"Ukrayna ciddi ərazilərini itirib"


Öldürülən əsgərin, dağılan şəhərlərin Qərbə dəxli yoxdur"

Arif Quliyev: "Ukraynada olanda deyirdim ki, ölkədə aclıq olsa, Qərb bizə çörək verməz, amma çəkinmədən silah-sursat verər ki, savaş olsun"

  Bütün dünyanın gözü Rusiya-Ukrayna müharibəsindədir. Dünya ölkələri Ukraynaya edilən təcavüzü görür və müxtəlif yollarla Kiyevə dəstək verir, işğalın qarşısını almağa çalışırlar. Bəzi ekspertlər savaşın qısa zamanda bitəcəyini proqnozlaşdırsalar da, bu ilin fevral ayında başlayan müharibə hələ də davam etməkdədir. Savaş boyunca Azərbaycan dövləti və xalqı, o cümlədən Ukraynada yaşayan soydaşlarımız da Kiyevə siyasi-humanitar dəstək veriblər. Hətta işğalçı ruslara qarşı savaşan Ukrayna ordusunun sıralarında azərbaycanlılar da yer alıb. Dünya ölkələrinin Kiyevə yardımına rəğmən, Ukraynada vəziyyət kifayət qədər gərgin və acınacaqlıdır. Şəhərlər dağılmış vəziyyətdə, milyonlarla insan ölkəsini tərk etmiş durumdadır. Baş verənlərlə bağlı “Şərq”in budəfəki müsahibi “Odessa Hüquq Akademiyası”  Milli Universitetinin  Kiyev Əqli mülkiyyət və Hüquq institutu Konstitusiya, Beynəlxalq hüquq və ictimai-hüquq fənləri kafedrasının professoru, hüquq elmləri doktoru, Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademiki, Ukraynanın Əməkdar təhsil işçisi, “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyevdir. Ukraynadakı Azərbaycan diasporunun fəallarından olan Arif Quliyevin diplomatiya xidməti, o cümlədən Ukraynanın elm və tədris sahəsində çox böyük xidmətləri və təcrübəsi var. O, terrorizmə qarşı mübarizə və başqa bir çox mövzularda elmi əsərlərin müəllifidir. A.Quliyev qəzetimizə müsahibəsində bir sıra məqamlara toxunub və prosesləri şərh edib...

 - Arif müəllim, Ukraynaya nə vaxt getmisiniz, fəaliyyətə necə başlamısınız? 

 - 1989-cu ildə Bərdə rayonunun partiya komitəsində işləyirdim. O vaxt sovet ordusunun ehtiyatda olan zabitləri ilə birlikdə Kiyevdə ikiaylıq təkmilləşdirmə kurslarına göndərilmişdim. Müxtəlif  millətlərdən olan zabitləri hərbi təmayüllü məktəbin binasında yerləşdirmişdilər. Otaq yoldaşım Yevgeni Kuşnaryov idi. O vaxtlar o, Xarkov vilayət Kommunist Partiyasının şöbə müdiri işləyirdi. Məni görəndə azərbaycanlılar haqqında mənfi danışmağa başladı. Dedi ki, “azərbaycanlılar mədəniyyətsizdir, sizdə demokratiya yoxdur, Sumqayıtda başkəsənlik ediblər” və s. Ondan Azərbaycanda olub-olmadığını soruşdum, olmadığını söylədi. Dedim ki, axşam söhbət edərik. Söhbətə gələndə əlində xeyli kağız-kuğuz var idi. Görünür, kağızları kimsə onu vermişdi. Başladı əlindəki kağızları oxumağa. Qurtarandan sonra üzünü mənə tutub “bunlarla bağlı nə deyə bilərsən?” dedi. Bildirdim ki, “ermənilərlə KQB (Sovet İttifaqı  Rusiyasındakı dövlət təhlükəsizlik xidməti -red) “sağ olsunlar”, bu uydurma materialları hazırlayıb sənə veriblər. Ona iki sual verdim. Soruşdum ki, azərbaycanlılar  tərəfindən Sumqayıtda  hansısa ağıllı, savadlı, qanacaqlı, əxlaqlı