Elmar Məmmədyarov: Sülh sazişi ilə bağlı ortaq məxrəcə gəlmək olmur -MÜSAHİBƏ

 “Vaxt, gün müəyyənləşdirmək çətindir”
 
“Şərti sərhəddəki təxribatlardan Paşinyanın xəbəri yoxdur. Mütəmadi baş verən təxribatları Ermənistan ordusundakı özbaşınalıq kimi dəyərləndirirəm”
 
“Paşinyan istəsə belə, Ermənistanın yönünü Qərbə çevirə bilməz. Rusiya qazın qiymətini 10 dollar qaldırsa, Ermənistan iqtisadiyyatı çökəcək”
 
 
 Ermənistanın Baş naziri Nikol Paşinyan atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün Bakıya "ikitərəfli mexanizm"in tətbiqinə başlamağı təklif edib. Paşinyan deyib ki, faktiki olaraq atəşkəs pozulur və ya eskalasiya fonu yaratmağa çalışırlar: "Bütün hallarda bu, bizim siyasi iradəmizə görə baş vermir və mən artıq demişəm ki, Müdafiə Nazirliyimiz bu vəziyyəti təkzib edir. Hesab edirəm, biz hər dəfə vəziyyətə aydınlıq gətirə biləcəyik. Atəşkəs pozuntularının araşdırılması üçün ikitərəfli mexanizm formalaşdırmaq yaxşı olardı”. Paşinyan qeyd edib ki, komissiyaya tərəflərdən hərbi prokurorlar və ya digər məmurlar cəlb oluna bilər: “Fikrimcə, bu, işlək mexanizm ola bilər”. Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar X səhifəsində yazıb ki, Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq və atəşkəs pozuntularını aradan qaldırmaq üçün ikitərəfli mexanizm yaradılması təklifi alqışlanmalıdır: "AB-nin Gürcüstandakı monitorinq missiyası 15 ilə yaxındır fəaliyyət göstərir və təcrübəsini bölüşməyə hazırdır". Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən son günlərdə atəşkəs rejimi mütəmadi olaraq pozulur. Ekspertlərin fikrincə, Paşinyanın təklifindən ilk baxışda belə nəticə çıxır ki, Ermənistan sərhəd boyu yerləşdirdiyi qüvvələrə nəzarət edə bilmir. Bundan öncə İrəvanın atəşkəsi pozan hərbçiləri cəzalandırması da bu fikri gücləndirir. Bənzər təklif Qarabağ işğalda olduğu vaxt – Serj Sarkisyanın hakimiyyətdə olduğu 2016-cı ildə edilmişdi. O vaxt İrəvan hakimiyyəti “atəşkəsə nəzarət mexanizmi”ni Qarabağda təmas xəttində yaratmaq istəyirdi. Paşinyanın indi sərhəddə yaradılmasını təklif etdiyi “mexanizm” də ona bənzəyir. Əsas məqsəd mövcud sərhədlərin mümkün dəyişməsi ssenarisinin qarşısını almaqdır. Ermənistan “ikitərəfli mexanizmin” yaradılmasını təklif etsə də, Paşinyan açıqlamasındakı “beynəlxalq itimaiyyət üçün də həqiqi vəziyyəti anlamaq” qeydi o deməkdir ki, hədəf beynəlxalq diqqəti sərhəddəki hadisələrə yönəltməkdir. Ermənistanın “ikitərəfli mexanizmə” sonradan “beynəlxalq nəzarəti” əlavə etmək planının olduğu istisna deyil: sərhəddə fəaliyyət göstərən Avropa İttifaqının müşahidə missiyası bunu edə, yaxud “beynəlxalq nəzarət” üçün əlavə qüvvələr prosesə cəlb oluna bilər.

 Paşinyanın təklifini "Sherg,az"a dəyərləndirən sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, İrəvandan gələn təkliflərin heç biri problemlərin həllinə xidmət etmir...

- Elmar müəllim, Paşinyanın "ikitərəfli mexanizm" təklifini necə şərh edərdiniz?
- Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi, yəni delimitasiya və demarkasiya prosesi gedir. Nəzərə alaq ki, şərti sərhədlərin sadəcə 12-13 kilometr məsafəsi demarkasiya olunub. Çox böyük hissəsi müəyyən olunmayıb. Hələlik heç bir saziş də imzalanmayıb. Sərhədlərin müəyyən olunmaması, sülh sazişinə imza atılmaması da o deməkdir ki, ermənilər bunları bəhanə edərək istənilən vaxt təxribata əl atacaqlar. Sərhədlərdə baş verən insidentlər o halda araşdırılır və günahkarlar cəzalandırılır ki, iki ölkə arasında sərhədlər dəqiq müəyyənləşib. Məsələn, Azərbaycanın Rusiya, İran, Gürcüstanla sərhədlərində hansısa qanun pozuntusu baş verdikdə, silahlı qarşıdurma yaşandıqda hər iki dövlətin sərhəd xidmətinin müvafiq strukturları dərhal bununla məşğul olmağa başlayırlar. Hansısa kənar beynəlxalq missiyaya da ehtiyac yoxdur. Amma hazırda Ermənistanla bunu etmək mümkünsüzdür, çünki ortada dəqiqləşmiş sərhədlər yoxdur. Əgər cənab Paşinyan atəşkəsin pozulmasından narahatdırsa, onun əmri, xəbəri olmadan bunun baş verdiyini deyirsə, o zaman dərhal göstəriş versin və sərhədlərin delimitasiyası fasiləsiz, dayanmadan getsin. Yenə deyirəm, ilk növbədə konkret sərhədlər olmalıdır.

