Qulamhüseyn Əlibəyli: “Deputatlar korpusunda dəyişiklik vacibdir” -MÜSAHİBƏ

“Yeni dövrün yeni parlamentini biz fərqli şəkildə görmək istəyirik”
 
“Kimisə söymək, tənqid, hətta təhqir etmək üçün gəncləri qabağa vermək yaxşı hal deyil”
 
“Gənclərin idarəetmədə, qanunvericilikdə iştirakında müəyyən risklər nəzərə alınmalıdır. Bəzi hallarda gənc kadrlar özlərini istənilən səviyyədə doğrultmurlar, üstəlik əlavə problemlər yaradırlar”
 
 
 
 İyunun 24-də Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib. İclasda Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğunluğu barədə Prezidentin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib. Məsələyə, iyunun 27-ə təyin edilmiş iclasda baxılacaq. Xatırladaq ki, Milli Məclis Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən bəzi millət vəkillərinin təklifinə əsasən növbədənkənar deputat seçkilərinin keçirilməsi üçün Prezidentə müraciət ünvanlayıb. Vurğulanıb ki, indiki zamanda belə bir müraciət edilməsinin bir neçə səbəbi var. Səbəblərdən biri ilk dəfə bütün ölkə ərazisində keçirilmiş prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılmasının zəruriliyidir. Növbəti seçkilərdə müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkilləri məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar. Parlament seçkilərinin növbədənkənar keçirilməsini zəruri edən əsas səbəb isə seçkilərin vaxtının COP29 sammiti ilə eyni vaxta düşməsidir. Parlament seçkiləri 2024-cü il noyabrında keçirilməli idi. Amma həmin ay Azərbaycanda COP29 keçiriləcək. Belə bir mötəbər tədbirlə eyni vaxtda seçki kampaniyasının təşkili və səsvermənin keçirilməsi mümkün deyil. Seçkilərin vaxtının dəyişməsi həm COP29-u layiqli şəkildə keçirməyə imkan verəcək, həm də bu mötəbər tədbir zamanı ölkə parlamentinin tam fəaliyyətdə olması təmin ediləcək. YAP-dan olan deputatlar məhz bu arqumentlər əsasında parlamentin buraxılması, vaxtından 2 ay əvvəl növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. 

Növbədənkənar parlament seçkiləri ilə bağlı "Sherg.az"a danışan politoloq Qulamhüseyn Əlibəyli deyib ki, parlament qanunvericilik hakimiyyət orqanıdır. Ekspertin fikrincə, onun buraxılması, fəaliyyətinə xitam verilməsi, yeni seçkilərin keçirilməsi Konstitusiya ilə, qanunlarla dəqiq tənzimlənir...

- Qulamhüseyn bəy, sizcə, yeni dövrün yeni Parlamenti necə formalaşmalıdır?
- Əslində, qanunlarda "yeni dövr", "müasir çağırışlar" anlayışı yoxdur, amma siyasi baxımdan parlamentin dəyişməsinə ehtiyac yarandığı söylənilə bilər. Mən də hesab edirəm ki, parlamentin tərkibində, iş sistemində dəyişiklik olmalıdır. Parlament qanunverici hakimiyyəti həyata keçirməklə yanaşı, həm də icra hakimiyyətinin fəaliyyətinə nəzarət mexanizmini yerinə yetirməlidir. Amma bizim Milli Məclisdə belə nəzarət mexanizmi müəyyənləşməyib. Düzdür, Nazirlər Kabineti ildə bir dəfə hesabat verir, amma bu hesabatlar formal xarakter daşıyır, heç bir təsir mexanizmi yoxdur. Yeni dövrdə elə olmalıdır ki, hakimiyyətlər bir-birini qarşılıqlı şəkildə çəkindirsinlər, bir-birinə nəzarət edə bilsinlər. Bütövlükdə deputatlar korpusunda da dəyişiklik vacibdir.