bir erməniyə sataşılıbmı? Əlindəki kağızlarda belə faktlar varmı? Dedi yoxdur. Dedim ona görə yoxdur ki, Sumqayıt hadisələrinin başlanmasına bir ay qalmış KQB ermənilərlə birlikdə bu prosesi hazırlamışdı. Onların hamısının adları məlumdur. Ermənilərin əksəriyyəti getmişdi, qalanlar üç-beş avara, dələduz idi. Onların da məqsədi Sumqayıt hadisələrini reallaşdırmaq idi. İkinci sual, Həmin hadisələri hansısa azərbaycanlının videoya çəkib dünyaya yayması ağlabatan, inandırıcı və bizim maraqlarımıza xoş olardımı? Dedi, xeyr, bunu ancaq ermənilər edərdi ki, sonradan proses ətrafında hay-küy qaldırsınlar. Həqiqətləri ona izah etdikdən sonra məni qucaqladı və biz dost olduq. Səhəri gün hərbi düzülüş zamanı əlindəki kağızları erməninin üzünə vurdu. Xoşagəlməz ifadələrlə onu aldatdığını söylədi. Bununla da ukraynalı ilə səmimi, gözəl dostluğumuz başladı. Hətta kursun axırında o öz ailəsini Xarkovdan, mən də Bərdədən dəvət etdik, yaxınlığımızı möhkəmlətdik. 1997-ci ildə həmin şəxs - Yevgeni Petroviç Kuşnaryov Ukrayna Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin olundu. 2007-ci ildə Kuşnaryov öldürülməsəydi, böyük ehtimal Ukraynada prezident olacaqdı və bugünkü hadisələr də baş verməyəcəkdi. Ağıllı, dərrakəli bir adam idi. Onunla bağlı xatirə yazılarım var. 
 - Diplomatik missiyanız haradan başladı? 
 - Dostum Kuşnaryov mənə Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında oxumağı məsləhət gördü və orada təhsil aldım. Akademiyada bir professor  Azərbaycan barəsində mənfi düşüncədə idi, bizi pisləyirdi. Azərbaycan həqiqətləri ilə bağlı material hazırlayıb ona təqdim etdim. Yazdıqlarımı oxuyandan sonra qayıtdı ki, mən bu yazımla onu millilik baxımından tərbiyə etdim. Sonra həmin material professorun təşəbbüsü ilə onun şef-redaktor olduğu Prezident Administrasiyasının mətbuat orqanı olan “Politika i  kultura”  (Siyasət və mədəniyyət -red) jurnalında çap olunmaq üçün verildi. Material 2000-ci ilin sentyabr ayının 5-də “Millət Atası, nəyə görə Azərbaycan xalqı Heydər Əliyevdən xahiş etdi ki, məsuliyyəti öz üzərinə götürüb Respublikanı xilas etsin” adı ilə çap olundu. Məqalədə ukraynalı professorun öz səhvlərini etirafı etməsi də diqqəti cəlb etmişdi. Heydər Əliyev məni tanıyırdı, dəfələrlə qarşısında çıxışlarım olmuşdu. Məqaləni Bakıya göndərdim və dilimizə tərcümə olunduqdan sonra  2000-ci il 26 sentyabrda “Azərbaycan”, “Xalq”, “Bakinski Raboçi” qəzetlərində dərc olundu. Sonra Heydər Əliyevlə GUAM-ın tədbirində yenidən qarşılaşdıq. Heydər Əliyev yanındakı şəxslərə məni göstərərək “Ukraynada “Millət atası”nı yazan budur” dedi. Onun yanında o zaman Xarici işlər naziri olan Vilayət Quliyev də var idi. Heydər Əliyev Vilayət Quliyevə dedi ki, “kadr axtarırsan, bu da kadr”. Bu söhbətdən sonra Ukraynadakı səfirliyimizdə çalışmağa başladım. İkinci katib, müşavir kimi vəzifələrdə çalışdım. Yəni oldum diplomat. 
 - Bəs elmi fəaliyyətə nə zaman başladınız? 