- Paşinyanın belə bir təkliflə çıxış etməsində məqsədi, məramı nə ola bilər?
- Dünya ictimaiyyətinə özünü "sülhpərvər" göstərməyə, müharibə və münaqişə istəməyən şəxs olduğuna inandırmağa çalışır. Həmçinin Ermənistan hökumətinin təxribatlarda, atəşkəsin pozulmasında qəbahətli olmadığını, bunu dəstəkləmədiklərini sübut etmək istəyir. Əgər elədirsə, erməni tərəfinin atəşkəsi pozması hallarını İrəvan hakimiyyəti özü ciddi araşdırmalı və əmrə tabe olmayanları sərt cəzalandırmalıdır. Biz də Paşinyandan bunu tələb edirik. Qəribə təkliflər verməkdənsə, yaxşı olar ki, ordudakı "alaqları" təmizləsin. Atəşkəsi pozan tərəf biz olsaydıq, bu saat ermənilərin hay-küyü dünyanı götürmüşdü. Onsuz da bizi əsassız olaraq "müharibəyə başlamaqda" ittiham edirlər. Ermənilər belə məsələlərdə ustadılar.

- Sizcə, şərti sərhədlərdə təxribata əl atan hərbçilər təlimatı haradan alırlar?
- Mütəmadi baş verən təxribatları Ermənistan ordusundakı özbaşınalıq kimi dəyərləndirirəm. İnanmıram ki, İrəvan hökuməti belə bir şeyə göstəriş versin. Belə məqamda təxribatlar Paşinyan hökumətinə müsbət heç nə vəd etmir. Əksinə, problemlər yaradır. Erməni hərbçiləri arasında "Qarabağ klanı"na, hansısa başqa güclərə tabe olan şəxslərin olması isə ehtimallar arasındadır. Erməni ordusunun hamısı Paşinyanı dəstəkləmir ki? Hərbçilər arasında ziddiyyətlər, başqa-başqa yerlərə tabe olanlar, müdafiə naziri Suren Papikyanı saymayanlar çoxdur. Nəzərə alaq ki, erməni hərbi elitasının böyük əksəriyyəti, Rusiyada təhsil alıblar. Amma bunları da təmizləmək, ordunu İrəvana tabe etdirmək Paşinyanın vəzifəsidir. Ermənistan rəhbərliyi "Qərb" deyə-deyə durub.  Paşinyan istəsə belə, Ermənistanın yönünü Qərbə çevirə bilməz. Rusiya qazın qiymətini 10 dollar qaldırsa, Ermənistan iqtisadiyyatı çökəcək.

- Sərhədlərin müəyyənləşməsinin zərurətindən danışdınız. Sizcə, bu prosesi irəliyə daşımaq mümkün olacaqmı?
- Hamı başa düşür ki, sərhədlərin delimitasiya və demarkasiyası çətin prosesdir. Əsas odur ki, proses başladı və müsbət nəticələr verdi. Ermənilər Qazaxın kəndlərinin qaytarılması və sərhədlərin dəqiqləşməsi ilə bağlı hay-küy qopartsalar da, qısa müddət sonra etirazlar səngidi. Bu da göstərir ki, mürəkkəb də olsa, irəliyə doğru getmək mümkündür. Ermənistanla 30 il münaqişə vəziyyətində olmuşuq, arada düşmənçilik olub və bu gün də etimad mühiti formalaşmayıb. Ona görə də ermənilərlə sərhədlərin dəqiqləşməsi asan başa gələ bilməz. Dost və qonşu Gürcüstanla belə illərdir sərhədlərin delimitasiyasını yekunlaşdırmaq mümkün olmayıb. Əvvəlcə delimitasiya prosesi aparılır, ardınca demarkasiyaya keçilir. Demarkasiya zamanı ərazilər çox dəqiqliklə, qarış-qarış, az qala mikroskopla müəyyənləşir.

- COP29-a, yaxud ilin sonunadək sülhün çərçivə sənədinin imzalanacağı ilə bağlı ehtimallar güclü idi. Qarşıdakı 4-5 ayda sülhün ilkin variantına imza atmaq reallaşa bilərmi?
- Keçmiş təcrübəmə əsasən deyirəm ki, konkret vaxt məhdudiyyəti qoyulan zaman istənilən nəticəni almaq olmur. Bunu birmənalı deyirəm. Tələsik iş görmək və qısa müddətdə konkret nəticəyə nail olmaq imkansızdır. Ələlxüsus iki dövlət arasında tərəfləri razı salacaq sülh sazişi imzalanırsa, bununla bağlı vaxt, gün müəyyənləşdirmək çətindir. Doğrudur, ortada sülh sazişi ilə bağlı mətnin olduğu deyilir. Amma göründüyü kimi, ortaq məxrəcə gəlmək olmur. Bakı da, İrəvan da dəfələrlə deyiblər ki, problemli məqamlar qalmaqdadır. Ara-sıra müzakirələr aparılsa belə, nəticəsiz qalır. Düşünürəm ki, prosesi bir qədər təbii axarına buraxmaq daha məqsədəuyğundur. Sülh müqaviləsi Azərbaycanın maraqlarına tam cavab verməlidir, əks halda Bakı heç bir sənədə imza atmayacaq. Onu da xatırladım ki, müharibədən sonra Rusiya ilə Yaponiya arasında hələ də sülh sazişi imzalanmayıb.