- Yeni parlamentin bir qədər də gəncləşməsinə ehtiyac varmı?
- Son dönəmlərdə gəncləşmə siyasəti elan olunub. Xüsusən icra hakimiyyətlərində gənc kadrlara üstünlük verirlər. Böyük ehtimal hakimiyyətin irəli sürəcəyi deputat namizədləri arasında gənclər üstünlük təşkil edəcək. Əlbəttə, buna heç kim etiraz etmir. Lakin gənclərin idarəetmədə, qanunvericilikdə iştirakında müəyyən risklər nəzərə alınmalıdır. Gənclərin təcrübəsiz olması diqqətdən qaçmamalıdır. Bəzi hallarda gənc kadrlar özlərini istənilən səviyyədə doğrultmurlar, üstəlik, əlavə problemlər yaradırlar. Ona görə də Milli Məclisdə varislik gözlənilməlidir. Parlamentin tərkibinin müəyyən hissəsi yeniləşməlidir. Namizədlərin irəli sürülməsi zamanı gənclərin partiya mənsubiyyətinə yox, qanunverici hakimiyyətin işində yararlı olub-olmamasına baxılmalıdır. Kimisə söymək, tənqid, hətta təhqir etmək üçün gəncləri qabağa vermək yaxşı hal deyil. Namizədliyini irəli sürmüş gənclərə başa salınmalıdır ki, ümumdövlət xarakterli xadimlər haqqında nə gəldi danışmaq olmaz. Yeni dövrün yeni parlamentini biz o cür görmək istəyirik.

- Partiyalar indidən seçki hazırlığına başlasalar da, seçki sistemi ilə bağlı narazılıq var. Bəzi partiyalar uzun müddətdir Milli Məclisə seçkilərin majoritar qaydada deyil, proporsional sistemlə keçirilməsini təklif edirlər?
- Seçki sisteminin dəyişilməsi zəruridir. Azərbaycanın indiki şəraitində qarışıq seçki sisteminə, yəni majoritar, həm də proporsional qaydada keçirilən seçki sisteminə qayıtmaq lazımdır. Nisbət müxtəlif ola bilər. Majoritar və proporsional olmaqla, yəni 50/50-yə faiz nisbəti ilə parlament seçkiləri keçirilsə yaxşı olar. Bu, siyasi partiyaların inkişafı üçün müəyyən mexanizm yarada bilər. Seçki sisteminin dəyişdirilməsinə tərəfdarıq. Amma görünür, hakimiyyət hələ buna getmək istəmir. İndiki həssas məqamda siyasi məsələlərlə bağlı referendum keçirilməsi məqsədəuyğun sayılmır. Aparıcı dövlət kimi formalaşmağa başlasaq da, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etsək də, proseslər tam yekunlaşmayıb, ciddi problemlərimiz hələ qalmaqdadır. O baxımdan qarışıq seçki sisteminə keçid gündəmdə deyil. Yəqin ki, növbəti parlament seçkisində bu məsələ qaldırılacaq. İlk növbədə siyasi partiyaların inkişafına mane olan hallar da aradan qaldırılmalıdır. Son dönəmlərdə siyasi partiyalarla görüşlər keçirilir, müzakirələr aparılır, müəyyən təkliflər verilir. Dövlət siyasi partiyaları hüquqi cəhətdən himayə altına almalıdır. Partiyaların maliyyələşmə məsələsi hansısa formada həllini tapmalıdır. Milli Məclisdə təmsil olunan siyasi partiyalar dövlət büdcəsindən təxminən 20 min manat yardım alırlar. Yaxşı olar ki, bəlli dövr üçün parlamentdə təmsil olunmayan partiyalara da vəsait ayrılsın. Ən azından seçkilərdə iştirak zamanı partiyalara maliyyə dəstəyinin göstərilməsi nəzərə alınmalıdır. Belə olarsa, siyasi partiyalar cəmiyyətdə öz rollarını oynaya bilərlər. Məhz bunlardan sonra qarışıq seçki sisteminə keçid daha düzgün olardı.

- Bəy, budəfəki seçkilərə qatılmaq fikriniz varmı? Bununla bağlı sizə təklif gəlibmi?
- Hələki qəti qərarım yoxdur. Heç bir partiya tərəfindən seçkilərdə iştirakla bağlı təklif almamışam. Amma partiyalar kənardan bitərəf şəxslərin namizədliklərini irəli sürə bilərlər. Əvvəllər seçkilərdə iştirak etdiyim dairənin sayı, sərhədləri dəyişib. Hazırda həmin dairədəki vəziyyəti yaxın adamlarımla təhlil edirəm. Əgər görsəm ki, orada uğur qazanmaq şansım, imkanım var, namizədliyimi irəli sürəcəm.