"Azərbaycanda musiqiləri dinlədikcə fərqinə vardım"  - Lutfullah Parıltı

 "Bizim burada bir çox müğənnilərin ifa etdiyi mahnıların çoxu oradan gəlib"

  Əvvəllər hər dəfə Sultanəhməd meydanı tərəfə gedəndə, binanın üstündə “Türk Ədəbiyyatı Vəqfi” adını oxuyanda mütləq bura gələcəm deyirdim, amma bəzən gec olduğu üçün məkan qapalı olurdu, bəzən də vəqfin tətil dövrünə təsadüf edirdi. Nəhayət, 2018-ci ilin yay günü idi, arzuladığım Vəqfə getdim, foyedə sakitlik idi, sən demə, yay olanda burada tədbirlər keçirilmir, amma çalışanlar gəlir, onlar da hərəsi öz otağında.
 Mən də foyedəki şəkillərə baxdım, Türk Dünyasının böyük yazarlarının portretləri və ortada Vəqfin qurucu başqanı Əhməd Qabaqlı hocanın böyük portreti asılmışdı. Otağın birinə yaxınlaşdım, qapını çalıb, içəri girdim, salam verdim, özümü təqdim etdim. Azərbaycandan olduğumu bilən kimi adamın çöhrəsində xoş bir təbəssüm yarandı, “xoş gəlmisiniz, buyurun əyləşin” dedi. Vəqfin Maliyyə və İdari İşlər müdürü Lutfullah Parıltı ilə başladıq maraqlı söhbətə. O gün, bu gün bu Vəqf mənim üçün bir ata ocağına çevrildi, Lutfullah bəy isə Türk yurdu olsa da başqa bir ölkədə yaşayan, mənim üçün diqqətini və dəstəyini əsirgəməyən böyük "Abi" oldu. Zaman keçdikcə onu daha yaxşı tanımağa başladım, ümumi mövzumuz əsasən Türklük ülküsü, Vətən, Millət sevdası və Allah eşqi olur. Sıxıntılarda üzülməməyi, sadəcə Allaha dua edib, ondan istəməyi və eyni zamanda çaba göstərməyi, birinə yaxşılıq etdiyin zaman, səni vəsilə qıldığı üçün Allaha şükr etməyi kitablardan oxusam da, Hacı Lutfullah abi təlqin etdi mənə. Başı çilələr çəkən, əqidəsi uğrunda yorulmadan mübarizə aparan bir dava adamıdır o, bir milliyyətçidir. Müsahibəmizdə həyat yolundan danışdıq.
- Lutfullah bəy, bildiyim qədərilə İstanbul Texniki Universitetinin elektrik və elektronik mühəndisi bölümündən məzunsunuz, Ədəbiyyat Vəqfində maliyyə işlərinə baxırsız, bəs ədəbiyyat sizin üçün nədir?
- 1973-cü ildə universiteti qazanıb, qardaşımla Çankırıdan İstanbula gəldik, əslən rizəliyik, sonradan Çankırıya yerləşmişdik. O, makina mühəndisliyi, mən elektrik mühəndilsiyi, böyük bacım ədəbiyyat, kiçik bacım isə kimya bölümü oxuyacaqdıq, çünkü hələ kiçik yaşlarımızdan hədəflərimiz vardı və hədəflərimizi gerçəkləşdirdik. Həmin dönəmlərdə İstanbuldakı Qübbəaltı əhli ilə tanışdım, daha doğrusu, tanıdıqlarım da vardı orada,  onların həftənin iki günü - çərşənbə axşamı və cümə günləri konfransları olurdu. Qübbəaltı Vəqfi “Fətih Cəmiyyəti”nin nəzdində yaradılmışdı və ədəbiyyat camiəsindən, siyasətdən, bir sözlə, sahəsinin uzmanları olanlar gəlib müxtəlif mövzularda konfranslar verirdilər. Məncə, hansı ixtisasa yiyələnməsindən asılı olmayaraq, hər kəs türk dili və ədəbiyyatını öyrənməlidir, bu çox önəmlidir, biz də kitab oxumağı sevən insanlarıq, o zamanlar televiziya və radio məhdud olduğu üçün mütəmadi konfranslara gəlirdik və burada böyük ədəbiyyat ustadlarından Mehmet Kaplan, Faruk Akün, Cemil Meriç, Nəcməddin Hacıeminoğlu, İbrahim Kafesoğlu, indiki gənc nəslin xəyalında yaşayanları birə-bir gördük və konfranslarını canlı dinləmə fürsətimiz oldu. Əhməd Qabaqlını da orada tanıdım, əslində biz Anadoludan gələn insanlar olaraq o zaman çəkingən davranırdıq, İstanbul kimi böyük şəhərə alışmamışdıq, birisinə nəsə soruşmağa belə utanırdıq, indiki gənclər