- 2005-ci ildə Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Ukrayna və Azərbaycan Respublikası Prezidentliyi İnstitutunun xüsusiyyətləri: dövlət idarəçiliyi aspekti” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişəm. Elə həmin ildə Ukraynada dövlət idarəçiliyi üzrə elmlər namizədi, Azərbaycanda bu ixtisas olmadığından 2006-cı ildə hüquq elmləri namizədi alimlik dərəcələri almışam. Diplomatiya sahəsində vəzifəm bitdikdən sonra elmi fəaliyyətimi bu istiqamətdə, yəni diplomatiya sahəsində davam etdirdim. Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda “Beynəlxalq hüquq”,  “Diplomatiya və konsulluq xidməti”, “Diplomatik protokol və etiket”, “Beynəlxalq təşkilatlar” və başqa  fənlər üzrə  dərs deməyə başladım. Hər bir dövlətin əsasını təkcə onun məlum dövlətçilik əlamətləri deyil, əsasən onun ərazisində yaşayan, öz mənəviyyatına, mədəniyyətinə, adət-ənənələrinə, milli dəyərlərinə, inanclarına bələd olan insanlar təşkil edir. Bu baxımdan mən də elmi fəaliyyətim zamanı çalışmışam ki, öz mövqeyimlə konkretlik, qətiyyətlilik, məlumatın təqdim edilməsinin sadəliyi, Azərbaycanımızın qarşılaşmış olduğu münaqişə və vəziyyətin reallığı barədə ətrafa inandırıcı amilləri çatdırım. Buna görə də 2009-cu ildə doktorluq elmi dərəcəsi almaq üçün terrorizmlə əlaqədar mövzu götürdüm. Elmi məsləhətçim dedi ki, “səni birmənalı dəstəkləyə bilmərəm, bunun üçün Azərbaycana getməliyəm”. Onunla birlikdə Azərbaycana gəldik, burada qaçqın ailələri ilə görüşümüz oldu. Bizi Prezident Administrasiyasında və Milli Məclisdə qəbul etdilər. Xarici İşlər Nazirliyində və digər qurumlarda olduq. Şəhidlər Xiyabınına və Qubada Soyqırım Muzeyinə getdik, müxtəlif  KİV-lərə müsahibələr verdi və s. Bundan sonra elmi məsləhətçim məni tam dəstəkləyəcəyinə söz verdi. Nəticədə 2012-ci ilin noyabr ayında Ukrayna Ali Radasının Qanunvericilik İnstitutunda doktorluq müdafiəsi üzrə elmi metodologiya əsasında aparılan Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin işıqlandırılması üçün  “Beynəlxalq terrorizmə qarşı mübarizədə prezident institutu rolunun müqayisəli hüquqi təhlili (Ukrayna və Azərbaycan Respublikası timsalında)” təsdiqlənərək  hüquq elmləri doktorluq işimi uğurla müdafiə etdim. Ukraynanın Elm və Təhsil, Gənclər və İdman Nazirliyinin 17 may 2012-ci il tarixli qərarı ilə mənə Beynəlxalq Hüquq kafedrasının dosenti, Ukraynanın Elm və Təhsil Nazirliyinin 23 aprel 2019-cu ildə isə Beynəlxalq Hüquq kafedrasının Professoru elmi dərəcəsi adı verildi. 2020-ci ildə Ukrayna Ali təhsil Milli Elmlər Akademiyasının Akademiki seçilmişəm. Həmin elmi dərəcələrlə Azərbaycan-Ukrayna elmi və digər əlaqələrlə müvafiq faktlarla Azərbaycanımızın qarşılaşmış olduğu həmin faciənin səbəb-nəticə əlaqələrinin diqqətə çatdırılmasına çalışmışam. 2013-cü ildə Ukraynanın Əməkdar təhsil işçisi fəxri dövlət adına, 2016-cı ildə isə Azərbaycan Prezidentinin “Tərəqqi” medalına layiq görülmüşəm. 
 - Ukraynada azərbaycanlıların təşkilatlanması, diaspora fəaliyyətinin genişlənməsi barədə nə deyə bilərsiz? 
