Erməni yalanları ən yüksək kürsüdə ifşa olundu


Onlar təkcə məscidləri deyil, alban kilsələrini də vəhşicəsinə dağıdıblar

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

 
  Azərbaycan dövlətinin hüquqi əsasları dünyəvi xarakter daşıyır. Bununla belə, dövlətimiz din 
və mənəviyyat sahəsinə böyük qayğı və dəstək göstərir, tolerantlığı prioritet məsələ hesab edir. 
Ölkəmizdə hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi 
Konstitusiyada müəyyən edilib. Ali Qanunda göstərilir ki, "bütün dini etiqadlar qanun qarşısında 
bərabərdir". Azərbaycanda yaşayan hər kəsin vicdan azadlığı, ictimai qaydanı pozmayan, yaxud 
ictimai əxlaqa zidd olmayan dini mərasimlərin yerinə yetirilməsinin sərbəstliyi təsbit olunur. 
Əhalisinin 95 faizi müsəlmanlardan ibarət olan Azərbaycan başqa konfessiyalara və millətlərə 
mənsub olan insanların dinc və mehriban yaşamasını təmin edir. 

Tolerantlıq nümunəsi hesab edilən Azərbaycan dini dözümlülük səviyyəsinə görə, əksər ölkəni qabaqlayır. Tolerantlığın Azərbaycan modeli müsəlman aləmi üçün nümunə sayılır və beynəlxalq konfransların, forumların çoxunda fəal müzakirə edilir. Ölkəmizdə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam 
təmayüllü dini icma, eyni zamanda 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Avropanın ən iri 
sinaqoqlarından biri 2003-cü ilin mart ayında məhz Bakı şəhərində açılıb. Ermənistanda isə 
ksenofobiya və irqi ayrı-seçkilik ən yüksək səviyyədədir. Monoetnik dövlət quran Ermənistanda 
daim digər xalqın nümayəndələrinə yuxarıdan aşağı baxmaqla yanaşı, faşizmə xas olan mövqe 
nümayiş etdirilib. Özlərini “Erməni Apostol Kilsəsinin mənsubları” adlandıran monofizit 
ermənilər nəinki digər dinlərə, hətta xristianlığın digər qollarına qarşı dözümsüzlük nümayiş 
etdiriblər. Maraqlıdır ki, bu kimi faktlar yalnız erməni cəmiyyətinə xas olan ənənə deyil, 
həmçinin dövlət səviyyəsində yürüdülən siyasətin tərkib hissəsidir. Ermənistanın 30 il işğal 
altında saxladığı torpaqlarımızda törətdiyi vəhşilik, dini-tarixi abidələrə tutduğu divan, 
məscidlərin darmadağın edilməsi və aşağılamaq məqsədilə donuz fermasına çevirməsi dəfələrlə 
gündəmə gətirilmiş, dəlillərlə isbat olunmuş real faktlardır. Azərbaycandakı tolerant mühiti və 
fərqli dinlərə olan nümunəvi münasibəti Ermənistanla müqayisə etməyimiz təsadüfi və əbəs yerə 
deyil. Məsələ ondadır ki, ötən gün Almaniyada, Münhen Təhlükəsizlik Konfransında iştirak edən 
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanı absurd iddialarla ittiham etməkdən 
çəkinməyib. Qarabağda salamat məscid qoymayan ermənilərin baş naziri Azərbaycanı 
həyasızcasına suçlayıb. Nə qədər qəribə və gülünc səslənsə də, Nikol Paşinyan erməni 
vəhşiliklərini gizlətmək üçün Azərbaycanı "məscidləri dağıtmaqda" ittiham edib. 
Azərbaycan Prezidenti İlham Əliyev Münhendəki konfransda çıxışı zamanı bildirib ki, 30 il 
ərzində bizim torpaqlarımız Ermənistanın işğalı altında olub. Dövlət başçısı vurğulayıb ki, biz 
ləyaqətimizi, ərazi bütövlüyümüzü və ədaləti bərpa etmək, BMT Təhlükəsizlik Şurasının 
qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq: "Ona görə də biz, 
sadəcə, Qarabağda bugünkü vəziyyəti və ya oradakı erməni icması ilə əlaqələrimizi kontekstdən 
çıxararaq 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğunu 
unutmamalıyıq. Bu, yadplanetlilər tərəfindən edilməyib, gəlib bizim torpağımızı işğal etmiş, bir 
milyon azərbaycanlını evindən didərgin salmış, 67 məsciddən 65-ni dağıtmış, onları təhqir etmiş 
qonşularımız tərəfindən edilib. Biz onları qovandan sonra indi onlar ədalət üçün yalvarırlar. 
Ərazimizi 30 il ərzində işğal altında saxlayanlar bizi işğalda günahlandırırlar". Ölkə rəhbəri qeyd 
edib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır: "Azərbaycan çoxmillətli 
ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil 
olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının 
nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq". 

