Ortaq iradə TDT-nin gücünü artıracaq


Türk dünyasının aralarındakı məsafələr əməkdaşlıqla qısalır

Ömər Kocaman: "Gələcəkdə dezinformasiya ilə mübarizədə audiovizual sahədə əməkdaşlığı daha da inkişaf etdirməliyik"

  Dünən Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısı keçirilib. TDT-yə üzv dövlətlər - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, həmçinin müşahidəçi üzv Macarıstan və Türkmənistanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının bir araya gəldiyi toplantının əsas məqsədi türkdilli dövlətlərin audiovizual media və onun tənzimlənməsi sahəsində əməkdaşlığının möhkəmləndirilməsi olub. Həmçinin, TDT-yə üzv və müşahidəçi dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının Forumunun yaradılması ilə bağlı Türkiyə tərəfinin təqdim etdiyi Konsepsiyanın müzakirəsi və son nəticədə Forumun yaradılması ilə bağlı Niyyət Bəyannaməsinin imzalanması olub. Toplantının açılış hissəsində Prezident Administrasiyasının Rəqəmsal media ilə iş sektorunun müdiri Elmir Vəlizadə, TDT-nın Baş katibinin müavini Ömər Kocaman, Medianın İnkişaf Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şurasının sədri İsmət Səttarov çıxış ediblər. 

"Azərbaycanla Türkiyə arasında media sahəsində sıx əməkdaşlıq mövcuddur"

  Prezident Administrasiyasının Rəqəmsal media ilə iş sektorunun müdiri Elmir Vəlizadə bildirib ki, son zamanlar TDT çərçivəsində üzv ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişaf etməsi həmin tendensiyanın televiziya və radio yayımının tənzimlənməsi sahəsində əməkdaşlığa da təkan verir. Onun sözlərinə görə, ölkələrimiz arasında media sahəsində müxtəlif təcrübələrimiz mövcuddur: "Audiovizual sahədə təşəbbüslər mühüm əhəmiyyət kəsb edir. Audiovizual proqramların hazırlanması günümüzün tələbidir. Ölkəmizdə bu sahədə fəaliyyətin təşkilində müsbət göstəricilər mövcuddur. Azərbaycan regionda rəqəmli TV-yə keçmiş ilk ölkələrdən biridir. Azərbaycanla Türkiyə arasında da media sahəsində sıx əməkdaşlıq mövcuddur. Bu, televiziya və radio yayımının tənzimlənməsi sahəsində əməkdaşlığa da təkan verir”.

"Orta Asiya ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi üçün fürsət olacaq"

