“Zəngəzur dəhlizi ilə bağlı İrəvanın şərti bəhanədir”
Qatar 20 dəqiqədən, uzağı, 30 dəqiqədən sonra Zəngəzuru keçib Naxçıvana çatacaq
Belə qısa məsafələrdə saatlarla sürən yoxlama proseduru mənasızdır
“Ermənistanda nə vaxtsa başı işləyən bir hökumət gələrsə, Zəngəzur dəhlizinə razılıq verəcəklər”
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ilin sonunadək imzalanacağına dair ümidlər tükənməkdədir. Başlıca səbəb Ermənistan hökumətinin, Baş nazir Nikol Paşinyanın sülh prosesi ilə bağlı qeyri-səmimiliyi, yekun sülhün əldə olunması üçün ardıcıl addımlar atmamasındadır. Paşinyanın Londonda Azərbaycan Prezidenti ilə görüşdən qaçması da buna misaldır. İrəvanın ziddiyyətli addımlarına, sülh danışıqları ilə bağlı qeyri-stabil davranışlarına Şuşa Forumunda dövlət başçısı İlham Əliyev də diqqət çəkmişdi və artıq nikbin olmadığını söyləmişdi. Məhz İrəvanın sülh danışıqlarını ləngidən addımları sazişin tezliklə imzalanmasına inamı azaldır. Paralel olaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyi ölkə Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmağa tələsmir. Rəsmi İrəvan zaman-zaman “sülhpərvər” açıqlamalar versə də, heç bir halda üzərinə düşəni etmir. Əksinə, silahlanır və Fransa kimi ölkələrlə koordinasiyalı hərəkət edərək bölgədəki vəziyyəti gərginləşdirir. Azərbaycan isə regionda yeni hərbi münaqişədə maraqlı deyil və önəmli iqtisadi layihələrin həyata keçirilməsi üçün regionda dayanıqlı sülhə, sabitliyə ehtiyac duyur.
Sülh danışıqlarında yaranmış fasilə və qeyri-müəyyənliklə bağlı "Sherg.az"ın budəfəki müsahibi politoloq Zərdüşt Əlizadədir. Suallarımızı cavablandıran siyasi şərhçi üfüqdə sülh sazişinin görünmədiyini deyib.
- Zərdüşt müəllim, Zəngəzur dəhlizi və kommunikasiya kimi məsələlərin sülh sazişindən kənarda saxlanması prosesi sürətləndirə bilərmi? Yaxın aylarda sülh müqaviləsinin imzalanması realdırmı?
- Son günlərdə cərəyan edən prosesləri, ümumi gedişatı təhlil etdikdə görürük ki, 2027-ci ilədək sülh sazişinin imzalanması real görünmür. Azərbaycan tərəfi İrəvan hökuməti qarşısında konkret tələblər qoyur, mövcud konstitusiyanın dəyişməsini tələb edir. Ermənistan hökuməti isə 2026-cı ilin dekabr ayında yeni konstitusiya layihəsini hazırlamağı, ondan sonra proseduru başlatmağı planlaşdırır. Yeni konstitusiya uzun müzakirələrdən sonra referenduma çıxarılmalıdır. Bu da gedir 2027-ci ilə çıxır. Yeni qanunvericiliyin qəbul olunacağı və Azərbaycana qarşı ərazi iddiaları olmayacağı təqdirdə tərəflər arasında sülh sazişi imzalana bilər. Bu, rəsmi Bakının qəti və konkret tələbidir. Paşinyan hökuməti 2027-ci ilədək konstitusiyada dəyişiklik etmək fikrində deyil.
- Yekun sülh sazişindən söhbət gedir, yoxsa çərçivə sənədinin imzalanmasını deyirsiniz?
- Yox, ilkin imzalanacaq sülh sazişindən danışıram. Ondan əvvəl mümkündür ki, gərginliyi azaltmaq məqsədilə ümumi müddəalardan ibarət Bəyannamə imzalana bilər. Yəni sənədin adı "sülh sazişi" yox, Bəyannamə olar. Məsələn, bütün beynəlxalq hüquqi sənədlərlə təsdiqlənmiş 5 ümumi prinsip əsasında müəyyən razılığın əldə olunması ehtimalı var. Söhbət çox ümumi, tərəflərin qətiyyən etiraz etmədiyi, "hava, su" kimi mübahisə doğurmayacaq müddəalardan gedir. Qarşılıqlı etimad və yaxınlıq üçün belə bir addımın atılması istisna edilmir. Yekun sülh müqaviləsinin imzalanması isə 2027-ci ildən sonra mümkündür.
- Bəs Zəngəzur dəhlizinin, kommunikasiyaların açılması nə vaxt reallaşa bilər?
