Azərbaycan-Ermənisan arasında sülh danışıqları ləngiyir. Fransa regiondan əlini çəkməməkdə qərarlıdır. Bundan sonra bizi hansı sürprizlər gözləyir. Qarabağda və regionda yaşanan digər proseslərlə bağlı "Sherg.az"ın budəfəki müsahibi sabiq xarici işlər naziri Elmar Məmmədyarov oldu. Onunla söhbəti təqdim edirik.
-Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda litvalı həmkarı İnqrida Şimonite ilə görüşdən sonra deyib ki, Azərbaycan Prezidenti ilə görüşlər zamanı Avropa Şurası rəhbərinin vasitəçiliyi ilə Bakı ilə münasibətlərin normallaşdırılması üçün yol xəritəsi formalaşdırılıb. Baş nazirin sözlərinə görə, bu yol xəritəsi oktyabrın 5-də Qranadada keçirilən sammit zamanı qəbul edilmiş bəyannamədə (Azərbaycan tərəfi iştirak etməyib – red.) öz əksini tapıb. Hansı yol xəritəsindən söhbət gedir?
- Bu ayın axırı Brüsseldə yeni görüşün keçirilmə ehtimalı var. Söhbətin nədən getdiyi ondan sonra bəlli olacaq.
- Azərbaycan tərəfinin iştirak etmədiyi Qranada görüşündəhər hansı qərarın qəbul edilməsi düzgündürmü?
-Bunu şərh etmək üçün daha çox məlumat toplamaq lazımdır. Amma bunu düzgün hesab etmirəm.
-Qərbin Azərbaycanla Ermənistan arasındakı mövcud vəziyyətə və sentyabrın 20-də keçirilmiş lokal antiterror tədbirlərinə ədalətli yanaşmamasının səbəbi nədir?
-Yəqin Qərbə və Avropa İttifaqının nümayəndələrinə Brüsseldən tapşırıq gəlir. Çünki onların qəbul etdiyi qətnamələri oxuduqda mətndən başa düşülür ki, dünyadan xəbərləri yoxdur və uydurmayla məşğuldurlar. Ümumiyyətlə Qarabağda tək-tük erməni qalıb, onların da təhlükəsizliyi Azərbaycan hökuməti tərəfindən qorunur. Yəni onların qətnamələri qərəzli və uydurmadır.
-Avropa Parlamenti və Avropa İttifaqında, həmçinin Fransa, Niderland, Almaniya kimi ölkələrin mövqeyində Azərbaycanı "etnik təmizləmə" siyasəti həyata keçirən ölkə kimi təqdim etmək cəhdləri özünü büruzə verir. Burada məqsəd nədir?
-Bu təzyiq göstərməkdir. Hər kəs bilir ki, Avropa İttifaqının içində ən güclü ölkələr Fransa və Almaniyadır. Onlar da bu gücdən istifadə edərək Avstriya, Niderland, İspaniya kimi ölkələrə təzyiq edərək qərəzli qətnamələr qəbul etdirirlər. Bu isə böyük bir məsələ deyil və təxminən yaxın 6 ay ərzində yekunlaşacaq. Ümumiyyətlə biz Azərbaycanın suverenliyini bərpa etməsini həzm etməyən ölkələrin olacağını gözləyirdik.
-Qərbin, xüsusən də Fransanın Ermənistana ardıcıl maliyyə yardımı göstərməsi və ermənilərin silahlandırılması istiqamətində atılan addımlar revanşa hazırlıqdır? Yəni onlar yeni münaqişə ocağı yaratmaq istəyirlər?
-Fransanın Ermənistanı silahlandırması xoşagəlməz hərəkətdir. Ümumiyyətlə isə Fransa hər il özü üçün hərbi partnyor seçirlər. Amma mən inanmıram ki, fransızlar Ermənistana Azərbaycanla münaqişəyə başlayacaq qədər silah-sursat versinlər. Digər tərəfdən Fransanın bu addımı həm də Rusiya üçün mesajdır. Ümumiyyətlə ermənilər Rusiyaya irad tutdular ki, onlarla 400 milyonluq müqavilə bağlasaq da, silah-sursat göndərilməyib. Yəqin Ermənistan rəhbərliyi Rusiyaya çatdırmaq istəyir ki, siz silah göndərməsəz də, Fransa və Hindistan kimi ölkələr göndərir. Digər tərəfdən Ermənistan ordusunun göndərilən hərbi texnika və silahın istifadəsini öyrənməsi üçün xeyli vaxt lazımdır.
-Ermənistan hakimiyyətinin Rusiyadan uzaqlaşaraq qərbyönümlü siyasət xətti tutmasına Kremlin reaksiyası nə olacaq? Bu Moskva və İrəvan arasındakı münasibətlərə necə təsir göstərəcək?
-Mən inanmıram ki, Rusiya Fransa kimi ölkələrin Ermənistanda möhkəmlənməsi qarşısında sakit dayansın. Bu mənada Ermənistan rəhbərliyinin yaxın zamanlarda Rusiyaya qarşı sərt addımlar atacağını düşünmürəm. Yəni Ermənistanın KTMT və Avrasiya Birliyindən çıxmasına inanmıram. Amma gələcək barəsində söz demək çətindir. Çünki Ermənistan hakimiyyətinin ölkədə Rusiyanın nüfuzunu azaltmaq istəyi var.
-İndiki şəraitdə yekun sülhün əldə olunması mümkündürmü?
-Hər şey ola bilər. Brüsseldə görüş olsa, Ermənistan və Azərbaycan rəhbərliyi tapşırıq verəcək ki, XİN rəhbərləri səviyyəsində danışıqlar aparılsın. Ancaq hələlik sülh danışıqları dayanıb. Ümumiyyətlə sülh müqaviləsinin üzərində ciddi müzakirələr aparılmalıdır. Əgər görüş baş tutsa, sülh müqaviləsi üçün irəliləyişlər ola bilər.