"Bizlər özbəklərlə eyni babanın iki övladı qədər doğma və yaxınıq"

Almaz Ülvi Binnətova:  "Başımızın üstündəki zalım və qəddar imperiya tör-töküntüləri biri-birimizi bağrımıza basmağa macal verməyiblər"

"İndi iki ölkə arasında bir bayram ovqatı yaşanır. Hamı sevinir, hamı sevinc içindədir. Elə qarşılanma mərasimindən hiss olunur ki, bu görüşə hazırlıqlar çoxdan başlayıbmış"


     Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində iki ölkənin liderləri – İlham Əliyev və Şavkat Mirziyoyev arasında geniş tərkibdə görüş keçirildi. Görüşdən sonra Azərbaycan və Özbəkistan arasında mühüm sənədlər imzalandı. Azərbaycan və Özbəkistan strateji münasibətlərə malik ölkələrdir. Özbəkistan hər zaman Azərbaycanın haqq işinə dəstək olub. Xüsusən, son illər iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi müşahidə olunur. Qarşılıqlı münasibətlərin tarixi isə uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət sovet ittifaqının müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Təbii olaraq, ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri də böyük əhəmiyyət kəsb edir. 

Filologiya elmləri doktoru, professor, nəvaişünas-alim Almaz Ülvi Binnətova iki ölkənin tarixi münasibətləri, mədəni-ədəbi əlaqələri və əməkdaşlıq sahəsində görülən işlər barədə “Şərq”ə geniş müsahibə verib. Professor bildirib ki, Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı üçün əhəmiyyətli işlər görülsə də, qətiyyən kifayətlənmək olmaz. Çünki görüləsi işlər hələ çoxdur.

 - Almaz xanım, iki qardaş ölkənin dah sıx əməkdaşlığı, qarşılıqlı səfərlərin çoxalması nə qədər vacib və faydalıdır?

 - Əlbəttə, belə görüşlər çox faydalı, vacib, çox da gözəldir. Əslində iki ölkə arasında bir bayram ovqatı yaşanır. Hamı sevinir, hamı sevinc içindədir. Elə qarşılanma mərasimindən hiss olunur ki, bu görüşə hazırlıqlar çoxdan başlayıbmış. Ümumiyyətlə, layiqli nəticələr əldə edilməsi üçün belə səfərlərə hazırlıq uzun və hərtərəfli aparılır. İki ölkə arasında gələcək əməkdaşlığa möhkəm zəmin yaradılması üçün hər xırda detal belə dəqiqliklə ölçülüb biçilir. Hər addım görüləcək işlər üçün bir mesaj, işarətdir. Prezidentimizin qarşılanma mərasimində yeni salınmış böyük bir bağın içində Heydər Əliyevin xatirə kompleksinin (barelyefinin) açılışı, Daşkəndin mərkəzindən keçən bir küçənin ulu öndərin şərəfinə adlandırılması həmin görüşlərin qardaşlıq, dostluq münasibətləri zəminində qurulmasına işarədir. Göysaray iqamətgahında baş tutan səmərəli danışıqların nəticəsi olaraq sənədlərin imzalanma mərasimi keçirildi. İyunun 20-də böyük bir nümayəndə heyətinin səfəri çərçivəsində bir çox nazirliklərin görüşü, gərəkli və lazımlı məsələlərə dair sənədlərin imzalanması üçün danışıqların əsası qoyuldu. Dövlət başçılarının iştirakı ilə iki ölkənin hökumətləri, nazirlikləri və idarələri arasında isə həmin sənədlərin - 18 sənədin imzalanması mərasimi baş tutdu. Bunlar, xüsusən, sənaye, beynəlxalq yol əlaqəsi, qeyri-qanuni miqrasiya ilə mübarizə, karantin və bitkilərin mühafizəsi, hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində regionlar arasında əməkdaşlıq haqqında sazişlər, habelə turizm sahəsində əməkdaşlıq proqramıdır. Danışıqlar zamanı mədəni-humanitar əlaqələrin gücləndirilməsi, xüsusilə də Mədəniyyət və Kino Günlərinin keçirilməsi, universitetlər, elm müəssisələri, idman və gənclər təşkilatları arasında əlaqələrin gücləndirilməsinə dair bir çox digər razılıqlar əldə olunub. İmzalanan sənədlər təbii ki, hər iki ölkə üçün son dərəcə faydalı və məsləhətlidir. Özbəkistan və Azərbaycan liderləri Göysaray iqamətgahında yeni arzuların rəmzi olaraq birlikdə ağac əkiblər. Dövlət başçılarının əkdiyi ağac iki xalq arasındakı arzuların, xalqlarımızın dostluğunun rəmzi kimi böyüyəcək, daha da möhkəmlənəcək. Qeyd edim ki, iki qardaş xalqın dostluq münasibətlərinin tarixi Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Mirzə Uluğbəy, Əlişir Nəvai, Məhəmməd Füzuli əbədiyyəti zamanındandır. Bizlər eyni babanın iki övladı qədər doğma və yaxınıq. Ona görə də Azərbaycan-özbək xalqlarının dostluq, qardaşlıq tarixini konkret rəqəmlə demək mümkün deyil, hətta əsla! 

