Jurnalistlər arasında həmrəyliyi qənaətbəxş saymaq olar

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Ancaq təqibə və təzyiqə məruz qalan jurnalistlərin hüquqlarının qorunmasında bəzən fikirlər haçalanır

  8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür. Bu tarixi gün 1958-ci ilin mayından qeyd edilir. Həmin il Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV Konqresində bununla bağlı qərar qəbul olunub. Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə təsis edilib.
  İnformasiya texnologiyaları əsrində yaşayırıq. Artıq dünyada baş verən hadisələr, eyni zamanda hər bir ölkənin malik olduğu imkanlar barədə dolğun məlumatlar əldə etmək imkanlarına malikik. Bu uğur, inkişaf, tərəqqi, sözsüz ki, jurnalistlərdən böyük məsuliyyət tələb edir. Faktların düzgün araşdırılması, mənbənin “etibarlı”lıqdan çıxarılaraq dəqiq ünvanın göstərilməsi artıq bir tələbə çevrilib. Bu isə özlüyündə jurnalist birliyini, həmrəyliyini, mətbuatın prinsiplərinə hörmətlə yanaşmağı zəruri edir.
  Jurnalistika hazırda ən çətin peşələrdən sayılır. Media fəaliyyəti göstərən şəxsləri, doğru və dəqiq xəbəri vaxtında çatdırmaq, insanları məlumatlandırmaq üçün hər cür çətin şəraitlə qarşılaşan jurnalistləri həm cəmiyyət, həm də öz həmkarları qorumağa çalışmalıdır. Bunun yolu isə həmrəylikdən keçir.
  Beynəlxalq jurnalist təşkilatı tərəfindən təsis edilən, BMT tərəfindən də dəstəklənən belə bir günün qeyd olunması medianın önəmini, jurnalistlərə olan diqqətin göstəricisidir. İl ərzində dünyada nə qədər jurnalist öldürülür, həbs edilir, zorakılığa, təhdidə məruz qalır. Beynəlxalq aləm bu üsulla da medianı, jurnalistləri qorumağa, ildə bir dəfə də olsa onlara diqqət ayırmağa çalışır. Sözsüz ki, jurnalistlər arasında həmrəyliyin təmin edilməsində əsas öhdəlik jurnalist təşkilatlarının üzərinə düşür.
  Bu günün əhəmiyyətindən danışan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli “Sherg.az"a açıqlamasında deyib ki, hazırkı mahiyyət ondan ibarətdir ki, jurnalistlər onların peşə fəaliyyətlərinə mane olan, gözdən salan, yaxud da ki, konkret KİV qurumlarına, jurnalistlərə qarşı olan hücumların qarşısını almaq üçün həmrəylik nümayiş etdirirlər: 

“İstər dünyada, istərsə də Azərbaycanda bu həmrəylik kifayət qədər təşkil olunub. Azərbaycan jurnalistləri konkret hadisələr ətrafında həmrəylik göstərirlər. Məsələn, 44 günlük Vətən müharibəsində jurnalistlərin hamısı bir mövqedən çıxış etdilər, ölkənin və vətənin maraqları nəyi tələb edirdisə, həmin maraqları yerinə yetirmək üçün həmrəylik göstərdilər. Bu da bir həmrəylikdir. Yaxud da ki, Azərbaycanda Milli Mətbuat Günündə bütün jurnalistlər bir araya gəlirlər və ölkədə azad, demokratik medianın yarandığı günü təntənəli şəkildə qeyd edirlər. Bu da həmrəyliyin bir göstəricisidir. Azərbaycan jurnalistləri təkcə həmkarları ilə yox, ümumən cəmiyyətlə həmrəydir. Cəmiyyətdə baş verən elə bir hadisə və proses yoxdur ki, orada medianın rolu duyulmasın. Bu isə şübhəsiz ki, həm də jurnalistlərin bir-birilə həmrəyliyi deməkdir. Əgər onlar bir-biriləri ilə həmrəy ola bilməsələr, cəmiyyəti, vətəndaşları düşündürən, narahat edən, ən əsası isə dövlətçiliklə bağlı məsələlərə münasibətdə vahid mövqe ortaya qoymağı bacarmazdılar. Biz isə mütəşəkkillik, səfərbərlik görürük. Hesab edirəm ki, bu ab-hava jurnalistikamız adına həm də böyük uğur sayılmalıdır”.
  Vaxtilə jurnalistikada qütbləşmə olduğunu xatırladan JuHi sədri deyib ki, media təmsilçiləri ayrı-ayrı siyasi qrupların maraqlarından çıxış edirdilər: “ Hətta şərti şəkildə müxalifət-iqtidar jurnalistikası adlandırılmış deyimlər də var idi. Hazırda belə hallar demək olar ki, müşahidə edilmir. Əslində bunun özü də jurnalistikanı güclü edən məqamdır. Çünki müxtəlif maraqlar heç vaxt cəmiyyətin maraqlarından üstün olmamalıdır. Media təmsilçilərimiz məsələni yetərincə dərk edirlər, dəyərləndirməyi bacarırlar. Bir daha deyim, onlar yaxşı bilirlər ki, bir-biriləri ilə həmrəylik ümumən ölkə üçün həmrəylik deməkdir. Azərbaycan dövlət də siyasi mövqeyindən asılı olmayaraq, bütün Kütləvi İnformasiya Vasitələrinin (KİV-in) inkişafında maraqlıdır. Bunun üçün ölkədə KİV-ə dəstək konsepsiyası hazırlanıb və KİVDF (Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu) yaradılıb. KİVDF jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirir. Bu qurumun layihələrində iştirak edən qəzetlərin maddi-texniki bazası yaxşılaşıb, avadanlıqlar yeniləri ilə əvəz edilib”.
  M.Ələsgərli hesab edir ki, Azərbaycanda qələm əhli arasında həmrəylik qənaətbəxş olsa da, natamamlıqlar da mövcuddur. Məsələn, təqibə və təzyiqə məruz qalan jurnalistlərin hüquqlarının qorunması üçün kifayət qədər həmrəylik göstərə bilirikmi, artıq burada fikir haçalanır: “Bu sahədə ölkəmizdə həmrəylik var, amma natamamdır. Peşə həmrəyliyinin təmin olunması, jurnalistikanın problemlərinin aradan qaldırılması üçün həmrəyliyin konkret mexanizmi mövcuddur. Beynəlxalq standartlar ondan ibarətdir ki, problemlə üzləşmiş jurnalistin məsələsi öncə ictimailəşdirilməlidir. Bu informasiyanın ictimailəşdirilməsi baxımından dəstək almalıdır, media və sosial şəbəkədə paylaşılmalıdır. Hüququn bərpa olunması üçün atılan addımlarda natamamalıq kompleksi ortaya çıxır. Jurnalist təşkilatlarının özlərinin institutlaşmasında problemlər var. Bu həmrəylik təsadüfdən ortaya çıxmır, onu təşkil edən təşkilatlar olur. Jurnalist təşkilatları, birlikləri öndə getməli, həmrəyliyi təşkil etməlidir. Qarşıya qoyulan məqsədə nail olmalıdırlar. Müəyyən çatışmazlıqların aradan qaldırılacağına inanıram”.