"Bizim təşkilat istəkdən yox, zərurətdən yarandı"

Umud Mirzəyev: "BAMF təkcə Azərbaycanda deyil, qlobal cameədə sözü, nüfuzu, statusu olan bir quruma çevrilib"


"Qeyri-təvazökarlıq olsa da, arxivdəki materiallarımızı 50 cildlik kitaba belə sığışdırmaq qeyri-mümkündür" 


  Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) 30 illik yubileyi qeyd olundu. 1992-ci ildə dövlət qeydiyyatına alınmış müstəqil beynəlxalq qeyri-hökumət təşkilatı 30 il ərzində böyük və önəmli işlərə imza atıb. Beynəlxalq Avrasiya Mətbuat Fondu əsasən üç istiqamətdə – media və vətəndaş cəmiyyətinin inkişafı, sülhməramlı aksiyalar və konfliktologiya, qaçqınlar, məcburi köçkünlər və icma problemləri istiqamətlərində fəaliyyət göstərir. Tərtər, Füzuli və Ağstafa rayonlarında regional ofisləri olan BAMF çoxsaylı layihələr həyata keçirib. Təşkilatın qurucusu və hazırkı rəhbəri Umud Mirzəyevdir. O, eyni zamanda Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Mətbuat Şurası sədrinin müavini, Yazıçılar Birliyinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumu idarə heyətinin üzvüdür. Biz də Umud Mirzəyevlə Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illik fəaliyyətindən, əldə etdiyi uğurlardan və qarşıda duran vəzifələrdən danışdıq. BAMF sədri "Şərq"ə açıqlamasında otuz il ərzində sayılmayacaq qədər çox və mühüm işlər gördüklərini vurğuladı. Qurum rəhbəri post-münaqişə dövründə də ciddi layihələrinin olduğunu açıqladı...

 - Umud müəllim, uzun müddətdir rəhbərlik etdiyiniz qurumun fəaliyyətini, uğurlarını necə dəyərləndirərdiniz? Qeyri-hökumət təşkilatı kimi daim aktiv və önəmli fəaliyyət sərgiləməyi necə bacarmısınız? 

 - Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycanda ilk vətəndaş cəmiyyəti strukturlarındandır. Xüsusilə qeyd etmək lazımdır ki, BAMF təkcə istəkdən yox, həm də zərurətdən yaranıb. 1990-cı illərin əvvəllərində Azərbaycan böyük problemlər içindəydi, informasiya müharibəsi içində idi. Mövcud gərginliklər içərisində belə bir qurumun formalaşmasına çox böyük ehtiyac var idi. Elə bir qurum olmalıydı ki, ən azından ölkədəki və regiondakı problemlərin işıqlandırılması üçün mümkün olan bütün variantlardan istifadə edə bilsin, konfliktlərin, münaqişələrin qarşısının alınmasına yardımçı olsun. O dövrdə postsovet məkanında bütün informasiyalar Kremlin filtrindən keçdikdən sonra ictimailəşirdi. Biz isə düşünürdük ki, insanları regionlara dəvət etmək, onlara həqiqətləri əyani şəkildə göstərmək daha faydalıdır. Həmin adamlar burada gözləri ilə gördüklərini öz ölkələrində gündəmə gətirər, bu məlumatların həmin ölkələrdə yayımlanmasına dəstək göstərərlər. Bu yolla müəyyən uğurlar əldə etmiş olarıq. Beləcə, BAMF-nin meydana çıxması dövrün zərurətindən irəli gəlmişdi. Qurumun 30 illik fəaliyyəti ilə bağlı Təşkilat Komitəsi olaraq kitab və film hazırlamağı düşünmüşdük. Amma gördük ki, qeyri-təvazökarlıq olsa da, arxivdəki materiallarımızı 50 cildlik kitaba belə sığışdırmaq qeyri-mümkündür. Arxada dopdolu uğurlu bir fəaliyyət var. BAMF təkcə Azərbaycanda deyil, qlobal cameədə sözü, nüfuzu, statusu olan bir quruma çevrilib. 10 ildən çoxdur ki, biz BMT-nin Baş Qərargahında, Cenevrə ofisində mütəmadi tədbirlər keçiririk. Çoxsaylı tərəfdaşlarımız var. Üzvü olduğumuz, uzun müddət işlədiyimiz əksər beynəlxalq təşkilatlarla əməkdaşlıq təcrübələrimiz var. 2012-2016-cı illər ərzində təşkilat rəhbəri olaraq Beynəlxalq Mətbuat İnstitutunun Direktor Şurasının üzvü olmuşam. Beynəlxalq Sülh Bürosunun Qərb ölkələri üzrə Ali Şurasının təmsilçisi olmuşam. Təşkilatımız qaçqınlar, sığınacaq axtaranlar üzrə Avropa Şurasının, ABŞ-ın Dövlət Departamentinin özəl tərəfdaşlıq proqramının üzvüdür. Çoxsaylı layihələrə imza atmışıq. 

