ABŞ bölgədəki insan haqları ilə bağlı vəziyyəti yaxşı bilir

Ermənistanın “Demokratiya sammiti”nə dəvət edilməsi siyasi riyakarlıqdır

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması


  Dünyada özünü “ən demokratik ölkə” adlandıran ABŞ, əslində bu adı zorla mənimsəməyə çalışır. Martın 30-da ABŞ-də keçiriləcək “Demokratiya sammiti”nə dəvətli ölkələrin siyahısı bunun əyani təsdiqidir. Məlum olur ki, ölkələr heç də insan haqları, demokratiya dəyərlərinə hörmət prinsipinə hansı dərəcədə riayət etdiklərinə görə seçilməyib. ABŞ qonaqları yalnız öz siyasi maraqlarına görə seçib və növbəti dəfə ikili standartlar mövqeyinə sadiq qaldığını sübut edib. Cənubi Qafqaz dövlətləri arasında demokratik dəyərlərə, insan haqlarının qorunmasına daha çox üstünlük verən, hətta bölücülük, dövlətə və insanlara qarşı terror həyata keçirmiş və hələ də terrorçuluqdan əl çəkməyən vətəndaşlarına da – Qarabağda məskunlaşmış ermənilərə sülh və dialoq təklif edən Azərbaycan “Demokratiya sammiti”nə dəvət edilmir, dövlət siyasətində iqri, milli ayrı-seçkilik, insanları sadəcə etnik mənsubiyyətinə görə soyqırım etmək əsas yer tutan və bunu tarixdə dəfələrlə reallaşdırmış Ermənistan isə sammitə dəvət edilir. Bəlkə “demokratiya beşiyi” ABŞ-nin qulağı tamam başqa “laylalara” açıqdır? Hesab edirlər ki, bir dövlətin digər dövlətə qarşı xəstə təxəyyülü nifrəti xarici siyasətə aiddir, onlar üçün daxildəki vəziyyət – ölkə vətəndaşlarının haqq və hüquqlarının qorunması önəmlidir, o halda zəhmət çəkib Ermənistan daxilində baş verənlərə də açıq gözlə baxmalıydılar. Gözlərini yumaraq deyil. İkili standartlardan qısa bir müddətə olsa da çıxıb, Ermənistandakı daxili vəziyyətə nəzər salsaydılar, nələr baş verdiyini görərdilər. 2022-ci ildə Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciətlərin sayına görə ilk onluqda yer alır. Ötən il ərzində Ermənistandan AİHM-ə edilən müraciətlərin sayı 1250 təşkil edib ki, bu da ərizələrin ümumi sayının 1,7 faizini təşkil edir. Eyni zamanda 2022-ci ildə Ermənistandan əvvəlki illə müqayisədə 111 yeni müraciət daxil olub. Müraciətlərin sayında artımın olması da ölkədə insan hüquqları sahəsində vəziyyətin gərgin olmasının sübutudur. Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xalqa qarşı zorakılıq, pis həbsxana şəraiti, əsassız həbslər və söz azadlığının məhdudlaşdırılması kimi hallar ABŞ Dövlət Departamentinin Ermənistanda 2022-сi ildə insan haqlarının vəziyyəti ilə bağlı hesabatında əksini tapıb. Yaxşı, bu necə olur? ABŞ Dövlət Departamenti Ermənistanda insan haqları ilə bağlı vəziyyəti bildiyi halda, özü bunu təsdiqlədiyi halda bu terror dövlətini “Demokratiya sammiti”nə dəvət edir. Ermənistan demokratiyanın, insan haqlarının davamlı pozulduğu bir ölkədir. Bu ölkədə insan haqlarının kobud şəkildə pozulması və bu halların getdikcə daha da artması hər kəsə yaxşı məlumdur. Təkcə  insan haqlarının pozulması deyil, siyasi rəqiblərə qarşı şiddət, həbs, təqib kimi hallar da Ermənistan adlı dövlətin aparıcı siyasi xəttidir. Beynəlxalq hesabatlarda bu qeyd edilirsə, deməli, real mənzərə göz önündədir. Bəs necə olur, ABŞ kimi “iti nəzərə” malik dövlət bunları görmür? 
  Milli Məclisin deputatı Ceyhun Məmmədov “Şərq”ə açıqlamasında qeyd etdi ki, “Demokratiya sammiti”nə hansı dövlətlərin dəvət edilməsi ABŞ-nin ikili standartlardan çıxış etdiyini bir daha təsdiqlədi: 
