Çərçivə sazişində göstərilə bilər ki, yekun sülh Ermənistanın ərazi iddiasında rəsmi şəkildə imtinasından sonra mümkün olacaq
Tofiq Zülfüqarov: “Azərbaycan tərəfindən şərt kimi irəli sürülən məsələlər sırf yekun sülh sazişinə aiddir”
“İrəvan hökumətinin niyyəti odur ki, sərhədlər Ermənistan SSRİ-nin əraziləri çərçivəsində tanınsın. Bütün cəhdləri bununla bağlıdır”
Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni ilə bağlı kifayət qədər əhəmiyyətli proqres var. Bunu Tbilisidə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir əlavə edib ki, açıq qalan məsələlərin sayı əhəmiyyətli dərəcədə azalıb. C.Bayramov Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qaldığını qeyd edib: “Ermənistanın əsas qanununda - konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalır. Bu, bizim tərəfimizdən prosesin başa çatdırılmasında ən ciddi əngəl kimi görünür”. XİN rəhbəri əlavə edib ki, bu, Ermənistanın özü üçün də çox xoşagəlməz hal kimi qəbul edilməlidir: “Bu istiqamətdə müvafiq addımların atılmasını gözləyirik”.
Məlumat üçün bildirək ki, Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı 10-cu təkliflər paketini alıb. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, sülh sazişi imzalamaq üçün vaxt yetişib və Ermənistan tərəfi onun yaxın bir ay ərzində başa çatdırılması, imzalanması istiqamətində konstruktiv və intensiv işləməyə hazırdır.
“Proses kifayət qədər dinamikdir, bəzən irəliləyiş var, bəzən isə yox. Biz işləyirik”. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da deyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin mətni demək olar ki, yekunlaşıb: “Azərbaycanla münasibətlərə gəlincə, biz danışıqlar prosesini davam etdiririk. Sülh müqaviləsi layihəsinin mətnini demək olar ki, yekunlaşdırmışıq. Ermənistan bir ay içərisində mətni tamamilə yekunlaşdırmağa və Azərbaycanla sülh sazişini imzalamağa hazırdır”. Erməni mediası da yazıb ki, Ermənistan və Azərbaycanın sərhəd demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri komitəsinin birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin təsdiqlənməsinə sayılı günlər qalıb. Bildirilib ki, razılaşmaya görə, demarkasiyanın hansı əsasında və haradan başlayacağı prinsiplərini müəyyən edəcək saziş iyulun 1-də imzalanmalıdır.
Azərbaycan-Ermənistan arasında sülh danışıqları ətrafında cərəyan edən proseslərlə bağlı "Sherg.az"ın budəfəki müsahibi sabiq xarici işlər naziri Tofiq Zülfüqarovdur. Keçmiş XİN rəhbəri son günlər sülh müzakirələri fonunda baş verənləri təhlil edib..
- Tofiq müəllim, COP29-adək tərəflər arasında sülh sazişinə imza atılması ehtimalı hələ də yüksəkdirmi, yoxsa gedişat daha fərqli nəticələrin olacağını göstərir?
- Əslində bu ilin sonuna kimi Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı proqnozlar mövcuddur. Bunu bəziləri "çərçivə sazişi" adlandırırlar. Digərləri isə "prinsiplər sazişi" kimi xarakterizə edirlər. Bu da təbiidir, çünki söhbət ondan gedir ki, sülh mətnində yer alan əsas prinsiplərin müəllifi Azərbaycan tərəfidir. Ermənistan çalışır ki, bu və ya digər məsələdə özləri üçün faydalı olan, mövqelərinə uyğun məqamlar sülhün çərçivə sənədində təsbit olunsun. Xatırlayırsızsa, İrəvan tərəfi uzun müddət çalışdı ki, sülh sənədində "Qarabağın statusu" məsələsi də əksini tapsın. Ancaq buna nail ola bilmədilər, rəsmi Bakı bundan birmənalı imtina etdi və müzakirəsinə belə imkan vermədi. Ermənistan sonra başqa variantlara əl atdı. Almatı Bəyannaməsini əsas gətirərək həmin sənədə istinadə edilməsini, sərhədlərin sözügedən Bəyannaməyə əsasən tanınmasını irəli sürdü. Amma bəlli oldu ki, Almatı Bəyannaməsi bir-iki səhifəlik ümumi sənəddir, orada heç bir konkret xəritədən söhbət getmir. İndi də başqa söz-söhbətlərlə mümkün qədər öz maraqlarını qorumağa səy göstərirlər. Yəqin ki, bənzər metodları hələ çox görəcəyik, bunlara hazır olmalıyıq.
- Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı 10-cu təkliflər paketini aldı. Yəqin ki, bir müddət sonra yenilənmiş paketi Bakıya təqdim edəcəklər. Bu, beləcə davam edəcəkmi, yoxsa orta məxrəcə gəlmək mümkün olacaq?
- Azərbaycanın qəti mövqeyi bəllidir və irəli sürdüyümüz prinsiplər ortadadır. Əgər İrəvan tərəfi əsas prinsipləri əks etdirən sənədə razılaşsa, qəbul etsə, ən azından özlərinin təklif etdiyi paketdə prinsiplərimiz saxlanılsa, hesab edirəm ki, Bakı buna da razılıq verəcək və sənədə imza atacaq. Amma sülh sənədinin, daha doğrusu əsas prinsipləri özündə əks etdirən mətnin İrəvan-Bakı arasında gediş-gəlişi normaldır. Müzakirələr aparılır, müəyyən düzəlişlər, əlavələr edilir. Hər zaman belə olub. İrəvan hökumətinin niyyəti odur ki, sərhədlər Ermənistan SSRİ-nin əraziləri çərçivəsində tanınsın. Bütün cəhdləri bununla bağlıdır. Baxaq, görək proseslərin gedişatı bizə nəyi göstərəcək. Qərb-Rusiya qarşıdurması da burada önəmli roy oynayır. Hər halda Azərbaycan həmişəki kimi hücum mövqeyindədir.