- Zəngəzur dəhlizi Azərbaycana ilk növbədə qərb rayonlarımızdan Naxçıvana gediş-gəliş üçün lazımdır. Burada başqa sual ortaya çıxır. Hazırda Naxçıvana gediş-gəliş yoxdurmu? Əlbəttə var. Beynəlxalq hüquqa uyğun olaraq Ermənistan üzərindən hava yolu ilə Naxçıvana gedirik. Həm də İrandan quru yolla gediş-gəliş mümkündür. Hələlik gediş-gəliş üçün hansısa ciddi maneə yoxdur. Təbii ki, Zəngəzurdan keçən əlavə dəmir yolu olsaydı, Naxçıvana getmək daha asan, rahat, tez və ucuz başa gələrdi. Həmçinin önəmli olan digər məqamlar var. Söhbət qlobal miqyasda mühüm əhəmiyyət kəsb edən Orta Dəhliz nəqliyyat layihəsindən gedir. Layihə artıq yavaş-yavaş həyata keçirilməkdədir.
- Qərb ölkələri də Zəngəzur dəhlizini dəstəkləyirmi?
- Avropa İttifaqı Orta Dəhliz protekti üçün Mərkəzi Asiya ölkələrinə 10 milyard avro vəsait ayırıb. Azərbaycana 1 milyard dollar ayrılıb ki, gəmi tərsanəsini yeniləsin. Bunlar ilkin rəqəmlərdir və sonrakı illərdə milyardlarla pul ayrılacaq. Dəmiryolları yenidən qurulmalıdır, qatarların sürəti artırılmalıdır ki, daşıma imkanları genişləndirilsin. Gürcüstanda yeni dəniz limanı tikiləcək. Kifayət qədər böyük beynəlxalq layihənin reallaşması üçün ciddi təşəbbüslər göstərilir. Orta Dəhliz Çindən başlayan, Mərkəzi Asiyadan Xəzər dənizi ilə Azərbaycana keçən, bizdən də Gürcüstana, Türkiyəyə və Avropaya keçən qlobal nəqliyyat dəhlizidir. Bu xətt üzərindəki yolların, dəmiryol xətlərinin yenilənməsinə ciddi məbləğdə pullar xərclənir. Bakı-Tbilisi-Qars dəmiryol xəttinin daşıma həcmi ildə 1 milyon ton idisə, əvvəlcə 5 milyon tona, sonra 10-15 milyon tona qaldıracaqlar. Gələcəyi parlaq olan bir layihədir. Belə məqamda ABŞ israrla İrəvan hökumətinə təklif edir ki, Ermənistan da Zəngəzur dəhlizinə razılıq versin və Orta Dəhlizin iştirakçısına çevrilsin. Ermənistan isə deyir ki, "ölərəm, açmaram".
- Ermənistan niyə dəhlizə mane olur? İrəvan hökumətinin məqsədi, narahatlığı nədir?
- Zəngəzur dəhlizində mühafizəni kimin təşkil edəcəyi ilə bağlı İrəvanın şərti bəhanədir. Cəmi 44 km.lik bir yolda hansı şərtdən söhbət gedir?! Qatar 20 dəqiqədən, uzağı, 30 dəqiqədən sonra Zəngəzuru keçib Naxçıvana çatacaq. Ümumiyyətlə, belə qısa məsafələrdə saatlarla sürən yoxlama proseduru mənasızdır. Təsəvvür edin, gediləcək yol dəqiqələr çəkir, amma yoxlamalar saatlarla davam edir. Məsələn, Gürcüstana qatarla gedəndə əvvəlcə Böyük Kəsikdə dayanırsan, bir saat sərhədçilər, gömrükçülər yoxlama aparırlar. Sonra Qardabani stansiyasına gedirsən, eyni proses təkrar olunur. Təxminən yarım saatlıq məsafəyə görə bu qədər yoxlama absurddur. Zəngəzur dəhlizinə beynəlxalq normalar tətbiq edilsə, eyni mənzərə yaşanacaq. Bu, axmaqlıqdır. Ona görə də Azərbaycan tərəfi haqlı olaraq İrəvana təklif edir ki, qatarlar mənasız vaxt itkisinə yol vermədən sürətlə hərəkət etsinlər, vətəndaşları da incitməsinlər. Ermənistan "suverenlik" nağılını ortaya atır. Suverenlik məntiqsizlik demək deyil, insanların rahatlığını artırmaq, onlara maneçilik törətməməkdir.
- İranı Zəngəzur dəhlizi ilə bağlı narahat edən məqamlar nələrdir?
