Yazılı və ixtisaslaşmış mediaya reklam verməyi təşviq etmək lazımdır

Azər Həsrət: “Güzəştlər tətbiq edilərsə, dövlətimiz elə də böyük məbləğdə pul itirməyəcək, amma əvəzində dayanıqlı, ciddi bir media yaranacaq”

Aqil Camal: “Müsabiqə şərtləri əsasında media orqanlarına verilən vəsaitlərə vergi güzəştlərinin olması təqdirəlayiq olardı”


  "Yazılı mediaya reklam verən şirkətlərə güzəşt tətbiq olunmalıdır. Medianın reklam gəlirləri kifayət qədər azdır. 2021-ci ildə medianın 42,3 mln. manatlıq gəliri olub. Bu gəlirlərin 36 mln. manatı televiziyanın payına düşür". Bu təkliflə Milli Məclisin komitə iclasında millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, ixtisaslaşmış medianın reklam gəlirləri kifayət qədər azdır: "Yazılı və ixtisaslaşmış mediaya reklam verməyi təşviq etmək lazımdır. Vergi Məcəlləsində dəyişiklik edilərək reklam verən şirkətlərə güzəştlər tətbiq edilməsi və vergi güzəştlərinə baxılması lazımdır ki, bu, biznesi mediaya reklam verməyə təşviq etsin. Ötən il sosial media gəlirlərin əhəmiyyətli dərəcədə hissəsini götürüb. Azərbaycanda sosial medianın gəlirləri, yazılı mediadan daha çoxdur və olacaq da. Biznesen sosial mediada reklam yerləşdirməkdə daha maraqlıdır, nəinki yazılı mediada. Buna görə də mediaya reklam verilməsinin təşviqi mühümdür". Parlament üzvü vurğulayıb ki, biznes təşviq olunmazsa, medianın gəlirlərində kəskin artımlar müşahidə olunmayacaq. 

  Deputatın təklifini "Şərq"ə dəyərləndirən media eksperti, "Bayraqdar.info" saytının baş redaktoru Azər Həsrət "Şərq"ə deyib ki, medianın ayaqda dura bilməsi üçün vergi sahəsində müəyyən güzəştlərin tətbiq edilməsi yerinə düşər. Baş redaktorun sözlərinə görə, xüsusən reklam sahəsində vergi güzəştlərinin tətbiqi çox önəmlidir:

 "Bu addım əsasən, çap və onlayn medianın daha ciddi şəkildə ayaqda durmasına əlavə stimul verər. O baxımdan, təklif təqdirəlayiqdir. Düşünürəm ki, güzəştlər tətbiq edilərsə, dövlətimiz elə də böyük məbləğdə pul itirməyəcək. Amma əvəzində dayanıqlı, ciddi bir media yaranacaq. Yəni az xərclə böyük fayda əldə etmək imkanı formalaşacaq. Güzəştlərin tətbiq edilməsi ilə normal medianın təşviq edilməsinin yolları da açılacaq. Son illərdə dövlət ciddi medianın irəli çıxması üçün önəmli tədbirlər görür. Böyük miqdarda vəsaitlər ayrılır. Əlavə olaraq, reklam və vergi güzəştlərinin tətbiq olunması sayəsində dövlət öz məqsədinə çatmış olacaq. Dayanıqlı, ciddi mətbuat qeyri-ciddi, vətəndaşlar arasında ajiotaj yaratmağa hesablanmış mediadan daha önə çıxacaq. Əlbəttə, söhbət çap və onlayn mediadan gedir. Televiziya və radio sahəsində durum bir qədər fərqlidir". 

  "Türküstan" qəzetinin və "Turkustan.info" saytının baş redaktoru Aqil Camal isə mediaya dəstək verən şirkətlərə vergi güzəştlərinin təklifi ilə bağlı fərqli yanaşma ortaya qoyub. Baş redaktor bildirib ki, Azərbaycanda reklamların bölüşdürülməsi, ümumiyyətlə, reklamların verilməsi məsələsi subyektivdir: "Reklam məsələsi hansısa şəxsi münasibətlərə, inzibati göstərişlərə əsaslanır. Bu baxımdan gələcəkdə şirkətlər media subyektlərinə reklamlar vermək adı ilə az sayda qurumlarla sövdələşməyə gedərək, yəni gizli "əməkdaşlıqlar" yaradaraq, müəyyən qədər vəsaiti vergidən gizlədə bilərlər. Reklamın təşviq olunması ilə bağlı ən yaxşı yol ümumən reklamın şirkətlərə aşılanması və müəyyən kriteriyaların müəyyən olunmasıdır. Şirkətlər hansı kriteriyalara söykənərək media subyektlərinə reklamlar verirlər? Baxanda görürük ki, reklam heç də reytinqə, populyarlığa, daha çox oxucu kütləsinə görə deyil, şəxsi münasibətlərə görə media orqanlarına verilir. Yaxşı olar ki, bu sahədə yaradılmış monopoliya aradan götürülsün". 

  A.Camal hesab edir ki, mediaya dəstəyin tətbiq olunması zamanı ilk növbədə dövlət dəstəyi ilə göstərilən maddi yardımların vergidən azad olunması ön planda olmalıdır:

 "Media bu məsələdə çox ciddi problemlər yaşayır. Müəyyən mübahisələr yaranır, arayışlar tələb olunur. Dövlət büdcəsindən gələn vəsaitin nağd formada çıxarılması zamanı da media qurumları problemlərlə qarşılaşır. Bu baxımdan ilk növbədə dövlət qurumları tərəfindən yardım formasında, yaxud müsabiqə şərtləri əsasında media orqanlarına verilən vəsaitlərə vergi güzəştlərinin olması təqdirəlayiq olardı. Bununla bağlı informasiya media cameəsində müsbət qarşılanmaqdadır".