kimi rahat deyildik. Həmin Vəqfdə Əhməd Qabaqlı və digərləri çəkingən tələbə görəndə o dəqiqə maraqlanırdı, “harada oxuyursan, haradan gəldin” və sair suallar verərək bizimlə söhbət edirdilər, biz də özümüzü çox şanslı tələbə hiss edirdik, belə böyük insanlarla ünsiyyət qurduğumuz üçün xoşbəxt idik. Mən o zaman o kişilərdən elə gördüyüm üçün bu gün eyni davranışı Ədəbiyyat Vəqfində sərgiləyirəm, buraya gələnləri gülər üzlə qarşılayıram, onlarla maraqlanıram və gedəndə də qapıya qədər yola salıram, çünki biz belə gördük, Qübbəaltı Vəqfinə rəhmətlik Turan Yazqan, Əhməd Qabaqlı, Mehmet Kaplan və yaxud bir başqası gəldiyində biz onların paltosunu alıb asırdıq, gedəndə qapıya qədər yola salırdıq, gərəkirsə evlərinə qədər aparırdıq və bunu özümüzə xidmət və şərəf sayırdıq, çünkü onlar çox kübar, alicənab, mütəvazi kişilərdi, əslində bunlar gözəl xatirələrdir.
  Sonralar böyük bacım Qübbəaltı Vəqfinin müdiri də oldu, daha sonra Qübbəaltı Akademiyası quruldu və qurucuların arasında Əhməd Qabaqlı da var idi. O zaman Samiha Ayverdi, Ekrem Hakkı Ayverdi, İlhan Ayverdi və Əhməd Qabaqlı bunlar dördlü qrup kimi hər zaman bərabər idilər, amma ətrafında bir çox başqa aydın insanlar da vardı və əsasən “Fətih Cəmiyyəti”nin başqanı Əkrəm əminin evində toplanırdılar, biz gənclər də onlara xidmət edirdik və bundan şərəf duyurduq. Onlar çox cəsarətli kişilər idi, o zaman 1980 çevrilişi oldu bilirsiniz, amma onlar çəkinmədən çevriliş edənləri öz məqalələrində tənqid edirdilər. Samiha ana, biz ona ana deyərdik, Qübbəaltı Vəqfinin başqanı idi, həmin yazıları qəzet səhifələrindən kəsib toplayırdı və biz gələndə verirdi ki, oxuyun bu yazıları, məlumatlı olmağımızı istəyirdi. Mənim ədəbiyyat sevgim də bu ortamda olduğum zamandan başladı.
- Ədəbiyyatda ən çox şeiri sevirsiz, yoxsa nəsr əsərlərini?
- Şeir oxumağı sevmirəm, amma dinləməyi sevirəm, o da gözəl şeir deyəni, intonasiya ilə, məsələn, rəhmətlik Sərvət Qabaqlı çox gözəl şeir deyirdi, onu dinlədiyim zaman şeiri daha çox sevirdim.
- Bildiyim qədərilə siz həm də Sərvət Qabaqlı ilə qohumsunuz.
- Bəli, 2011-ci ildə böyük qardaşımın qızı ilə Sərvət bəyin oğlu evləndi, mən qardaşımla eyni zamanda bacanağam, xanımlarımız bacıdır. Qardaşım sosial həyatla çox da maraqlanmırdı, ona görə də əksər zaman Sərvət bəyin yanında mən olurdum. Sərvət bəylə bərabər Vəqfləri zəyarət edirdik, müxtəlif tədbirlərə qatılırdıq, sonra 2012-ci ildə Azərbaycana da bərabər getdik. Bir məqamı qeyd etmək istəyirəm, Azərbaycanda bizim Qoşqar Qarayev adlı bir müştərimiz vardı, 90-cı illərdə İstanbula gələndə tanış olmuşduq, nəşriyyat işi ilə məşğul olurdu, o vaxt rəhmətlik Heydər Əliyev haqqında yazılan kitabları gətirirdi, biz burada çap edirdik, onu da deyim ki, xətalı olmasın deyə bu kitabların nəşrində xüsusi diqqət və həssaslıq göstərirdik. Qoşqar bəy uca boylu, cüssəli və çox nəşəli bir adam idi, amma danışıqlarını anlamırdım, çünki rusca danışırdı, hətta bu durumdan çox narahat olurdum. 2012-ci ildə Sərvət bəylə Azərbaycana gedəndə isə gördüm ki, insanların danışığında xeyli irəliləyiş var, daha sonra 2 dəfə də getdim, onda isə özümü Türkiyədəki kimi hiss edirdim. Yadıma düşmüşkən, Azərbaycanda olanda müsiqilərini dinlədikcə bir şeyin daha fərqinə vardım, bizim burada bir çox müğənnilərin ifa etdiyi mahnıların çoxu oradan gəlib.  
