"Nə yaxşı ki, komanda seçimimiz uğurlu oldu"  - Azər Ayxan 

“365 gündə ortaya parlaq və peşəkar bir iş qoymuşuq”
“Bacarmayacağımızı gözləyənlər də gərək üzrlü saysınlar, onları pərişan etdik”


  “Başımıza gələn ən “Global” hadisədən 1 il ötür – 365 günün sınağı
Zaman su kimi axıb gedir.Gözümüzü yumub-açınca ilk ad günümüz yetişdi”.
Əməkdar jurnalist Azər Ayxan bu sözləri  təsisçisi və baş redaktoru olduğu  1 yaşlı “Globalinfo.az” saytı haqqında deyib.  

  Globalinfo.az saytı 2022-ci ilin avqust ayında yaradılıb. 15 sentyabr 2022-ci il tarixdə test rejimindən onlayn rejimə keçib. 2022-ci ilin 15 noyabrında saytın fəaliyyəti ictimaiyyətə açıqlanıb və geniş oxucu kütləsi ilə təması başlayıb.
Müstəqil media siyasəti həyata keçirən saytda siyasət, iqtisadiyyat, sosial, hərbi, mədəniyyət, idman, səhiyyə, kriminal, şou-biznes sahələri üzrə ölkədə, regionda və dünyada baş verən ən mühüm xəbərlər yer alır.

Saytın yaranması, fəaliyyət istiqaməti  ilə bağlı  düşüncələrini “Şərq”lə bölüşən  Azər Ayxan deyib ki, bir  ildə münasibətlər sistemi, əlaqələri də yenilənib-böyüyüb. Su kimi axan zamanda durulub, gücləniblər: 

-Ötən 1 il bizi özümüzə daha yaxından tanıtdı.
İnsan belədir – bəzən özünü tanımaz olur. Ən çətin vəziyyətdən elə məharətlə çıxır, o mərhələni elə şəkildə adlayır, sonra geri baxanda özündən soruşur:
“Bunu mən etdim?” Globalinfo.az komandası olaraq 365 gündə ortaya parlaq və peşəkar bir iş qoyduğumuz inancındayıq. Bu fikrimizi media mütəxəssislərinin rəyləri, peşəkarlığına, obyektivliyinə şübhə etmədiyimiz həmkarların fikirləri, tükü-tükdən seçməyi bacaran oxucuların sözləri də qüvvətləndirir. Hər kəsdən barəmizdə bunu eşidirik:
– Siz bacardınız!
Dostlar işimizi belə dəyərləndirir: “Bir neçə ildə gediləcək yolu bir neçə ayın içində qət etdiniz”.
  Bu rəylər motivasiyamızı, enerjimizi artırır. Ölkənin gözü bizdə idi. Nə edəcəyimizi, ortaya necə bir iş qoyacağımızı dörd gözlə izləyirdilər, gözləyirdilər. Bacarmamaq variantını şüurumuzdan silmişdik. Bacarmamaq haqqımız yox idi. Bunu özümüzə qadağan etmişdik.
Bacarmayacağımızı gözləyənlər də gərək üzrlü saysınlar, onları pərişan etdik. Əvəzində oxucumuza çevrildilər. Hər kəsə və hər şeyə rəğmən çalışdıq, zəhmət çəkdik, ağıl işlətdik və ölkəyə sağlam bir media subyekti qazandırdıq. Globalinfo.az yalnız bu saytda işləyənlərin deyil – cəmiyyətin hər bir sağlam düşüncəli fərdinindir.
İlk gündən redaksiyamızın qapısını açan, zəng edib, mesaj yazıb təbrik edən, xeyir-dua verən ziyalılara, millət vəkillərinə, diplomatlara, partiya rəhbərlərinə, QHT təmsilçilərinə, iş adamlarına, media nümayəndələrinə, doğmalara, sıravi insanlara şükranlarımızı yetiririk. Böyük ürəkli insanlar, yaxşı ki, varsınız.
Ən böyük qazancımız Globalinfo.az-ın qızıl kollektividir. Biz bir-birimizi tanıdıq. Sevdik. Bağlandıq. Ən əsas isə bir-birimizə və çıxdığımız yola inandıq.

