"Report"un 8 yaşı tamam oldu

Pərvin Abbasov: "Bundan sonrakı dövrdə də cəmiyyətin daha dolğun informasiya ilə təminatına çalışacağıq"

  Ölkə mediasında özünəməxsus yeri olan, mötəbər xəbər mənbələrindən biri sayılan “Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 8 il ötdü. Azərbaycanda azad mətbuatın fəaliyyəti üçün yaradılan münbit şərait, ictimaiyyətin onlayn xəbər resurslarına əlçatanlığının asanlaşmasını nəzərə alaraq 2014-cü ildə "Report" İnformasiya Agentliyi onlayn media məkanında fəaliyyətə başladı. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən “Report” İA ötən səkkiz il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası topladı.

“Report” İA gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Yarandığı gündən agentliyin qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etməkdir. Həmçinin, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaqdır. Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, video reportajlar vasitəsilə işıqlandırmaqdır. İlk gündən eksklüziv xəbərlərə üstünlük verən agentlik bütün yerli saytlar üçün etibarlı istinad mənbəyinə çevrilib. Hazırda “Report”un özəl xəbərlərini gün ərzində çoxlu sayda yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir. Hazırda “Report”un ölkə ərazisində müxbir postları mövcuddur. Bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir. Agentliyin Rusiya, Türkiyə, Ukrayna, ABŞ və Fransada fəaliyyət göstərən xüsusi büroları isə həmin ölkələrdə baş verən mühüm hadisələri diqqətlə izləyir, müxtəlif səpkili yazılar hazırlayır. Agentlik Azərbaycanda ixtisaslaşmış jurnalistlərin hazırlığına da töhfə verməyə davam edir. Media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə aşılamaq məqsədilə agentlikdə Report Media Məktəbi fəaliyyət göstərir. Hazırda "Report" İnformasiya Agentliyi “Global Media Group” şirkətinin tərkibinə daxildir.

  "Report" İnformasiya Agentliyinin baş redaktorunun müavini Pərvin Abbasov media strukturu yaranan gündən orada çalışdığını deyib. Redaktor vurğulayıb ki, təmsil olunduğu agentlik gün ərzində yüzlərlə xəbər verir: 

"İşimiz yüngül deyil, çünki xəbərlər həm dəqiq, həm də operativ şəkildə ictimaiyyətə çatdırılmalıdır. Əməkdaşlarımız da çox əziyyət çəkirlər, bir çox hallarda fədakarlıq edirlər. Xəbərlərin tapılması, hazırlanması böyük zəhmət hesabına başa gəlir. Demək olar ki, ölkənin bütün media qurumları Agentliyimizin xəbərlərindən istinadla, yaxud istinadsız istifadə edirlər. Qəzetlər, xəbər saytları, televiziya və radiolar, bəzən agentliklər belə bizim informasiyalardan yararlanırlar. "Report" Agentliyi üç dildə fəaliyyət göstərir. Rus və ingilis dilinə tərcümə olunmuş xəbərlərimizə xarici media qurumları da istinad edirlər. "Report"un uğurlarını gördükcə, daim fərəhlənirik və irəli baxırıq. Agentlikdə çox yaxşı iş mühiti, yaxşı kollektivimiz var. Hamı bir-biri ilə ailə kimidir. Agentlik həftənin 7 günü, 24 saat, üç növbədə fəaliyyət göstərir. Azərbaycanın informasiya savaşına öz töhfəmizi veririk. Bundan sonrakı dövrdə də cəmiyyətin daha dolğun informasiya ilə təminatına çalışacağıq".

  "Şərq" qəzeti olaraq biz də "Report" ailəsini, dəyərli həmkarlarımızı 8 yaşları münasibəti ilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.