- Nikol Paşinyanın sərhədlərdə "ikitərəfli mexanimz" təklifi barədə nə deyərdiniz? Baş nazirin təklifinin mahiyyəti nədir?
- Ermənistan hökuməti uzun müddətdir çalışır ki, "beynəlxalq missiya" adı altında kənar dairələri şərti sərhədlərə gətirsin, onları sülh prosesinə daxil etsin. Yenə deyirəm, İrəvanın məqsədi sovet dövrünün xəritələri çərçivəsində mümkün qədər artıq ərazilərə sahib olmaq, sərhədlərin delimitasiya və demarkasiya prosesini eyni xəttlə davam etdirməkdir. Azərbaycan isə bu məsələdə fərqli mövqedədir. Rəsmi Bakı hesab edir ki, Ermənistanla sərhədlərin müəyyənləşməsi prosesi hər bölgə üzrə ayrıca xəritələr əsasında həyata keçirilməlidir. Əsas fikir ayrılığı burdadır. Məhz o səbəbdən Ermənistan tərəfi cürbəcür variantlar təklif edir. Əslində son günlər şərti sərhədlərdə baş verən atəşkəs pozuntuları da göstərir ki, bu təxribatların arxasında Paşinyan hökuməti, yaxud onlara yaxın dairələr var. Bunların hamısı gedişatı pozmağa yönəlik oyunlardır və ermənilər artıq buna vərdiş ediblər.
- Ermənistanın Təhlükəsizlik Şurasının rəhbəri A.Qriqoryanın indiki məqamda Rusiyaya yönəlik "Qarabağı siz aldınız, Azərbaycana verdiniz" kimi ittihamları nəyə hesablanıb?
- Ermənistan rəsmiləri hər zaman özlərinə sərf etdikləri formada danışır, açıqlama verirlər. Bunun necə qarşılanacağını, reaksiyaları çox düşünmürlər. İndi müəyyən yerlərə çatdırırlar ki, guya onlar Azərbaycana yox, birbaşa Rusiyaya uduzublar. Halbuki, baş nazirləri də daxil olmaqla özləri dəfələrlə Azərbaycan Ordusuna uduzduqlarını, müharibə zamanı orduda fərariliyin artığını etiraf ediblər. Belə bəyanatlar daxili auditoriyaya hesablanıb. Çünki hazırda Ermənistan daxilində ciddi gərginlik mövcuddur. İnanmıram ki, qısa müddətdə daxili gərginliyi aradan qaldıra bilsinlər. Ermənistan hər zaman xarici himayədarları hesabına siyasət yürüdüblər. Öz addımlarını onlara hamilik edən dövlətlərin təlimatı əsasında atıblar. Ötən dövrlərədək bu ölkə Rusiya idi. Göründüyü kimi müharibədən sonra Moskvanı ittiham edən İrəvan özünə yeni himayədar axtarışındadır. Bir müddət İrana meyl etsələr də, hazırda Fransaya "söykəniblər". Himayədar axtarışı hələ davam edəcək.
- Paşinyanın "yeni konstitusiya" arzusunu və 2026-cı ilin sonunadək bunu hazırlamaq barədə tapşırığını necə şərh edərdiniz?
- Azərbaycan Ermənistanı bir neçə dəfə hərbi müstəvidə ağır məğlubiyyətə uğratdı. Amma işğal təkcə hərbi sahədə baş vermir, düşmən tərəf siyasi-iqtisdi və hüquqi sahələrdə də təcavüzkar siyasətə əl atır. Azərbaycan tərəfi Ermənistanın işğalının bütün qalıqlarını aradan götürmək istəyir və bunu İrəvan qarşısında tələb kimi qoyur. Ermənistanın mövcud konstitusiyasında yer alan ərazi iddiaları da hüquqi sahədə işğal və təcavüz faktıdır. O baxımdan Bakının mövqeyi tamamilə doğrudur. Bunu ilk günlərdə Ermənistan tərəfi özü də etiraf edir, bu istiqamətdə addım atmağın zəruriliyindən danışırdı. Ancaq Fransa, Hindistan kimi ölkələr Ermənistanı silahlandırmağa başladıqdan sonra İrəvanın ritorikası dəyişdi, sərtləşdi. Hələ münaqişə dövründə də Rusiyadan silah-sursat, hərbi texnika alan kimi Ermənistanın mövqeyi sərtləşirdi. Həmin proseslər indi də gedir. Əlbəttə, Azərbaycan bunlara məhəl qoymadan öz siyasi iradəsi nümayiş etdirməklə İrəvanı sülhə məcbur edəcək. Misal üçün, çərçivə sülh sazişində göstərilə bilər ki, yekun sülh Ermənistanın ərazi iddiasında rəsmi şəkildə imtinasından sonra mümkün olacaq. Çərçivə sülh sazişinə imza atılarkən referendum keçirilməsə də burada öhdəliklər qeyd edilməlidir. Azərbaycan tərəfindən şərt kimi irəli sürülən məsələlər sırf yekun sülh sazişinə aiddir.