- Azər bəy, dostlarınız çox haqlı vurğulayıb: “Bir neçə ildə gediləcək yolu bir neçə ayın içində qət etdiniz”. Hətta bir ildə bir neçə illik fəaliyyətdə olan  saytlara bərabər  oxucu auditoriyası topladınız. Buna necə nail oldunuz?

- “Globalinfo.az” saytı yaradılarkən qarşımıza bir neçə konkret məqsədlər qoymuşduq. Sayt  hadisələri obyektiv, operativ və qərəzsiz işıqlandıracaq, kollektivimiz də məhz bu prinsiplərlə işləyən  peşəkar gənclərdən ibarət olacaq. Komandamız formalaşarkən  də hansı üslubda yazacağımızı, hansı yolla gedəcəyimizi  müəyyənləşdirmişdik. İşləyə- işləyə də hansı üslubun bizim üçün daha uğurlu olacağını  müəyyən etdik. Həmin vaxt bizim fərqli sayt yaratmaq kimi bir  məcburiyyətimiz vardı. Ölkəmizdə kifayət qədər peşəkar və oxunaqlı saytlar, media portalları var. Tirajlı agentliklərin təmsil olunduğu bazarda “boy göstərmək”, seçilmək asan deyildi, amma şükürlər olsun ki, biz bunu bacardıq. Hədəflərimizə nail olmağımızda  təcrübəmiz, bəlkə də bir az da  şansımız  köməyimiz oldu. Fərqli mühitdə fərqli taktikalar yeritməyimiz də öz rolunu oynadı.

- Deməli, işiniz özünüzü qane edir?

- Bəli, çox şükür! Ötən bir ildə qarşıya qoyduğumuz məqsədlərə, hədəflərə çata bildik. Lakin qətiyyən arxayınlaşıb, əlimizi-qolumuzu yanımıza salıb oturmuruq. Media elə bir sahədir ki, burada nə fasilə deyilən bir şey yoxdur. 5 dəqiqəlik  dincəlmək bazardakı yerini itirməyə səbəb ola bilər. İdman yarışlarında bəlli bir  müddətdən sonra komandalara fasilə verilir ki, nəfəslərini dərib, məşqçinin tövsiyələrini dinləsinlər. Bizim  isə belə bir fürsətimiz yoxdur. Xüsusən də onlayn mediada taym-out deyilən bir anlayış yoxdur. 24 saat onlayn rejimdə olan media subyektləri belə var. Bir daha qeyd edirəm, informasiya mühitinin ən müxtəlif vasitələrlə çirkləndirildiyi indiki vaxtda sağlam media yaratmaq asan deyil. Üstəlik, bazarda kifayət qədər ciddi, sanballı resursların olduğu dövrdə boy göstərmək xeyli çətindir. Real, dürüst xəbərlərə təşnə olan oxucular var Azərbaycanda. Bunu bildiyimiz üçün o insanlara xitab etdik, onlar bizə üz tutdu. Çox dost qazandıq. Hətta dostumuz olanları təzədən qazandıq. Onları kəşf etdik. Bu layihənin yaranmasında, yaşamasında, uğurlu olmasında bizə dəstək verən dostlara, həmkarlara bir ömür minnətdarıq.

- “Globalinfo”da daha çox hansı xarakterli xəbərlərə yer verilir?

- Biz məsələlərə daha çox  “hansı xəbərləri vermirik” formatında  yanaşırıq. Sayt yeni yaradılanda çoxları dedi ki, kriminal, şou və baxış sayı artıran digər yüngül xəbərləri verməlisiniz ki, bazara girə biləsiniz. Lakin biz elə ən başından  öz işimizə çox ciddi bir obrazla başladıq. İmtina elədiyimiz xəbərlərin əvəzinə daha sanballı təhlillər, keyfiyyətli araşdırmalar ortaya qoyduq və yanılmadığımızı gördük. Şou xarakterli xəbərlərdən  məqsədli şəkildə imtina edib siyasi  təhlillərə və beynəlxalq mövzulara üstünlük vermək son dərəcə riskli idi. Amma kollektivimizin peşəkarlığı və fədakarlığı ilə biz özümüzü və  sözümüzü auditoriyamıza çatdıra bildik. Hər nə qədər bu sahənin peşəkarı olsam da, təcrübələrimə və digər üstünlüklərimə rəğmən təkbaşına bu işin öhdəsindən gələ bilməzdim. Nə yaxşı ki, komanda seçimimiz kifayət qədər uğurlu oldu!