 - Təşkilatlanmağımız 1997-ci ildə Heydər Əliyevin Ukraynaya səfəri ilə bağlıdır. Heydər Əliyevlə görüşün nəticəsi olaraq həmin vaxt diaspora rəhbəri seçilən Tələt Əliyev  2001-ci ildə Azərbaycanın Ukraynada səfiri təyin olunaraq 10 ilə yaxın Diplomatik korpusumuza rəhbərlik etdi. O, çox vətənpərvər adam idi. Uzun müddət Ukraynada yaşamışdı. Həmin ölkənin dəyərlərini yaxşı bilirdi. Bilirsiz, səfir təmsil etdiyi ölkəsinin tarixini, mədəniyyətini, siyasətini mükəmməl şəkildə öyrənməli, bilməlidir. Lazım olan anda ölkəsini müdafiə etməyi, təbliğ etməyi bacarmalıdır. Yaxşı yadımdadır ki, Heydər Əliyev Ukraynaya səfər edəndə ilk görüşünü diaspora təmsilçiləri ilə keçirirdi. Bu addım həm Ukrayna rəhbərliyinə mesaj xarakteri daşıyırdı, həm də azərbaycanlılarda məsuliyyət hissini artırırdı. Əfsuslar olsun ki, zaman-zaman diaspora təşkilatlarımız arasında ziddiyyət, anlaşılmazlıq olur. Hətta aradakı gərginlik qarşıdurma həddinə qədər çatır, ermənilərdən fərqli olaraq   bir-biri ilə düşmənçilik edirlər. Bu, bizim üçün yaramaz hərəkətlərdir, bununla da ermənilərin əlinə arqument vermiş oluruq. Təsəvvür edin, həmin təşkilatlardan birinin tədbirinə getdiyim üçün diasporanın qurultayına məni dəvət etməmişdilər. Harada azərbaycanlılarla bağlı məsələ var, mən orda iştirak edirəm. Çalışıram ki, imkan daxilində sağlam mənada fəaliyyət üçün arqumentlərlə onlara öz xeyirxah fikirlərimi çatdırım.
 - Diaspora təşkilatları arasında hansı problem var ki, hətta milli məsələlərdə belə bir araya gəlmək qeyri-mümkün olur? 
 - Söhbət diaspora rəhbərliyində olan adamlara münasibətdən gedir. Çox ürəkağrıdan məqamdır ki, Ukraynadakı diaspora təşkilatlarımız orada, Rusiyada adamlar tutaraq bir-birinin əleyhinə kampaniya aparırlar. Başqa diasporalarda  belə şeylər yoxdur. Həmişə deyirdim ki, ermənilər bizi “ayıltmaq üçün”  əllərindən gələni edirlər, lakin biz ayılmırıq. 44 günlük Vətən müharibəsi, dövlətimizin, xalqımızın, ordumuzun və təbii ki, cənab Prezidentimizin rəhbərliyi  ilə əldə etdiyimiz qələbə bizi bəlkə də 200 illik tariximizdə ilk dəfə olaraq, Milli Zəfərimiz naminə ayıltdı. Hətta Ukraynada deyirdim ki, Azərbaycanın “sağ əli sizin çiyninizə olsun, siz də işğal olunmuş ərazilərinizi həmin ruhla geri qaytarasınız”.  
- Rusiya-Ukrayna müharibəsi aylardır davam edir. Ukrayna torpaqları işğal altındadır və ölkədə çox ciddi fəlakət yaşanır. Uzun illər Kiyevdə yaşamış diplomat kimi prosesləri necə dəyərləndirirsiniz? 
 - Ukrayna əhalisinin rəsmi 30 faizi, qeyri-rəsmi isə daha çoxu Rusiya ilə qohumluq əlaqələri və başqa bağlılıqlara sahibdir. Qeyd edim ki, müharibə başlayanda prezident də, xarici işlər naziri də etiraf etdi ki, “biz gərək Qərbin vədlərinə inanmayaydıq”. 
 - Yəni rəsmi Kiyev Qərbə aldandımı? 
