“Səs” 32 ildə elə də asan görünməyən yolları keçib

Bəhruz Quliyev: “Qəzetin təməlində müstəqil mətbuatımızın sarsılmaz əqidə məktəbi dayanmaqdadır”

“Əlimizdə olan bütün imkanlardan maksimum qaydada yararlanmağımızla, fəaliyyətimizin əhatə dairəsini daha da genişləndirmişik”

  Azərbaycanın mətbuat tarixində özünəməxsus yolu, imzası olan nüfuzlu "Səs" qəzeti 32 yaşına qədəm qoydu. "Səs" qəzeti 1990-cı ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də isə dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitutunun 6-cı mərtəbəsində olub. Hazırda qəzetin baş redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevdir. Nəşr fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 8 səhifə həcmində və 5-10 min arası tirajla dərc olunub. 
1993-cü ildə tirajı 25 minə çatıb. 1994-cü ildən 16 səhifə həcmində çap olunan qəzet 1998-ci ildən etibarən gündəlik dərc olunmağa başlayıb. Qəzetin səhifələrində tanınmış şəxslərin məqalələri dərc olunub. Bazası əsasında "Səs" İnformasiya Agentliyi və "Səs" İnternet TV fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, 1992-ci il oktyabrın 16-da ölkənin 91 nəfər tanınmış ziyalısının Ulu Öndər Heydər Əliyevə müraciəti və oktyabrın 24-də Ulu Öndərin həmin müraciətə cavabı da məhz "Səs" qəzetində dərc olunub. 

  Qəzetin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev "Şərq"ə açıqlamasında bildirib ki, “Səs” qəzeti fəaliyyətinin 32 illik dövründə keşməkeşli, elə də asan görünməyən yolları keçib. Baş redaktor vurğulayıb ki, keçilən bu yol həm də özündə qətiyyətlik prinsiplərini əxz etdirən şərəfli bir yoldur:

 "Onun təməlində müstəqil mətbuatımızın sarsılmaz əqidə məktəbi dayanmaqdadır. “Səs” qəzeti yalnız üzərinə düşən tarixi missiyaları yerinə yetirən mətbu orqanı deyil, bu qəzet eyni zamanda bir mətbuat məktəbidir. Məhz Azərbaycanın müstəqillik tarixi ilə yaşıd olan “Səs” qəzeti bütün fəaliyyəti dövründə xalqın sözünü deyən sevimli mətbuat orqanına çevrilməyi bacarıb və daim Azərbaycan dövlətçiliyinin, Ulu Öndər Heydər Əliyev ideyalarının yaşadılmasına, inkişafına, tərəqqisinə çalışıb, bu gün də çalışmaqdadır. Əlbəttə ki, belə bir tarixi əhəmiyyətli və qətiyyətli yolu keçmək heç də hər mətbuata nəsib olmur. Biz fəxr edirik ki, belə bir yolu keçmək, belə bir aşırımları aşmaq, qət etmək bizlərə nəsib olub və bu arada fürsətdən istifadə edərək, mən və redaksiya heyətimiz bizi növbəti - 32-ci ildönümümüz münasibəti ilə bağlı təbrik edən hər kəsə öz dərin minnətdarlığımızı bildiririk".

  B.Quliyev qeyd edib ki, "Səs"in yaranması çox mürəkkəb ictimai-siyasi hadisələrin tüğyan etdiyi bir dövrə təsadüf edirdi:

 "Qəzetimizin fəaliyyətə başlaması tarixinə diqqət yetirsəniz görərsiniz ki, o vaxt hələ rəsmi müstəqillik aktı qəbul olunmamışdı və ölkənin ilk müstəqil mətbu orqanı olaraq kifayət qədər sədlər, baryerlər mövcud idi. Təsəvvürünüzə gətirin ki, həmin vaxtlarda elektron media demək olar ki, yox idi, həmçinin qəzetlərin çap mexanizmi də indikindən qat-qat fərqli idi ki, böyük tirajların dərc edilərək oxucu auditoriyalarına çatdırılması böyük zəhmət, ağır iş tələb edirdi. Bu gün biz xoşbəxtik ki, qəzetimiz həmin ağırlıqlara sinə gərərək bu gün müasir mətbuat sıralarında öz sözünü deməkdə davam edir. Siyasi tərəfinə gəldikdə isə qeyd edim ki, 1992-ci ildən başlayaraq, "SƏS" qəzeti hakim Yeni Azərbaycan Partiyasının təşkilatlanmasında baza rolunu oynayıb. Xalqla Ulu Öndər arasında olan sevgini, dəstək və vəhdət faktorunu biri-birinə çatdırıb, partiya yarandıqdan sonra isə onun əsas mətbu ruporu qismində fəaliyyətini davam etdirib, YAP-ın bəyanatlarını, yığıncaqlarını və sair tədbirlərini öz səhifələrində geniş işıqlandırıb. Qəzet yarandığı gündən Ulu Öndər Heydər Əliyevin müdafiəçisi rolunda çıxış edib. Onun Naxçıvandakı çətin, ağır və yorulmaz fəaliyyətini ölkə ictimaiyyətinə çatdırıb. Qəzetimiz 1991-93-cü illər saylarında Ulu Öndər Heydər Əliyevin müsahibələrini və onun haqqında məqalələri, həmçinin ölkə parlamentindəki çıxışlarını oxucularına təqdim edib. Həmçinin Ulu Öndərin xarici mətbuata verdiyi müsahibələri tərcümə edilərək, ölkə ictimaiyyətinə çatdırılıb. Bütün bu reallıqlar isə əlbəttə ki, asan başa gəlməyib". 