 - Son dövrlərdə, xüsusən Vətən müharibəsindən sonra Orta Asiyanın türk respublikaları ilə əlaqələrə xüsusi önəm verilir. Türk ölkələrinin birliyinin inkişafı hansı cəhətlərdən zərurət təşkil edir?  

 - Vətən müharibəsində türk xalqları Azərbaycan oğullarının sücaətini, qeyrətini, namusla haqq davasını, gücünü gördülər. Türkə yaraşan igidliklərini gördülər. Əslində hər şey üçün zaman lazımdır. Başımızın üstündəki zalım və qəddar imperiya tör-töküntüləri biri-birimizi bağrımıza basmağa macal verməyiblər axı. Yoxsa, zatən həmişə bir qəlb olaraq döyünmüşük, içimizdə biri-birimizə sığınmışıq. Biri-birimizin halına yanmışıq, tarixi fürsət yetişən kimi qollarımızı geniş açmaqdan çəkinməmişik. Çünki bizlərin biri-birimizə heç vaxt düşmənçilik hissi olmayıb. Dediyim kimi, bir babanın övladları olduğumuzu qan yaddaşımızda dərk etmişik. Türk Dövlətlər Təşkilatı çərçivəsində türk ölkələrinin birliyinin inkişafı hər cəhətdən - siyasi, iqtisadi, mədəni sahələrdə, bütövlükdə gərəkli və vacib olan hər məsələdə bir yerdə olmağımız üçün çox vacibdir, zəruridir. Dünyanın hazırkı durumunda, dədələrimiz demişkən, türkün türkdən başqa dostu yoxdur. Biz bir olarıqsa, bizi yenən, bizə qalib gələn kimsə ola bilməz. 

 - Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinin inkişafı hansı səviyyədədir? Əlaqələri qənaətbəxş hesab etmək olarmı, yoxsa bu sahədə görüləsi işlər çoxdur? 

 - Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinin inkişafı çox yüksək səviyyədədir və hər gün bu səviyyəni bir boy da qaldırmaq vacibdir, lazımdır. Yəni olan bir şeylə kifayətlənmək olmaz. Hazırda dünya innovasiyalar meydanıdır. O meydanda hər gün görünmək, öyrənmək və  öyrətməkdən usanmaq lazım deyil. İndiyə qədər görülən işləri qənaətbəxş hesab edə bilərik, eyni zamanda görüləsi də o qədər işlər var ki! Yetər ki, könül istəsin. Baxın, əgər dövlət səviyyəsində ciddi anlaşmalar, müqavilələr, razılaşmalar varsa, deməli, hələ görüləcək işlər çoxdur. Bütün görüləcək işlər də əlbəttə qarşılıqlı olaraq görülməlidir. “Səni sevəcəyəm sən sevməsən də” - prinsipi ilə yox, məhz qarşılıqlı. 

 - Əlişir Nəvai və türk dünyasının digər dahi şəxslərinin, şair və alimlərinin türk dünyasında ümumi təbliği nə qədər önəmlidir? 