 - Aldandı. Ukraynada olanda deyirdim ki, ölkədə aclıq olsa, Qərb bizə çörək verməz. Amma çəkinmədən, tərəddüd etmədən silah-sursat verər ki, savaş olsun. Rusiya Ukrayna ərazilərini işğal etməklə özünü çox alçaldıb. Bu alçaltma da Qərbin əlinə əsas verib ki, Moskvanı bacardıqları qədər küncə sıxışdırsınlar. Qərb Ukrayna ərazisində Kiyevin əliylə Rusiya ilə müharibə aparır. Mənzərə budur. Ukrayna ancaq öz ərazisinin müdafiəsi ilə məşğuldur. Rusiya isə 2014-cü ildən Ukrayna ərazilərinin işğalına başlayıb. Bu ərazilər BMT-nin Təhlükəsizlik Şurası tərəfindən də təsdiq olunub. Qərbin məqsədi Rusiyanı çökdürmək, məhv eləməkdir. Təəssüflər olsun ki, Moskva hələlik bunu dərk edə bilmir və işğalı davam etdirir. Rusiya BMT TŞ-nın üzvüdür. TŞ-nin digər üzvləri olan 5 ölkə Ukraynanı dəstəkləyir. 5 ölkə diplomatik səviyyədə birləşib, problemin həlli barədə ciddi fikirləşmirlər. Çünki həmin ölkələrin də öz maraqları var. 
 - Müharibənin davam etməsi Qərbə sərf edir? 
 - Bəli, sərf edir. Çünki Ukraynada məhv olan əsgərin, dağılan şəhərlərin, obyektlərin Qərbə dəxli yoxdur. Öldürülən ukraynalılardır, viran qalan Ukrayna şəhərləridir. 
 - Rusiyanı geri addım atmağa məcbur etmək mümkündürmü?  
 - 2014-cü ildə Bakıda olarkən Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkoya dedim ki, “siz də diplomatsınız, mən də. Əslən ukraynalı olsanız da, indi Rusiyadasınız. Mən isə Ukraynada yaşayıram azərbaycanlıyam. Əgər tərəflər arasında problem varsa, orada başlıca günahkar diplomatlardır”. Diplomatiya amili ilə münaqişənin dayanmasına köməklik göstərin.  Diplomatların missiyası qarşıdurmanı, gərginliyi ilk andaca aradan qaldırmaqdır. Deyirdim, çalışın, Rusiya-Ukrayna münasibətlərinin pisləşməsinə şərait yaradılmasın. Hesab edirəm ki, müharibədə günahı olanlardan biri də elə Valentina Matviyenkodur. Müharibə Rusiyanın Təhlükəsizlik Şurasında müzakirə olunub. Günlərlə müxtəlif dairələrdə müzakirələr gedib. Niyə Matviyenko proseslərdən xəbərdar olmayıb?!..  
 - Rəsmi Bakının və azərbaycanlıların Ukraynaya siyasi-humanitar dəstəyini qənaətbəxş hesab edirsizmi? 
 - Ukraynalıların bizə məhəbbəti çox yüksəkdir. Bakıda I Avropa Oyunlarında Ukrayna idmançılarını görəndə bütün stadion ayağa qalxdı, onları alqışladı. Bu, ümumxalq sevgisidir. Azərbaycan dövləti və xalqı Ukraynaya hər zaman yüksək səviyyədə dəstək göstərib. Ukrayna dövləti və xalqı bizi daim hörmətlə qarşılayıb. Qeyd edim ki, mən Ukraynanı məcburiyyət qarşısında qalaraq müvəqqəti tərk etdim. Ailəm, xüsusən nəvələrim  üçün təhlükə yaranmasını istəmədim. Amma Ukraynadan çıxanların çoxu geri qayıdıb. Mən də hazırlaşıram, yaxın müddətdə Ukraynaya dönəcəm. 
 - Sizcə, Rusiya-Ukrayna savaşı necə başa çatacaq? Müharibə dayansa belə ərazi itkiləri olacaqmı? 
 - Ukrayna onsuz da ciddi ərazilərini itirib. Donetsk və Luqansk, Krım əraziləri tam işğal olunub, Xerson, Xarkov, Mariopul və başqa ərazilərdə də rusların nəzarəti mövcuddur.  Ukraynanın məqsədi bu əraziləri geri qaytarmaqdır. Məhz elə bu geri qaytarmaq cəhdləri səbəbindən qurbanların sayı artmaqdadır. Türkiyə müəyyən cəhdlər göstərsə də, hələlik nəticə yoxdur. Ankara sadəcə ona nail ola bildi ki, dünyada taxıl böhranı, aclıq yaşanmasın. Lakin məsələnin digər yönlərini də həll etmək lazımdır. Əfsuslar ki, Avropa ölkələrinin sabahkı dünya üçün heç bir məsuliyyətləri yoxdur.