyni zamanda dövlətin bu sahədə fəaliyyət göstərən Medianın İnkişafı Agentliyi ilə daha geniş əlaqələr qurub, fəaliyyətimizi onlarla koordinasiya edərək Azərbaycan mətbuatının inkişafı üçün çalışmalıyıq. Mətbuatımızın problemləri çoxdur. Bunlardan ən vaciblərini seçib əvvəlcə onların üzərinə işləməliyik. Biz fəaliyyətimizdə öz jurnalistlərimizin problemləri ilə bağlı məsələləri ön planda tutmağa çalışmalıyıq.

İndi  jurnalistikadakı nöqsanların aradan qaldırılması, jurnalistlərin peşə qabiliyyətlərinin artırılması istiqamətində təklifləri toplayırıq. Hələ idarə heyətində vəzifə bölgüsü aparılmayıb. Bunları müzakirə edəcəyik və inanıram ki, bu dörd ili boşuna keçirməyəcəyik”.