 - Nizami Gəncəvi türk dünyasının Günəşidirsə, Əlişir Nəvai türk dünyasının baş tacıdır. Əlişir Nəvai türkcə ilk “Xəmsə”ni yazdı, türkcə dörd divan bağladı, türkcə 22 adda nəzəri əsərlər – elmi-filoloji və dini-təsəvvüfi əsərlər yazdı. Türk yazı dilini dünya meydanına çıxardı. Dünya ədəbiyyatı sıralarına türkcəni qoydu. Bunlar tarixi xidmətlərdir. Fikir verin, Nizami sarayda yaşamadı, amma saray padşahlarının sifarişi ilə bəşəri əsərlər yazdı. Nəvai sarayda yaşadı, amma saray ədəbiyyatı yazmadı. Zamanlarının hökmü, taxtı-divanı belə idi. Bu klassikləri öyrənməyin, təbliğ etməyin mənaca, dövləti, milli əhəmiyyəti çox böyükdür. İlk olaraq dünya klassikləri ilə yanaşı dayana biləcək söz-fikir sahibi şəxsiyyətlərimiz var. İkincisi, onların yaratdıqları ədəbiyyat bəşəri məna daşıyır. Ədalətli, humanist, xeyirxah niyyətli, haqqı müdafiə edən əsərləri ilə dünyanın hər bucağında qəbul edilən müdriklərdir. Üçüncüsü, onların timsalında qürurlanırıq ki, biz bu ədəb-əxlaqda, bu tərbiyədə, bu hikmətdə olan babaların övladlarıyıq. Türk dünyasının digər dahi şəxslərinin, şair və alimlərinin qoyub getdikləri mənəvi irsləri milli sərvətimiz olmaqla yanaşı, həm də hər biri bir məktəbdir, onlardan öyrənmək, öyrənmək, öyrənmək. O məktəbdə yenilməz, qəhrəman, müdrik oğullar yetişər. Baxın, Özbəkistanda bütün ali məktəblərdə, orta məktəblərdə artıq neçə illərdir ki, ayrıca “Nəvaişünaslıq” fənni tədris olunur. Nəticəsi də çox uğurlu alınır. O fənni ədəb-əxlaq, müdriklik dərsi adlandırardım. Çox istərdim ki, bizdə də ayrıca “Nizamişünaslıq”, “Nəsimişünaslıq”, “Füzulişünaslıq” fənni tədris olunaydı. Nəvai Nizami məktəbində yetişib. Hər əsərinin əvvəlində dönə-dönə yazır. Nəvai Heratda böyük məktəblər açdı. Bütün Şərq Herata axışdı “Nəvainin qurduğu Nizami məktəbində dərs almaq üçün. Azərbaycandan nə qədər gənclər o məktəbdə dərs  aldılar. Hətta Nəvai bəyəndiyi gəncləri Heratda işə cəlb edirdi. Sultan Hüseyn Bayqaranın övladlarına dərs deyən Azərbaycan gənclərindən Ziya Təbrizinin adını çəkmək istəyirəm. Gənc oğlan Herat hökmdarının övladlarının təlim-tərbiyəsi, ustadı olub. Bunlar klassiklərin məktəblərindən dərs alanlar idilər. Nizami hikmətlərinin dərinliklərinə enən gənclərimizin yaradacağı xarüqələri indidən gözümün önünə gətirirəm. Bir düşünün: İnnovativ dünya və klassik irs-elm-əxlaq…

 - Azərbaycan-Özbəkistan arasında elmi müstəvidə əlaqələr, akademik münasibətlər hansı miqyasdadır? 

 - Qeyd etdiyim kimi, bu iki xalq biri-birindən öyrənməkdən, dərs almaqdan çəkinməyiblər. Sovetlər dönəmində SSRİ məkanında kim harada istəyirdisə gedib təhsil ala bilirdi. Müstəqillik illərində bu vəziyyət bir qədər dəyişdi. Bunun üçün iki ölkə arasında elm, təhsil sahəsində əməkdaşlıq müqavilələri (burada təhsil haqqı, diplomların tanınması məsələsi və s.) lazımdır ki, işlər rəsmi zəmində həll olunsun. Hazırda təmsil olunduğum AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu dünyanın bir çox ölkələri ilə belə müqavilələri imzalayıb. Özbəkistan Respublikası haqqında da bu fikri söyləyə bilərəm. İnstitutda ayrıca “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsi yaradılıb. Şöbənin nəzdində “Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzi” var. Bu şöbədə ədəbiyyatlarımızı qarşılıqlı öyrənməklə, tədqiq etməklə yanaşı kitablar da yazılır, yeni kadrlar hazırlanır. İlk dəfə “Azərbaycanca-özbəkcə” (23.000 söz) lüğət yazdıq, Əlişir Nəvai, Zahirəddin Məhəmməd Babur, Maqsud Şeyxzadə və başqa məşhur ədəbi simaların yubileylərini keçirdik. Özbəkistanın bir çox institutlarına mühazirələr, ustad dərsi keçmək üçün dəvətlər alırıq. Bunlar əlbəttə böyük missiyadır. Belə bir işlərin nəticəsi olaraq, Beynəlxalq Türk Akademiyası AMEA-nın vitse-prezidenti,  İnstitutumuzun direktoru, akademik İsa Həbibbəyli “Əlişir Nəvai” qızıl medalı ilə təltif olundu. Özbəkistanda bir neçə institutun “Fəxri Professor”u diplomu ilə təltif edilmişəm. Özbəkistan Yazıçılar Birliyinin Fəxri üzvü seçilmişəm. Bütün bunları haysız-küysüz, özümüzü reklam etmədən işimizi görürük, bu təltiflər isə hər dəfə sürpriz kimi təqdim olunur. Əlbəttə sevinirik. Amma bu təltifləri almağı qarşımıza məqsəd qoyub iş görmürük, ona görə də adı sürpriz olur. İki dəfə Əfqanıstan – Herat şəhərinə nəvaişünas kimi dəvət almışam, Heratda Əlişir Nəvainin məqbərəsini, Kabildə Zahirəddin Məhəmməd Baburun məqbərəsini ziyarət etmişəm, Məzari-Şərifdə Əlişir Nəvainin öz hesabına tikdirdiyi dünyanın yeddi möcüzəsindən biri hesab olunan “Məzari-Şərif Camisi”ni və s. yerləri ziyarət etmişəm. O torpaqlar adama çox doğma, çox əziz, çox mübarək təsir bağışlayır. O torpaqlarda bir zamanlar Şərq Mədəniyyət Mərkəzi olub. Elmin, ədəbiyyatın XV-XVI əsrlərdə qızıl taxtı Heratda ucalıb. 