- Ermənistanda siyasi-ictimai vəziyyətin və proseslərin təhlili göstərir ki, bu ölkədə davamlı olaraq insan hüquq və azadlıqları kobud surətdə pozulur. Hazırkı hakimiyyət müxalifətə qarşı ən sərt repressiv üsul və metodlardan istifadə edir. Eyni zamanda müxalif yönümlü ictimai fəallar və media quruluşları da tez-tez təzyiqlərə və repressiyalara məruz qalır. Onların sərbəst fəaliyyəti məhdudlaşdırılıb. Bu məsələyə dair çoxlu sayda faktlar var. Azərbaycanın insan hüquqları monitorinqi qrupunun Ermənistanla bağlı hazırladığı hesabatda bütün bu məsələlərə dair faktlar dəqiq qeyd olunub. Təkcə  Azərbaycan tərəfinin hazırladığı hesabatla kifayətlənməyə bilərlər. Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı ötən həftə açıqladığı faktlar da bunu deyir. 2022-ci ilin aprel-iyul aylarında Ermənistanda keçirilən etiraz aksiyaları qəddarlıqla dağıdılıb, ümumilikdə 2100-dən çox etirazçı saxlanılıb. Həmçinin siyasi səbəblərdən bir sıra vətəndaşların Ermənistana girişinə qadağa qoyulub. Məsələ burasındadır ki, ABŞ Dövlət Departamentinin insan haqlarının vəziyyəti ilə bağlı hazırladığı hesabatda da bu faktlar yer alır. Departament özü Ermənistanda insan haqlarının kobud pozulduğunu, siyasi müxalifətlə amansız davranıldığını təsdiqləyir, amma sonra bu dövləti “Demokratiya sammiti”nə dəvət edir. Bəlkə də məqsədləri budur ki, Ermənistan sammitdə demokratiyanı “öyrənsin”, “təcrübə” qazansın. Çətin ki, hazırkı siyasi rejim nəsə öyrənə. Bu, sadəcə ABŞ-nin növbəti riyakarlığı, ikili standartlar siyasətinə “sadiqliyidir”. Təkcə ABŞ deyil. Ümumiyyətlə, bir çox beynəlxalq insan hüquqları təşkilatları Ermənistanda baş verən hüquq pozuntularını əksər hallarda görməməzlikdən gəlirlər. Ermənistanı “demokratik ölkə” kimi təqdim etməyə çalışırlar. Azərbaycanda isə baş vermiş ən kiçik hadisədən böyük bir şou düzəldirlər. Burada riyakarlıq, ikili standartlar, qərəz ifadələrini başqa bir ifadəylə əvəz etmək mümkün deyil. 
  D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu da bu fikirdədir ki, Ermənistanın “Demokratiya sammiti”nə dəvət edilməsi siyasi riyakarlıqdır: 
-  Azərbaycan ərazisi, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın bir şəhəri olan Xankəndiyə təbii qazın verilməsində problem yaranır, bütün dunya “demokratları” ayağa qalxır ki, insan haqları pozulur. Mən soruşuram; ötən 30 ildə bizim məcburi köçkünlər, qaçqınlarımız, hansı ki məhz Ermənistandan qovuldular, ayaqyalın, başıaçıq, bütün malları, mülkləri əllərindən alınıb qəsb edilmiş qaçqınlarımız çadırlarda, vaqonlarda yaşayanda, qışda soyuqdan donanda, yayda istidən qovrulanda nə üçün bu demokratların səsi çıxmırdı? Azərbaycanın haqq səsini eşidənlər də oldu, bizim insan hüquqları təşkilatları bir çox beynəlxalq təşkilatlarla iş apardılar, həqiqətləri göstərdilər, Azərbaycan tək deyildi, bizi dəstəkləyənlər, haqq işimizdə bizə dəstək olanlar da vardı. Amma niyə “demokratiya beşiyi” olan ABŞ guya ki, burada ermənilərin hüquqları pozulur adı altında Azərbaycana qarşı qərəzli mövqe tutdu? İndi də eyni vəziyyətdir. Yenə qərəzli mövqe, yenə ikili standartlar. Biz də bilirik. Təbii qazın verilməsində problem yaranması yaxşı hal deyil. Xankəndi Azərbaycan ərazisidir və Azərbaycan dövləti hər bir vətəndaşının, o cümlədən də hazırda separatçıların, ekstremistlərin əlində girov qalan erməni vətəndaşlarının hüquqlarını müdafiə etməyə, onları təmin etməyə hazırdır. Bunu Prezident İlham Əliyev dəfələrlə bildirib. Ancaq oradakı bir ovuc separatçı separatçılığından əl çəkmək istəmir. Azərbaycan tərəfi həmişə bəyan edib ki, kim olursa-olsun, üz-üzə əyləşib bütün problemləri həll edə bilərik. Amma əraziyə silah daşıyan, insanları siyasi maraqlarının girovuna çevirən separatçı dəstəsi ekstremist hərəkətlərdən əl çəksin. Azərbaycan dövləti hər bir vətəndaşının qorunmasını, müdafiəsini üzərinə götürür. Biz problem yoxdur, demirik. Amma dövlət problemləri həll etmək gücündədir. ABŞ-nin “Demokratiya sammiti”nə Azərbaycanı dəvət etməməsi isə ikili standart, ayrı-seçkilik və qərəzdən başqa bir şey deyil. Sammit rəhbərliyi ermənipərəst mövqedən çıxış edir. Bu da ümumilikdə Cənubi Qafqaz regionuna qərəzli bir yanaşma, insan haqlarına hörmətsizlikdir.