İqtidar partiyasının sosial bazası güclüdür
“Xalq "Gürcü Arzusu"na sülhpərvər partiya kimi baxır. Avropaya inteqrasiya, insan haqları kimi məsələlər uzaq gələcəkdə də reallaşa bilər. Mitinqə çıxanlar hökumətlə ümumiyyətlə bağlılığı, asılılığı olmayan, özəl işlərdə çalışan insanlardır”
Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun qüvvəyə minib. Parlamentin sədri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalayıb. Papuaşvili bildirib ki, qanunun əsas məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərinin xarici müdaxilələrə qarşı dayanıqlılığını gücləndirməkdir: "Bu gün qanun layihəsini imzaladım. Qanunun yanaşması sadə və aydındır. Qeyri-hökumət təşkilatları və media xarici hökumətlərin maliyyəsi ilə qərarların qəbulu prosesində iştirak etmək və gürcü xalqının həyatına təsir etmək istəyirsə, minimum şəffaflıq standartına cavab verməlidir - əhali hər bir aktorun arxasında kimin dayandığını bilməlidir”. Bununla da, Gürcüstanda mübahisəli qanun layihəsi qüvvəyə minib. Qanun layihəsinə əsasən büdcəsinin 20 faizindən çoxu ölkə xaricindən maliyyələşən qeyri-kommersiya təşkilatları, media orqanları “xarici qüvvənin maraqlarını həyata keçirən” təşkilat kimi reyestrdən keçməli və hər il maliyyə bəyanatı dərc etməlidir. Reyestrdən keçməkdən yayınmaya və ya maliyyə bəyanatı verməməyə görə 25 min lari (təxminən 15 min manat) cərimə nəzərdə tutulur. Xatırladaq ki, Gürcüstan parlamenti mayın 14-də “xarici agentlər” qanunu kimi də tanınan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Lakin Prezident Salome Zurabişvili mayın 19-da qanuna veto qoyub. Parlament mayın 28-də Prezidentin vetosunu aradan qaldırıb. Parlament qanunun imzalanması üçün Prezident Administrasiyasına göndərsə də, Prezident Zurabişvili onu imzalamaqdan imtina edib. Bu səbəbdən qanun layihəsini parlament sədri Şalva Papuaşvili imzalayıb. Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib ki, “Xarici təsir” qanununun qəbulu beynəlxalq tərəfdaşların məğlubiyyəti kimi qəbul edilməməlidir. Onun sözlərinə görə, "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbul edilməsi nə hakimiyyətin qələbəsi, nə də opponentlərin və beynəlxalq tərəfdaşların məğlubiyyəti hesab olunmalıdır, qanunun qəbulu ilə yalnız Gürcüstan qalib gəldi. Hökumət başçısı bildirib ki, indi qanun qüvvədədir və hamı soyuqqanlılıqla, praqmatik hərəkət etməli və lazımsız emosiyaları bir kənara qoymalıdır. Kobaxidze Gürcüstanda qeyri-şəffaf maliyyələşmə əsasında “liberal-faşist” əməllərin törədildiyini, bu ideologiyanın klassik faşizmdən və bolşevizmdən az təhlükəli olmadığını, gürcü mədəniyyəti ilə bir araya sığmadığını əlavə edib. Qonşu Gürcüstanda baş verənlərlə bağlı suallarımızı politoloq Zərdüşt Əlizadə cavablandırıb. Ekspertin sözlərinə görə, qanun ədalətsiz olsa da, gürcülər ümumən "Gürcü Arzusu"nun siyasətini dəstəkləyir.
- Zərdüşt müəllim, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul olunmasını necə şərh edərdiniz?