  Audiovizual Şurasının sədri İsmət Səttarov Azərbaycanın audiovizual media sahəsinin hazırkı vəziyyəti və bir sıra yeniliklər haqqında ətraflı məlumat verib. TDT çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərinin gələcək perspektivlərindən, audiovizual media üzrə birgə fəaliyyət haqqında fikirlər səsləndirib: "Türk Dövlətləri Təşkilatının çətiri altında bütün sahələrdə olduğu kimi, media sahəsində də dərin və geniş inteqrasiya prosesləri baş verir. Ölkələrimizin müvafiq strukturları, media qurumları və təşkilatları arasında onlarla memorandumlar imzalanıb. Çoxsaylı müxtəlif konfrans və tədbirlər, qarşılıqlı təcrübə mübadiləsi səfərləri təşkil olunub və olunmaqdadır. Türk Dövlətlərinin Audiovizual Media Tənzimləyicilərinin Forumunun yaradılması ideyası yeni deyil. İlk dəfə bu ideya 2017-ci ildə Van şəhərində keçirilən görüşdə qardaş Türkiyənin tənzimləyici qurumu olan RTÜK tərəfindən irəli sürülüb. Lakin regionda baş verən proseslər, habelə 2020-ci ildən dünyanı cənginə alan pandemiya bu məsələnin dərinləşməsi və inkişafı prosesini ləngidib. Azərbaycan və Türkiyə arasında media sahəsində Əməkdaşlıq Memorandumunun imzalanması və iki ölkə arasında Birgə Media Platformasının yaradılmasından sonra 2021-ci ildə Azərbaycan Respublikası Audiovizual Şurası bu ideyanın inkişaf etdirilərək yenidən gündəmə gətirilməsinə nail olub. Bunun məntiqi nəticəsi kimi, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Media və informasiya üzrə nazirlərinin 4-cü Toplantısının Razılaşdırılmış Protokoluna uyğun olaraq bu toplantının 2022-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycanda keçirilməsi qərarlaşdırılıb. Hesab edirəm ki, bu gün bu məsələnin yenidən gündəmə gəlməsinin, hərtərəfli müzakirə olunmasının və praktikada reallaşdırılması üçün yeni impulsların verilməsinin vaxtı çatıb. Əminəm ki, Türk Dövlətləri Təşkilatının Katibliyinin səyləri ilə türk dövlətlərinin audiovizual media tənzimləyicilərinin sıx koordinasiyası ölkələrimizdə cərəyan edən inteqrasiya proseslərinin gedişi zamanı qarşıya çıxan çoxsaylı məsələlərin həllinə və cəmiyyətlərimiz arasında ümumi media platformasının inkişafına yardım edəcək”. O, eyni zamanda qeyd edib ki, TDT-nin Audiovizual Tənzimləyici Orqanlarının Forumuna sədrliyin ildə bir dəfə üzv ölkələr arasında dəyişməsi təklif edilir: "Sədrliyin ildə bir dəfə dəyişməsi çox yaxşı fürsətdir. Çünki biz Türkiyədə tez-tez oluruq, amma Orta Asiya ölkələrində də əlaqələrin daha da inkişaf etdirilməsi üçün bu fürsət olacaq”.

"Qara propaqanda fəaliyyətlərinə qarşı mübarizəni də gücləndirməliyik"

  TDT-nın Baş katibinin müavini Ömər Kocaman Audiovizual Media tənzimləyicilərinin birgə şəbəkələşməsinin zamanın zərurəti olduğunu qeyd edib. TDT Katibliyinin bu istiqamətdə fəaliyyətindən danışan qurum rəsmisi audiovizual medianın tənzimlənməsi sahəsində ölkələrin təcrübə və bilik mübadiləsinin bütün tərəflərə faydalı olacağından əminliyini ifadə edib: "Fərqli sahələrdə əməkdaşlıqların bizi gələcəkdə bütün sahələrdə yaxınlaşdıracağını bilirik. Bu gün türk dövlətlərinin ortaq iradəsi ilə həyata keçirilən bu addımlar təşkilatın gücünü artıracaq. Audiovizual sahədə əməkdaşlığımız digər sahələrdəki münasibətlərimizi də yaxınlaşdıracaq. TDT olaraq gələcəkdə dezinformasiya ilə mübarizədə audiovizual sahədə əməkdaşlığı daha da inkişaf etdirməliyik. Bundan 15 il əvvəl həyatımızda olmayan bütün reallıqları kökündən dəyişdirən media ordusu ilə qarşı-qarşıyayıq. Qara propaqanda fəaliyyətlərinə qarşı mübarizəni də gücləndirməliyik. Dezinformasiyaların, bizə qarşı qarayaxma kampaniyasının artdığı bu dövrdə audiovizual sahədə əməkdaşlığı artırmaq TDT-yə üzv dövlətlər üçün kritik əhəmiyyətə malikdir. Audiovizual medianın düzənlənməsi keçmişdə olduğundan daha çox önəmə sahibdir. Türk dünyası içindəki məsafələr artıq mövcud əməkdaşlıqlarla qısalıb. Məsafələr qısalarkən azadlıq və təhlükəsizlik arasında əlaqədə balansı qorumalıyıq”.