- İran Ermənistana təzyiq göstərir ki, dəhlizə imkan verməsin. Hesab edir ki, ABŞ dəhlizə nəzarəti ələ keçirərək Ermənistan vasitəsilə birbaşa bölgəyə nəzarət imkanları qazanacaq. Ermənistanın ABŞ-nin qucağına düşəcəyini düşünür. Azərbaycana da alternativ variant təklif edir. Deyir ki, "gəl, mənim ərazimdən Naxçıvana keç, məsafə 44 yox, 60 km. olsun". Buna şərait yaradacağına söz verir. Əslində isə İranın məqsədi beynəlxalq təcriddən qurtulmaqdır. İran Qərbin blokadasından çox əziyyət çəkir. ABŞ İrana heç bir beynəlxalq layihədə iştiraka imkan vermir. Hansısa ölkənin Tehranla əməkdaşlıq etməsinə də mane olur, barmaq silkələyir. Hədəf İranı təkləməkdir, təcrid siyasətini gücləndirməkdir. İranın məramı isə blokadanı yarmaqdır. Bunun yolu isə kifayət qədər əhəmiyyətli olan qlobal layihəyə qoşulmaqdır. Həm də bununla İranın Azərbaycanla münasibətləri yaxşılaşar. Bakı İrandan keçəcək alternativ yolu da diqqətdə saxlayır. Əgər Ermənistan cığallıq edirsə, 4 il ötməsinə baxmayaraq, dəmiryol xəttini çəkmirsə, özü bilər. Vaxtı ilə Ermənistana neft və qaz kəmərlərinin, dəmiryol xətlərinin çəkilməsi də təklif edilmişdi, ancaq istəmədilər. Həmin kəmərlər, dəmiryol Gürcüstandan keçdi. Nəticədə qonşu Gürcüstan qazandı, Ermənistan milyardlarla dollar vəsait itirdi. İndi də İrəvana təklif edilir ki, Zəngəzurdan 44 km. dəmiryolu xəttini çək və beynəlxalq dəhlizin iştirakçısına çevril. Zəngəzur dəhlizi Ermənistana regional və qlobal nəqliyyat xətlərindən sərbəst istifadə hüququ qazandıracaq. Amma Ermənistan yenə "istəmirəm" deyir. Bütün neft-qaz və nəqliyyat layihələrinin Ermənistan ətrafından fırlanaraq keçməsi bu ölkənin tamamilə təcrid olunmasına gətirib çıxaracaq. Ermənilər yük maşınları ilə ancaq Böyük Lars keçidindən Rusiyaya gedə bilərlər, vəssalam. İnsanları döyə-döyə xoşbəxt eləməzlər ki.
- Belə iddialar var ki, guya, Paşinyan hökuməti sülhdə, dəhliz məsələsində loyal mövqedədir, amma kənar təzyiqlər onlara imkan vermir. Buna münasibətiniz necədir?
- Ermənistan hökuməti hər yerdə car çəkir ki, guya, İrəvan müstəqildir, sərbəstdir və s. Xüsusən, Rusiyaya münasibətdə bu məqamı vurğulayırlar. Əgər iddia etdikləri kimi müstəqil siyasət yürüdürlərsə, o zaman ilk növbədə daxili problemlərini həll etsinlər. Axı bir ölkə necə müstəqil ola bilər ki, onun Türkiyə və İranla sərhədlərini Rusiya hərbçiləri qoruyur?! Suverendilərsə, özləri mühafizə etsinlər. Niyə bir dövlətin qərarlarına Fransa, yaxud erməni diasporu təzyiq və təsir göstərir? İrəvanda kiminsə istəyi, ürəyindən keçəni fərqli ola bilər, lakin reallıq ondadır ki, Ermənistan bu və ya digər səbəbdən illərlə bu prosesi uzadacaq. Ermənistanda nə vaxtsa başı işləyən bir hökumət gələrsə, Zəngəzur dəhlizinə razılıq verəcəklər.
- İrəvan hökumətinin konstitusiya dəyişikliyi mə sələsini 2027-ci ilədək uzatma cəhdinin məqsədi nədir?
- 1985-86-cı illərdə keçmiş SSRİ-də "yenidənqurma" prosesi başlandı. Cəmiyyətin bütün sahələrində həyat yenilənməli idi. Belə bir şüar irəli sürüldü ki, hakimiyyət xalqa qaytarılmalıdır. Xalq azad olmalı, öz müqəddəratını təyin etməlidir və s. Ümumən belə bir demokratik hərəkat başladıldı. Demokratik hərəkatın qarşısını almaq üçün millətçilik hərəkatını ortaya atdılar. Daşnak, şovinist ermənilər Azərbaycandan torpaq istədilər. Yəni ermənilər haqq-hüquq, demokratiya, yenilənmə falan istəmədilər, məhz özgənin torpağına göz qoydular, təcavüz etdilər. Ermənilərin başına keçmiş partokratlar - robertlər, serjiklər demokratiya hərəkatını torpaq uğrunda vəhşi davaya, işğalçılığa çevirdilər. Bununla demokratiya yaddan çıxdı. Budur erməni ağlı, erməni təfəkkürü.. Onların hərəkətində məntiq tapmaq qeyri-mümkündür. Minlərlə erməni Bakıda, Gəncədə, Şamaxıda, İsmayıllıda, Qarabağda bəy balası kimi, yağ-bal içində yaşayırdılar. Halbuki azərbaycanlıların özləri aclıq içində idi. Bütün bunları kənara qoyub torpaq davasına, işğala başladılar. Axırı nə noldu? Nəinki Bakıdan, Şamaxıdan, Qarabağdan da oldular. Nə qazandılar? Heç nə. İnanın, ermənilər Bakıda başımızda oturmuşdular. Şəhərin mərkəzində ən gözəl evlərdə ermənilər yaşayırdılar. Ağlı, düşünəsi, normal təfəkkürü olan bir toplum bunların hamısını güdaza verərdimi?! Ermənilərin bəlası odur ki, gələcəyi görə, düzgün müəyyənləşdirə bilmirlər.