 - Sadəcə, media sahəsində deyil, bir neçə fərqli istiqamətlərdə fəaliyyət göstərmək qərarına necə gəldiniz? 

 - BAMF media qurumu kimi ilkin fəaliyyətə başlasa da, qeydiyyata alındıqdan sonra daha çox qaçqınlar, məcburi köçkünlər, konfliktlər bölgəsində fəaliyyət göstərdiyimiz üçün humanitar səpkili layihələrə keçid aldıq. Ötən dövr ərzində təxminən 5 istiqamət üzrə çox ciddi layihələrə imza atmışıq. Media, vətəndaş cəmiyyəti qurumları, sülhməramlı askiyalar, qaçqın və məcburi köçkünlər, icmanın inkişafı və təhsillə bağlı önəmli layihələr həyata keçirmişik. Bu istiqamətlərdə olduqca mühüm proqramları reallaşdırmışıq və prosesə davam edirik. Qeyd edim ki, BAMF BMT-nin ən yüksək statusunu qazanmış üzvüdür. BMT ilə əməkdaşlıq edən təqribən 34 mindən yuxarı qeyri-hökumət təşkilatları var. Onların sadəcə 130-dan çoxu "general status"a malikdir. Əlbəttə, uğurlarımız böyük çətinliklər bahasına başa gəlib. Ən vacibi odur ki, Qarabağın işğalı zamanı yaradılmış bu Fondun nizamnaməsində əsas məqsədi keçmiş münaqişə bölgələrinə, konflikt zonalarına jurnalistlərin, diplomatların səfərlərini təşkil etmək olub. Yəni ana məsələmiz Qarabağ probleminin həllinə dəstək olmaq idi. Fəxr edirəm ki, 30 il ərzində Qarabağ probleminin çözülməsində qətiyyən fasiləsiz dayanmadıq, gecə-gündüz çalışdıq. Media qurumu olaraq, humanitar təşkilat olaraq fəaliyyət göstərdik. 44 günlük müharibənin gedişində, möhtəşəm Zəfərə gedən yolda bizim də qatqımız oldu. Təbii ki, buna görə çox qürurluyuq. 2020-ci il sentyabr ayının 27-dən noyabrın 7-dək dünyanın ən böyük media holdinqi olan "Əl-Cəzirə" televiziyasını müşayiət etdik. Ön cəbhədə gündəlik reportajların hazırlanıb telekanalda yayımlanmasında bilavasitə iştirakçı olmuşuq. Bir çox qurumlara da bələdçilik etmişik ki, müharibə ilə bağlı obyektiv mövqe sərgiləsinlər. 

 - İndiki post-münaqişə dövründə beynəlxalq əməkdaşlıq, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması nə qədər önəmlidir? 

 - Bu məsələlərə ehtiyac böyükdür. Qeyd olunan istiqamətlərdə fəaliyyətimizi genişləndirmək olduqca vacibdir. Oktyabrın 15-də qurumumuzun təşkilatçılığı ilə 16 nəfərlik heyətlə Füzuliyə, Edilliyə səfər etmişdik. Azərbaycana gəlmiş əcnəbi jurnalistlərin, beynəlxalq təşkilatların təmsilçilərinin bi qrupunu Edilliyə aparmışdıq. Ötən gün Şuşada olmuşuq. Hesab edirik ki, bu cür məsələlərin təşkili davamlı olmalıdır. Bugünədək onlarla jurnalist səfərlərini təşkil etmişik. Zəngilana, Qubadlıya, Füzuliyə, Şuşaya, Kəlbəcərə səfərlər olub. Bunların hamısı beynəlxalq media qurumlarının səhifələrində əks olunub. Həmçinin, Azərbaycan həqiqətləri ilə bağlı çoxsaylı məqalələrin, reportajların hazırlanmasında yardımçı olmuşuq. Əlbəttə, görəcəyimiz daha böyük işlər qabaqdadır. BAMF komandası bir an olsun belə dayanmaq fikrində deyil. Gücümüz, imkanımız daxilində bacardığımızı edəcəyik. Elə bizim fərqliliyimiz də ondadır ki, heç kəsdən hansısa yardım, dəstək, təlimat gözləmirik. Qurumun özünün bəlli fəaliyyətə strategiyası, planları, hədəfləri var. Biz bu cür fəaliyyəti özümüzün vətəndaş borcu hesab edirik.