Ətraf mühitin mühafizəsi hər kəsin məsuliyyətidir

Ötən illərlə müqayisədə ölkəmizdə ekoloji vəziyyət bu gün daha qənaətbəxşdir

Ekologiya və ətraf mühitin mühafizəsi

  Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkəmizdə ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadəsi məsələsi sosial-iqtisadi islahatlarda mühüm yer tutur.
  Ölkədə ətraf mühit sahəsində mövcud olan problemlərin həll edilməsi üçün irimiqyaslı tədbirlər görülür, layihələr həyata keçirilir. Ona görə də heç təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, 2007-ci ildən etibarən 23 may tarixi Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilir.


  Son illər iqtisadiyyatımızın sürətli inkişafının nəticəsi olaraq artan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi ekoloji layihələrin həyata keçirilməsi imkanlarını xeyli genişləndirib. Buna görə də bir çox ölkələr maliyyə böhranına məruz qaldıqları bir dövrdə ölkəmizdə infrastruktur layihələrin icrası davam etdirilib, ekoloji problemlərin həlli istiqamətində görülən tədbirlər ön planda olub.

  Ətraf mühitin mühafizəsi məsələlərinə daim böyük diqqət yetirən Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ölkəmizdə "Ekologiya İli" elan edilib. Ölkə rəhbərliyinin ekologiya ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlaması ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan verib. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin bilavasitə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına göstərilən diqqət, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların verilməsi bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına parlaq nümunədir. Ekoloji vəziyyətin sağlamlaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində son bir neçə ildə xeyli işlər görülmüş, uzun illər ərzində yaranmış və müstəqil Azərbaycana miras qalmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən Milli və Dövlət Proqramı təsdiq edilmiş, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində hüquqi baza təkmilləşdirilib.

  Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində, həmçinin Xəzər dənizinin Azərbaycana aid hissəsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması istiqamətində dövlət siyasətini həyata keçirir. İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi nazirliyin qarşısında duran başlıca məsələlərdir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülüb. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar uğurla yerinə yetirilib. Hazırda ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın qorunması sahəsində ardıcıl quruculuq işləri davam etdirilir. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir.
  Qeyd edək ki, bu il Ulu Öndərin anadan olmasının 100-cü ildönümü münasibətilə ölkə üzrə meşə və qeyri-meşə sahələrində, ümumilikdə 3 milyon ağacın əkilməsi nəzərdə tutulub. Meşə fondu sahələrinin də builki əkin planı təsdiqlənib və 2023-cü ildə ölkə üzrə 1050 hektardan artıq sahədə əkin və səpin işlərinin aparılması planlaşdırılır. Azərbaycanda intensiv olaraq meşəbərpa tədbirləri aparılır, yeni meşə massivlərinin yaradılması üçün ardıcıl ağacəkmə aksiyaları həyata keçirilir, ağac əkilməsinin, yaşıllıqların genişləndirilməsinin təşviqatı aparılır. Təkcə ötən il və bu ilin müvafiq dövrü ərzində ölkənin meşə fondu torpaqlarının 1605 hektarında əkin və səpin işləri aparılıb.

  Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə meşə fondu torpaqlarının ümumi sahəsi 260 min hektar olub. İşğala qədərki dövrdə həmin ərazilərin 228-230 min hektara yaxını meşə örtüklü ərazilər idi. Təəssüf ki, ən çox zərər çəkən sahələrimiz məhz meşələrimiz olub. Bu meşələr məqsədli şəkildə yandırılıb, istismar edilib. 54 min hektardan çox ərazi tamamilə məhv olunub. Əlbəttə ki, seyrəldilmiş ərazilərimiz də var. Bunlar da min hektarlarla ərazini əhatə edir. Bir hektara min ağac sayı ilə götürsək, bu, 54 milyon ağacın məhvi deməkdir.

  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas prioritetlərindən biri də azad edilmiş ərazilərdə meşəbərpa işlərinin aparılması və həmin istiqamətdə həyata keçirilən layihələrdir. Ötən il 100 hektara yaxın ərazidə yeni meşə zolaqlarının salınması və meşəbərpa işləri aparılıb. Bu il də 100 hektara yaxın ərazidə həmin tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Ölkəmizdə həyata keçirilən reintroduksiya layihələri azad edilmiş ərazilərdən də yan keçməyib. Belə ki, ötən ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayıl rayonuna 33 baş ceyran buraxılıb. Nadir və nəsli kəsilməkdə olan növlərin reintroduksiyası layihəsi çərçivəsində, həmçinin işğaldan azad edilmiş ərazilərdə də bioloji müxtəlifliyin bərpası istiqamətində gələcəkdə bəzi heyvan növlərinin reintroduksiyasının həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin azad edilmiş ərazilərdə su bioresurslarının ehtiyatlarının artırılması məqsədilə Bəsitçay, Həkəri çaylarına, Xaçınçay və Suqovuşan su anbarlarına və Qaragölə indiyə kimi minlərlə çəki, qızıl xallı forel balıqlarının körpələri buraxılıb. Bu il də həmin fəaliyyətin davam etdirilməsi planlaşdırılır. Bu gün peşə bayramlarını qeyd edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin növbəti illərdə də uğurlu fəaliyyətini davam etdirəcəyinə və düşmən tapdağından azad edilmiş torpaqları yenidən dilbər guşələrə çevirəcəyinə inanırıq. 

  Ekspert-ekoloq Telman Zeynalov  da ötən illərlə müqayisədə ölkəmizdə ekoloji vəziyyətin bu gün daha qənaətbəxş olduğunu deyib. Onun sözlərinə görə, son illlər ərzində ölkəmizin ekoloji durumunda çox mühüm irəliləyişlər var:

 ”Mənim fikrimcə, ekologiyanın qorunması ilə tək dövlət məşğul olmamalıdır, insan amili ekoloji problemlərin yaranmasında nə qədər böyük rol oynayırsa, ekologiyanın qorunması və bərpasında da o qədər mühüm əhəmiyyətə malikdir. Sivil Azərbaycan cəmiyyəti bu gün təmiz ekoloji mühitin insan sağlamlığına və bəşəriyətin genefonduna necə təsir göstərdiyini çox yaxşı dərk edir və elə buna görə də hər birimizin ayrı-ayrılıqda payına düşən bu qayğı və diqqəti təbiətimizdən əsirgəməyək”.