- Bəli, amma ifa etdikləri mahnının sözlərinə çox vaxt anonim yazırlar.
- Təəssüf ki...
- Azərbaycanda haraları gəzdiniz?
- İlk getdiyimiz zaman mərhum şair Almaz İldırımın əqrəbalarını ziyarət etdik, sonra nəqliyyat şirkətinin sahibi, iş adamı dostumuz vardı Şahid Həbibulla (artıq rəhmətə gedib) onunla görüşdük, bizi Bakının Qala kəndindəki “Qala Arxeoloji Etnoqrafik Muzey Kompleks”inə apardı, orada vaxtilə Nobelin Bakıda mindiyi fayton sərgilənirdi, hətta mənə dedilər ki, Nobelin nəticələri bu maşını külli miqdarda pul müqabilində almaq istəyiblər, amma Şahid bəygil satmayıb. O adamın bir də samovar müzeyi vardı, o da çox maraqlı idi, sağ olsunlar, bütün Bakını gəzdirdilər. Azərbaycanda ikən Şəhidlər Xiyabanını, Fəxri Xiyabanı, H.Cavidin ev muzeyini, Xızı rayonunda C.Cabbarlının ev muzeyini ziyarət etdik. Çox şükür, Azərbaycan əsgərinin şücaətilə indi Qarabağ da işğaldan azad olub, inşallah mədəniyyət beşiyi Şuşanı ziyarət etmək istəyirəm.
- Lutfullah bəy, əmək fəaliyyətinə haradan başlamısız?
- Mən 1980-ci ildə məzun oldum, bir neçə ay sonra da ilk Ədəbiyyat Vəqfinin olduğu yaşılay binası ilə eyni küçənin çarpaz küncündə yerləşən, bütün qəzetlərin qurulmasına hər cür texniki dəstək verən “Metro mümessilik” adlı bir firmada işə girdim. O vaxt “Tərcüman” qəzeti bizə yaxın idi, sonra Topqapıya daşındı, o prosesi də biz gerçəkləşdirdik, hətta “Tərcüman”da çalışan texniki personala dərs də keçirdim. Mən sonra həmin şirkətin əsas müdiri oldum, amma 1992-ci ildə Samiha anamızın adlandırdığı “Best” – bərəkət elektronik anlamına gələn öz şirkətimizi qurduq və bu da qısa zaman içində dünya miqyasında tanınan bir şirkət oldu və dünyanın 21 ölkəsi ilə əməkdaşlıq etdik. Şirkət olaraq Türkiyənin bir neçə tanınmış qəzetini qurduq – “Türkiyə”, “Zaman”, “Bursa olay” və sair. 
- Qurduq deyərkən, texniki təchizatı nəzərdə tutursuz yəqin ki.
- Bəli, qəzetin bütün avadanlıqlarını biz quraşdırdıq və çalışdığı müddətcə qəzet çap olunana qədər texniki xidmət göstərdik. 
İndi artıq təqaüdə çıxmışam və böyük kişilərin mirası olan Türk Ədəbiyyatı Vəqfində ədəbiyyata xidmət edirəm. Burası Türk Dünyasını birləşdirən əsas mərkəzlərdən biridir, bu mənada Azərbaycanla bağlı da çox çalışmalarımız var, xüsusilə pandemiya dönəmində bir çox tələbənin problemlərini çözməyə çalışdıq. Azərbaycana dönə bilməyənləri otellərə yerləşdirdik, gedən bir çoxunun virus testini etdirdik, bəzilərinin də yükünü Azərbaycana göndərdik. 

Yaqut Misirxanlı,
        İstanbul, Türk Ədəbiyyatı Vəqfi