- Əvvəla onu deyim ki, Rusiyada "Xarici agentlər haqqında" qanun qəbul edildikdən sonra Kreml konstitusiyada təmin olunmuş insan haqlarını ardıcıl şəkildə pozmağa, vətəndaşların hüquqlarını boğmağa başladı. Məhz bu qanuna əsaslanaraq, çoxsaylı inzibati qərarlar qəbul olundu. Mindən artıq Rusiya vətəndaşı "xarici agent"likdə ittihamlara məruz qalıblar ki, onların arasında yazıçılar, şairlər, mədəniyyət xadimləri və ictimai fəallar var. Onların bir qismi artıq cinayət məsuliyyətinə cəlb edilib, qazamatda olanları da var. Sözün qısası, bu qanun fərqli düşünənlərə, fərqli danışan vətəndaşlara qarşı tətbiq olunmaqla bir növ istibdad qanuna çevrilməkdədir. Rusiya ilə Ukrayna arasında müharibə davam edir. Əgər hansısa rus vətəndaşı desə ki, "Rusiya Ukrayna ərazisinə girməklə səhv edib", sözügedən qanuna əsaslanaraq, onu dərhal həbs edə bilərlər. 8 ildən 20-25 ilədək həbs cəzası verirlər. Qırğızıstanda da bənzər qanun qəbul olunub. Avropada da qəbul edənlər var. Məsələn, Macarıstan da "Xarici agentlər haqqında" qanunu qəbul edib. Amma Avropa İttifaqının təzyiqi altında bu qanunun tətbiqini təxirə salıblar və çox güman ki, Macarıstanı bu qanunu ləğv etməyə məcbur buraxacaqlar. Gürcüstanda güclü vətəndaş cəmiyyəti var. Qonşu ölkənin vətəndaş cəmiyyəti Avropadan Azərbaycan və Ermənistanla müqayisə olunmayacaq qədər maliyyə yardımı alır. Həmin maliyyə yardımı Gürcüstandakı QHT-lərə ona görə verilir ki, Tbilisi rəsmən elan edib ki, onun istiqaməti Qərbə, NATO-ya, Avropa İttifaqınadır. Gürcüstan Qərbə inteqrasiya yolunu tutduğunu açıqlayıb. Avropa İttifaqı çox zəngin bir təşkilatdır, yüz milyardlarla avro vəsaitə sahibdir. Ona görə də gürcü cəmiyyətinin Avropaya inteqrasiyasını və islahatları sürətləndirmək üçün böyük pullar ayırırlar. Vətəndaş cəmiyyəti dövlətdən fərqli olaraq nə işlə məşğuldur? Bələdiyyələrə, təhsilə, səhiyyəyə dəstək verirlər, yerli özünüidarə təşəbbüslərinə, ekoloji layihələrə və başqa sahələrə yüz milyon avrolarla pul yatırılır.
- Gürcüstan hökuməti iddia edir ki, bu qanunla xaricdən müxtəlif məqsədlər naminə maliyyələşmənin qarşısı alınacaq...
- Qərbdən pul alan sadəcə Gürcüstanın vətəndaş cəmiyyəti deyil ki? Gürcüstan hökuməti özü də Aİ-dən milyard avrolarla yardım alır. Məhz həmin vəsaitin hesabına yollar çəkir, körpülər tikir, müxtəlif infrastruktur qurulur. Hökumətə Avropadan pul almaq olar, amma vətəndaş cəmiyyətinə olmaz?! Bu necə yanaşmadır? Hökumət də aldığı pulu dövlət, millət üçün sərf edir, vətəndaş cəmiyyəti də. Bütün gürcülər dövlət işlərində işləyə bilməz axı. Özəl sektorda yüz minlərlə insan çalışır. "Gürcü Arzusu" bu qanunla deyir ki, "hansı vətəndaş hökumətin icazəsi olmadan Qərbdən pul alırsa, xarici təsir altında qalan insana çevrilir. Yəni Gürcüstan da Rusiyanın yolu ilə gedir. Kim qarantiya verir ki, hökuməti tənqid edən vətəndaş cəmiyyətinin hansısa üzvünü "xarici agent" adı ilə həbsxanaya salmayacaqlar? Gürcüstan QHT-ləri buna etiraz edirlər.
- Qanunun qüvvəyə minməsi Gürcüstanın Qərbə inteqrasiya siyasətinə necə təsir göstərəcək?
- Avropa İttifaqı Gürcüstanla viza rejimini ləğv edib. Bunun səbəbi odur ki, yüz minlərlə gürcü Avropa ölkələrində çalışır, cəmiyyətə fayda verən işlərlə məşğul olurlar və öz ailələrinə pul göndərirlər. Yüz minlərlə gürcü Avropadan maaş alır. Gürcüstanda əmək haqqı 400-500 dollardırsa, Avropada 1500-2000 avro maaş qazanır. Gürcüstanın konstitusiyasında yazılıb ki, xalqın iradəsi Avropaya və NATO-ya inteqrasiya olmaqdır. Hökumətə etiraz edənlər haqlı olaraq vurğulayır ki, hökumət və cəmiyyət pulu Rusiyadan yox, Avropadan alır, Qərbə inteqrasiya olmaq üçün layihələr həyata keçiririk, bəs onda bu qanun layihəsinin mənası nədir? Əgər qanunda xüsusi qeyd olunsaydı ki, Avropadan gələn pullar halaldır və "xarici agent"lər sayılmır və tələblərə cavab verir, buna etiraz edən olmazdı. Amma qanunda Qərbdən gələn pulların hamısı "xarici agentlər"ə şamil olunur. Gürcüstanın xeyrinə olan layihələri ortadan qaldırmaq kimin xeyrinə olacaq? Gürcüstan vətəndaş cəmiyyətinin hökumətə etirazının, narazılığının səbəbi budur.
- Qərbin Gürcüstan hökumətinə dəstəyini kəsməsi, "Gürcü Arzusu"nun sonudurmu?