- Sanki saytda siyasi xarakterli xəbərlər daha çoxdur.

 - Bəli, məqsədli şəkildə siyasi ağırlıqlı yazılara üstünlük veririk. Hesab edirik, cəmiyyətdə məhz bu cür xəbərlərə, peşəkar təhlillərə ehtiyac duyan oxucu kütləsi var. Və güman edirəm ki, “Globalinfo.az” məhz bu boşluğu  doldura bilib. 

- Riskli bir addımdır…

- Əlbəttə, biz oxucuların diqqətini cəlb etməyə, sıradan saytlardan biri olaraq qala da bilərdik. Lakin bəzən ən acı dərmanların  içinə şəkər qatıb xəstələr üçün içiləcək  hala gətirirlər. Biz isə işimizi məhz medianın maarifləndirmə funksiyası üzərində qurduq, keyfiyyətli “dərman”larla cəmiyyətin, ən müxtəlif vasitələrlə qəsdən  zədələnən informasiya mühitinin sağlamlaşdırılmasını qarşımıza məqsəd qoyduq. 

- İnformasiya mühitinə çox tez adaptasiya oldunuz deyə kənardan baxanda keçdiyiniz yol çox asan görünür. Bəlkə bir az da 12 ayda  çəkdiyiniz əziyyətlər,  maneələrdən danışasınız. Məsələn, medianın yaralı yeri, maddi problemlərdən…

- Hələ də maliyyə çatışmazlığımız davam edir. Amma çox qısa müddətdə bu problemləri aşacağımızı güman edirəm.
Yaxşı sayt olmaq üçün yaxşı da  reklam gəlirin olmalıdır. Reklam üçün  şirkətlərə müraciət etdikdə isə “google analytics”dəki baxış sayını istəyirlər. Deməli, yaxşı işləməliyik ki, yaxşı da maliyyə imkanları əldə edə bilək.

- Kollektiviniz neçə nəfərdir? Yetəri qədər əməkdaşınız varmı?

- Standart yanaşsaq, əməkdaşlarımızın sayı  bir qəzetin və yaxud agentliyin bir şöbəsinin əməkdaşları qədərdir. Əməkdaşlarımızın sayını artırmağı çox istəyərdim. Videoreportajlar, fotoreportajlar, sosial problemlərin gündəmə gətirilməsi istiqamətində də yazılar dərc etmək istərdik. Lakin  maddi səbəblərdən bu sahələrdə ixtisaslaşan kadrların “Globalinfo” kollektivinə cəlb olunmasını təxirə salmışıq. Əlimizdə olan resurslarla həm mövcudluğumuzu qorumağa, həm də inkişaf etməyə çalışırıq.

- Gələcəklə bağlı hansı  hədəfləriniz var?

- Hədəfimiz böyüməkdir. Böyüyəcəyik. Buralara qədər gəlmişiksə, demək, yolun çətin hissəsini keçmişik. Fəqət arxayınlaşmamışıq. “Globalçı”ların şüarı belədir: “Daha yaxşısını edə bilərik”.
Sayt olaraq yaranmağımız və böyüməyimiz Azərbaycanın böyüməsi, ərazi bütövlüyünü tam bərpa etməsi ilə üst-üstə düşdü. Təsəvvür edin, 11 ayımız tamam olan gün Prezident İlham Əliyev bayrağımızı Xankəndidə yüksəltdi, ordan xalqa müraciət etdi. Biz o çıxışı yayan medianın sırasında idik. 1 ilin tamamına günlər qala Xankəndidəki hərbi paradın videosunu onlayn rejimdə verdik.
Biz yeni və qalib Azərbaycanın mediasıyıq. Davamı yaxşı olacaq – həm bizim üçün, həm Vətən üçün…

P.S. "Şərq” qəzeti kollektivi olaraq başda Azər Ayxan olmaqla “Globalinfo.az”da çalışan bütün həmkarlarımızı  bir daha təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.