  Ermənistan Baş naziri Nikol Paşinyan isə dövlət başçısı İlham Əliyevin əsaslı açıqlamalarına 
cavab vermək üçün ağlına gələni danışıb. İddia edib ki, guya, 2017-ci ildə Azərbaycanda yeni 
yollar tikmək üçün bir neçə məscid dağıdılıb: 

"Prezident Əliyev qeyd etdi ki, bilmirəm bir neçə 
min məscid dağıdılıb. Yeri gəlmişkən, sovet dövründə Azərbaycanda təxminən 1560 məscid 
dağıdılmışdı. Bu, Sovet İttifaqı üçün adi hal idi. Sovet dövründə Ermənistanda kilsələr, 
məscidlər dağıdılmışdı. Bilirsiniz, Qarabağ erməniləri sovet dövrünün borcunu ödəməməlidirlər. 
Bilirsiniz, bu, çox mühümdür, bu, çox təhlükəli söhbətdir. Bəzən elə bir təəssürat yaranır ki, 
Azərbaycan tərəfi bütün vəziyyətə dini don geyindirmək istəyir. Bu, çox təhlükəlidir. 
Münaqişənin heç bir dini konteksti yoxdur. Buna sübut olaraq deyə bilərəm ki, bizim ölkədə 
müsəlman icması yaşayır, məscid fəaliyyət göstərir. Budur reallıq. Azərbaycan tərəfindən 
səslənən ifadələr nə deməkdir?". 

  Paşinyanın "biz məscidləri dağıtmamışıq" bəyanatına Qarabağdakı separatçılardan da dəstək 
gəlib. Qondarma qurumun “dövlət nazirinin müşaviri” Artak Beqlaryan teleqram kanalında yazıb 
ki, "ermənilər heç bir məscidi dağıtmayıblar, bacardıqları qədər qoruyub saxlayıblar”. O bildirib 
ki, guya, ermənilər qəsdən heç bir məscidi dağıtmayıb: "Əksinə, Şuşa məscidini bərpa etmişik. 
Məscidləri kilsələr kimi bacardığımız qədər qoruyub saxlamışıq”. Yəni Paşinyanı "müdafiə 
etməyə" çalışan separatçı deyib ki, "məscidləri kilsələrə çevirərək qoruyub saxlayıblar". 
  Paşinyanın sərsəm açıqlamaları Ermənistan ictimaiyyətində də məyusluq doğurub. Jurnalist 
Arsen Xaratyan Paşinyanı hazırlıqsız olmaqda, lazımsız məqamları gündəmə gətirməkdə ittiham 
edib: "Azərbaycanın dəfələrlə səsləndirdiyi və indi də ittiham etdiyi məsələlərə, məscidlərin 
dağıdılması və s. problemlərə cavablar əvvəlcədən hazırlanmalıdır. Yəni üzərində işlənmiş 
cavablar olmalıdır". 
  Növbəti erməni həyasızlığı ilə bağlı "Şərq"ə danışan millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru 
Ceyhun Məmmədov deyib ki, Ermənistan məscidlərimizlə yanaşı, kilsələrimizi də dağıdıb. 
Deputat bildirib ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Baş naziri 
N.Paşinyan növbəti dəfə saxtakarlıq edərək Azərbaycan həqiqətlərini təhrif etməyə, Azərbaycanı 
günahlandırmağa çalışıb. Prezident İlham Əliyev isə Paşinyanın ittihamlarına tutarlı cavablar 
verib: "Paşinyanın çıxışında Azərbaycanı keçmiş Qarabağ münaqişəsini dini zəmində münaqişə 
kimi təqdim etməkdə günahlandırmağa çalışdı. Əslində isə Qərbdə Qarabağ münaqişəsini dini 
zəmində münaqişə kimi təqdim etməyə çalışan məhz Ermənistandır. Uzun illərdir Ermənistan 
Qərbdə xristian ölkəsi olduğu üçün bölgədə müsəlman azərbaycanlıların təqibinə məruz 
qaldığını iddia edir və bununla xristian Qərb dövlətlərinin və həmin ölkələrin xristian əhalisinin 
dəstəyini qazanmağa çalışır. Ermənistanın Azərbaycanı bu məsələdə günahlandırması növbəti 
riyakarlıqdır. Prezident İlham Əliyevin ermənilərin Qarabağda 67 məscidi barbarcasına 
dağıtması ilə bağlı səsləndirdiyi faktlara Paşinyanın cavabına gəldikdə isə bu məsələdə də baş 
nazir riyakarlığa yol verərək məscid və kilsələrin sovet dövründə dağıdıldığını bildirərək, 
Ermənistanda müsəlman azlıqlar üçün şərait yaradıldığını iddia etdi. Əslində isə reallıq ondan 
ibarətdir ki, Ermənistan təkcə məscidlərimizi dağıtmayıb, onların içərisində donuz və inək 
saxlayıb".
  C.Məmmədov qeyd edib ki, ermənilər təkcə məscidləri deyil, alban kilsələrini də vəhşicəsinə 
dağıdıblar: "Beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün isə Şuşada və İrəvanda bir Azərbaycan 
məscidini təmir edərək dünyaya "fars məscidi" kimi təqdim etməyə çalışıblar. Bakının 
mərkəzində bu gün erməni kilsəsi Azərbaycan dövləti tərəfindən içərisində 5000 ədəbiyyatla 
mühafizə olunur. Paşinyanın nə deməsindən asılı olmayaraq reallıq bundan ibarətdir. Yekunda 
qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev növbəti dəfə beynəlxalq platformada 
Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı, erməni yalanlarını ifşa etdi".