"Azərbaycan mediası yeni islahatlar mərhələsinə qədəm qoyub"

  Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib ki, "Azərbaycan mediası müasir çağırışlara uyğunlaşmaq və daha çevik reaksiya vermək məqsədilə bir müddətdir ki, yeni islahatlar mərhələsinə qədəm qoyub. Onun sözlərinə görə, hazırda müasir dünyanın yeni trendinə çevrilmiş rəqəmsal media məkanı günü-gündən genişlənməkdə və ölkələrin milli informasiya mühitinə öz təsirini göstərməkdədir. Qloballaşan dünyada yüksək sürətlə baş verən informasiya mübadiləsi prosesi, demək olar ki, bütün ölkələri əhatə etməkdədir: "Agentlik fəaliyyətinin əsas hədəflərindən biri kimi media subyektlərinin iqtisadi müstəqilliyinin təmin edilməsi məsələsini daim diqqətdə saxlayır. Bu məqsədlə müvafiq təhlil və araşdırmalar aparır. Həmçinin beynəlxalq informasiya mübadiləsində yeni imkanlar açan müasir informasiya-kommunikasiya texnologiyalarının, innovasiyaların tətbiqinə, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görür”. 

"Azərbaycan və Türkiyənin birgə media platforması mövcuddur"

  Ə.İsmayılov vurğulayıb ki, bu il iyul ayının 22-də Azərbaycanın müstəqil dövlətçilik tarixində ilk dəfə Azərbaycan media nümayəndələri öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində Beynəlxalq Media Forum keçirməklə qeyd ediblər: “Şuşa şəhərində keçirdiyimiz Beynəlxalq Media Forumda dünyanın 20-yə yaxın ölkəsindən gəlmiş xarici media nümayəndələri və ekspertlər, beynəlxalq media təşkilatlarının təmsilçiləri ilə müasir media mühitinə dair bütün aktual mövzular ətrafında fikir mübadiləsi apardıq. Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan jurnalistlərinə ünvanlanmış müraciətdə Vətən müharibəsi zamanı Azərbaycan mediasının informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rolu olduğu vurğulanıb, həmçinin ölkə mediasının inkişafı ilə bağlı olduqca əhəmiyyətli istiqamətlər və prinsiplər müəyyənləşdirilib. Azərbaycan mediasının beynəlxalq informasiya məkanına inteqrasiyası dünyamızın reallıqları fonunda daha böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan və Türkiyənin birgə media platforması mövcuddur".
  MEDİA-nın icraçı direktoru bildirib ki, Birgə Media Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır: "Bu istiqamətdə əsas fəaliyyətimiz ölkələrimiz haqqında həqiqətləri beynəlxalq mediada dünya ictimaiyyətinə düzgün çatdırmaqdır. Bu ilin iyun ayında Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Həmçinin bu ilin avqustunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu” imzalanıb. Türk Dövlətləri Təşkilatının üzvü olan bu qardaş respublikalarla imzaladığımız anlaşma memorandumları çərçivəsində media məkanında milli maraqların birgə təşviqi və qorunmasına yönəlmiş ikitərəfli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, təcrübə mübadiləsinin genişləndirilməsi, o cümlədən media sahəsində qarşılıqlı əlaqələrin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, fəaliyyət dövrü ərzində MEDİA müxtəlif istiqamətlərdə icra edilən çoxsaylı layihələr çərçivəsində ADA Universiteti, “Al Jazeera”, “Haber Global”, Türk Əməkdaşlıq Koordinasiya Agentliyi, “Anadolu Ajansı” kimi nüfuzlu yerli və beynəlxalq qurumlarla etibarlı əməkdaşlıq əlaqələri qura bilib. Bizim öz ölkələrimiz haqqında həqiqətləri beynəlxalq auditoriyaya çatdırmaq üçün bütün türk dünyasının jurnalistləri arasında həmrəyliyə ehtiyacımız var. Media subyektlərimiz öz peşəkar missiyasını bütün müstəvilərdə vahid ideologiya ilə yerinə yetirdiyi təqdirdə səsimiz daha güclü olacaq və daha aydın eşidiləcəkdir. Türk dünyasının birlik, həmrəylik və əməkdaşlıq ideyasını rəhbər tutaraq möhkəmlənən əlaqələrinin media sahəsində də uğurla davam edəcəyinə inanırıq. Beynəlxalq aləmi türk dünyası haqqında obyektiv informasiya ilə təmin etmək üçün biz peşəkarlığımızı və sayıqlığımızı artırmalı, birliyimizi möhkəmləndirməliyik”.