- "Gürcü Arzusu" Partiyası ölkədə müəyyən sabitlik yaradıb. Rusiya ilə münasibətləri normallaşdırıb. Qərbin Rusiyaya sanksiyalarından istifadə edərək bir çox malları fərqli marşrutlarla Rusiyaya göndərib. Yəni Rusiya ilə Gürcüstanın xarici ticarət dövriyyəsi xeyli artıb. Bundan başqa müharibədən qaçan yüz minlərlə rus Gürcüstanda özünə sığınacaq tapıb, həm də özləri ilə xeyli pul gətiriblər. 13 min şirkət açıblar. Əksəriyyəti də İT, kompüter elmləri sahəsindədir. Yaxşı işləyir, yaxşı da vergi ödəyirlər. Belə demək mümkündürsə, Rusiya-Ukrayna müharibəsi Gürcüstana və Ermənistana müsbət təsir göstərib. Gürcüstan hökuməti bundan istifadə edərək Moskva ilə münasibətlərini yaxşılaşdırıb. İndi "Gürcü Arzusu" hökuməti gürcülərə açıq formada deyir ki, əgər yenidən müharibənin başlamasını, Gürcüstanın tərəf olmasını istəmirsizsə, ən uyğun siyasət budur. Abxaziya və Cənubi Osetiyanı savaşla yox, dinc yolla qaytarmağı hədəfləyib. İndi olmasın, 30-40 il sonra olsun. Çünki fərqindədirlər ki, Rusiya ilə müharibə və qalibiyyət qeyri-mümkündür. 2008-ci il müharibəsində rus tankları Tbilisinin 40 kilometrliyində dayanmışdılar. Gürcüstan xalqı bunları bilir və ona görə hökumətlə razılaşır və dəstəkləyirlər. İqtidar partiyasının sosial bazası güclüdür. Xalq "Gürcü Arzusu"na sülhpərvər partiya kimi baxır. Avropaya inteqrasiya, insan haqları kimi məsələlər uzaq gələcəkdə də reallaşa bilər. Mitinqə çıxanlar hökumətlə ümumiyyətlə bağlılığı, asılılığı olmayan, özəl işlərdə çalışan insanlardır.
- Yəni düşünürsüz ki, etirazlar oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərinə ciddi təsir göstərməyəcək?
- Gürcüstan parlamentli respublikadır və bütün səlahiyyət parlamentin seçdiyi hökumətdədir. Gürcü xalqı parlamentə kimi seçsə, oradakı əksəriyyət yeni hökuməti quracaq. Amma burada suallar yaranır? Tbilisi küçələrində mitinqlərə qatılan, hökumətə etiraz edən yüzminlərlə gürcü oktyabrın 27-də keçirilən seçkidə "Gürcü Arzusu"nun əleyhinə səs verəcəkmi? Parçalanmış 10-15 partiya özündə təpər tapıb birləşə biləcəkmi? Əlbəttə ki, yox. İndi nümayişə çıxanlar, rəqs edən, mahnı oxuyan, polisə müqavimət göstərən etirazçı kəsim, yüzminlər seçkidə müxalifətə səs verməyəcək. Zahiri, emosional çılğınlıq və hiddət seçicinin düşünülmüş siyasi iradəsinə, səsinə çevrilməyəcək. 1990-cı ilin yanvarın 20-də Bakıda xalqımıza qarşı qəddar vəhşilik törədildi. Yanvarın 22-də qətliamın şəhidlərinin dəfninə 1 milyon insan toplaşdı. Kommunist Partiyasının minlərlə üzvü öz "çörək ağacını" - partiya biletini yandırdı, cırıb atdı. Həmin ilin 30 sentyabrında Ali Sovetə seçki keçirildi. Əgər sovetlərə, Kommunist Patiyasına nifrət edən milyonlar seçkiyə gələrək öz dəstəklədikləri adamlara səs versəydi, Ali Sovetə 90 faiz SSRİ əleyhdarları toplaşardı. Amma nə oldu? Azərbaycan seçicisi seçkiyə getmədi. Həmin gün evində oturub çay, pivə içdi, piti yedi, nərdtaxta oynadı, laqqırtı vurdu, amma seçkiyə gəlmədi. Nəticədə kommunistləri 92 faiz saxta səslə parlamentə saldılar. İki dairədə yetərsay oldu, biri Naxçıvanda Heydər Əliyev, digəri İsmayıllıdan Tahir Kərimli. Çünki onların siyasi nüfuzu yüksək idi. Ancaq mitinqdə etiraz edənlərin əksəriyyəti səs hüququndan istifadə etmədi. Gürcülərin siyasi şüurları dahamı yüksəkdir? Təbii ki, yox. Böyük ehtimalla, Gürcüstanda oktyabr seçkisində fərqli mənzərənin şahidi olmayacağıq. Əfsuslar ki, etirazlarda səsini ucaldanlar, nədənsə, seçkidə səsini vermir.