 - Tarixi bağlara əsaslanan mədəni-ədəbi əlaqələrin inkişafında medianın, qeyri-hökumət təşkilatlarının rolu nə qədərdir? 

 - Medianın rolu çox böyükdür. Yetər ki, qarşılıqlı əlaqələrlə işlənsin. Elmi əsərlərin başa gəlməsi bir az zaman alır. Amma media əlaqələri yarandığı andan fəaliyyətlərini birləşdirə bilir. Qeyri-hökumət təşkilatlarının rolu haqqında bir şey bilmirəm. Bəzən izləmək istəmişəm, amma tez yorulmuşam. Çünki daha çox şəxsi maraqlar üzərindən qurulur və ictimai xeyir-bəhri hiss olunmur. Ona görə bu haqda danışmaq mənə çətindir. 

 - Tez-tez gündəmə gələn məsələlərdən biri də türk dövlətlərinin birliyinin möhkəmlənməsi, ortaq dil, universitet və müxtəlif sahələrdə platformaların yaradılmasıdır. Bu istiqamətdə atılan addımları necə dəyərləndirirsiniz? 

 - Türk dövlətləri birliyini tarix öz təkərləri üzərinə alıb və bu istiqamətdə yoldayıq. Yolumuza hər kəs öz işığını salsa, mənzil başına yetmək elə də uzun zaman almayacaq. Burada dünya diplomatiyası da gözə alınmalıdır. Çünki belə bir qurumun hasilə gəlməsini nə Avropa, nə Amerika, nə də bir başqaları istəyir. Ortaq dil məsələsi də birdən-birə başa gələcək hadisə olmayacaq. Bu gün bütün türk dövlətləri istər rəsmi, istərsə də qeyri-rəsmi  görüşlərində hər kəs öz ana dilində danışır, hamı da bir-birini çox gözəl anlayır. Ortaq dilin hasilə gəlməsinin konkret tarixi heç zaman olmayacaq, zaman-zaman elmi, ədəbi, iqtisadi, siyasi görüşlər irəlilədikcə həll olunacaq. Zirvəyə çatmaq üçün qan-tər tökürsən, illərini, ömrünü bu yolda qoyursan, zirvəyə çatanda isə hər şeyin adi bir maraq olduğunu dərk edirsən. Əlişir Nəvainin “Lisanut-teyr” təsəvvüfi əsərində bu yol o qədər gözəl anladılır ki, son nəticədə hər şey sadə və adi həllində olur. Vaqiflər, Məhtimqulular dövrünə qədər ortaq dilimiz olub, ortaq ədəbiyyatımız, ortaq mədəniyyətimiz olub. Türk ailəsi böyüdükcə hər ailənin öz dilinin olması faktı sövq təbii yaranıb. Nəvai milliyətcə uyğur olub, amma böyük bir türk mədəniyyəti, ədəbiyyatı yaradıb. Əslində biz elə ortaq dilin başa çatması dediyimiz bir anlamı haqlamaq istəyiriksə, əlbəttə universitetlər, müxtəlif türk qurumlarının yaranmasına çalışmalıyıq və orada iş görmək lazımdır. Gecəli-gündüzlü işləmək lazımdır. Nəfsindən (şəxsiyyətə pərəstiş) uzaq olub ümumi işlər üçün can yandırmaq lazımdır. Türk adı ilə başlayan bütün qurumları alqışlamaq və kömək, birlik zəminində sən də öz dəstəyini əsirgəməyəsən. Bütün bunların açarı elmdədir. Dost, qardaş birliyində və biri-birimizi dinləmək, eşitmək niyyətindədir.