  Baş redaktor bildirib ki, qəzetin kollektivi yaradıcılıq prinsipləri və təşkilati-texniki meyarlar baxımından müasir dövrün tələbləri ilə ayaqlaşmaq sahəsində yüksək peşəkarlıq, böyük təşəbbüskarlıq nümayiş etdirir:

 "Bu gün "Səs" qəzetini internet şəbəkəsi vasitəsilə hər an bütün dünyada izləmək və oxumaq mümkündür. Qəzetin müasir informasiya texnologiyalarını mənimsəmək sahəsində göstərdiyi səylər, şübhəsiz ki, təqdirəlayiqdir. Hazırda bununla bağlı “Səs”in fəaliyyətində böyük tərəqqi, müsbət irəliləyiş müşahidə olunur. Hər il bir hesabat olduğu kimi, 32 illik hesabat dövrünə qısa nəzər saldıqda görürük ki, əlimizdə olan bütün imkanlardan maksimum qaydada yararlanmağımızla, fəaliyyətimizin əhatə dairəsini daha da genişləndirmişik. Cəmiyyətdə baş verən müxtəlif vacib məsələlərin və hadisələrin dəyirmi masalar vasitəsilə ictimai müzakirəyə çıxarılması, həmçinin regionlarda görülən işlər və problemlərlə bağlı geniş müzakirələrin təşkili də qəzetin fərqli yeniliklərindəndir. "Səs"in intellektual potensialından istifadə edərək müxtəlif dövrlərdə Ulu Öndər Heydər Əliyevin, onun layiqli davamçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı film və multimedia diskləri hazırlanıb və geniş ictimaiyyətə təqdim edilib. Yeni Azərbaycan Partiyasının ildönümlərində və siyasi hadisələr dönəmində, həmçinin 44 günlük Zəfər salnaməsinin işıqlandırılması yönündə müxtəlif sənədli filmlər və analitik yazılarla "Səs" qəzeti ictimaiyyətə öz töhfəsini verib. 2008-ci ildən qəzetin maddi və intellektual bazasında yaradılmış, müasir informasiya siyasətinə uyğunlaşan, üç dildə "Səs" İnformasiya Agentliyi (sia.az) fəaliyyət göstərir. Qısa zamanda bu agentlik öz maraqlı, obyektiv informasiyaları ilə təkcə ölkə oxucularının deyil, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların mütəmadi izlədikləri bir internet resursa çevrilib. Qəzetin onlayn (PDF) variantı və internet saytı (sesqazeti.az) fəaliyyət göstərir. Xarici ölkələrdə yaşayan azərbaycanlılar da sayt vasitəsilə qəzeti izləmək imkanına malik olurlar. 2020-ci ilin ortalarından başlayaraq qəzetimiz Quarkod (QR) vasitəsilə də Azərbaycanın müasir mətbuatında bir yeniliyə imza atdı. Azərbaycanda ilk dəfə olaraq video-qəzet formatında nəşrə başladı və qəzet üzərindən müxtəlif xəbərləri video-görüntü vasitəsilə izləmək mümkündür. Müasir informasiya texnologiyalarının imkanları bizim bu işi həyata keçirməyimizə təkan verdi. 2021-ci ilin payızından başlayaraq “Səs” qəzeti öz tarixi ənənələrini qorumaqla rəngli formatda və fərqli dizaynı, loqosu ilə oxucu auditoriyasının görüşünə gəldi. Qeyd edim ki, qəzetimizin 32 illik yaşı ilə yanaşı "Səs" İnternet Televiziyasının (sestv.az) da 12 yaşı tamam olur".

PS. "Şərq" qəzeti olaraq biz də 32 yaşlı "Səs"in rəhbərliyini və kollektivini səmimi-qəlbdən təbrik edir, yeni uğurlar arzulayırıq.