Bakı olmasa, vay halımıza: Biznes görüşünə gələnlər, istirahət edənlər də paytaxtı seçir

"2024-cü ildə Azərbaycana gələn turistlərin 80 faizdən çoxu Bakı şəhərinə üstünlük veriblər. Bu o deməkdir ki, ölkəyə gələn hər 10 turistdən heç 2-si də Bakıdan kənara, rayonlara getmir". 
Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. 
Ötən il əcnəbilərin keçirdiyi gecələmələrin 81,4 faizinin Bakının payına düşdüyünü xatırladan deputat qeyd edib ki, turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır:
 “Azərbaycana gələnlərin 4,6 faizi sözügedən rayonda qalıblar. Xaricilərin 4,4 faizi Qəbələdə, 3,9 faizi Naftalanda, 3,2 faizi Qubada, 0,6 faizi Şabranda, 1,9 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük veriblər.
Göründüyü kimi, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda, bu, normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır.
Bütövlükdə, əcnəbilərin keçirdiyi gecələmələrin sayı 2023-cü illə müqayisədə 26,0 faiz artaraq 2 milyon 348 min olub. Bu da ümumi gecələmələrin 54,8 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 19,6 faizi Hindistan, 13,1 faizi Rusiya, 7,8 faizi Səudiyyə Ərəbistanı, 7,3 faizi Türkiyə, 5,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,8 faizi ABŞ, 2,8 faizi Qazaxıstan, 2,8 faizi Küveyt, 2,6 faizi Pakistan, 2,4 faizi Böyük Britaniya, 2,4 faizi İsrail, 2,2 faizi Özbəkistan, 2,1 faizi Çin, 1,4 faizi Almaniya, 1,0 faizi İtaliya,1,0 faizi Gürcüstan, 21,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb”.
Azərbaycanda turist axınının böyük hissəsinin paytaxt Bakı və ətraf bölgələrə yönəlməsindən danışan ekspertlər də hesab edir ki, Bakının infrastrukturu, hotelleri, hotellərin qiymətləri xarici qonaqlar üçün daha uyğundur. Qeyd edilib ki, regionlarımızda çox yüksək səviyyəli hoteller çox azdır, olanlar isə çox bahadır. Regionlarda xarici turist görən kimi xüsusən də kafe və restoranlarda qiyməti kəskin artırırlar ki, bunun da ciddi təsiri var.
İqtisadçı-ekspert Xalid Kərimli isə “Sherg.az"a  açıqlamasında deyib ki, turizm üçün Bakıda olan əlverişli şərait rayonlarda yoxdur: 
“Bu təkcə turizmlə əlaqəli məsələ deyil, ümumdaxili məhsulun 80 faizdən çoxu Bakıda emal olunur. Məsələn, məşğulluğun 80 faizdən çoxu Bakıdadır, bank aktivlərinin 80 faizdən çoxu paytaxta verilib. Yəni hər şey Bakı üzərindədir. Ölkənin 85 faizi Bakı və Abşeron yarımadasındadır. İnvestisiyaların da əhəmiyyətli hissəsi məhz paytaxtda toplanıb. Almaniyanın qəsəbələrinə gedirsən, baxırsan ki, mərkəzlə fərqlənmir. Hətta balaca qəsəbələr mərkəzdən daha qəşəngdir. Azərbaycanda isə belə deyil. Məhdud istiqamətlər var ki, turizm baxımdan əhəmiyyətlidir. Bakıda sosial həyat var. Bakıya gələn turist bilir ki, həm gəzəcək, həm də əylənəcək. Hotellərin çox hissəsi Bakıda yerləşir. Həm də eyni zamanda turistlərin əksəriyyəti dincəlməyə deyil, iş ardınca gəlir. Bakı həm də iş mərkəzidir. Azərbaycanda az qala bütün işlər Bakıda qurulur. Biznes görüşləri paytaxtda keçirilir. İstirahətə gələnlər də əsas istiqaməti Bakı seçirlər. Buradan da 2-3 günlüyə Qəbələ, Quba, Qusara gedirlər".
 Regionlarda turizmin inkişafının vacib olduğunu vurğulayan ekspert qeyd edib ki, rayonların inkişafında atılacaq ən vacib addımlardan biri turizm potensialı olan bölgələrdə həmin sahəyə aid olan infrasrukturun genişləndirilməsi, inkişaf etdirilməsi, yerli və xarici turistlər üçün əlçatanlığın təmin edilməsidir. 
Onun sözlərinə görə, bölgələrdə turizm sektoruna daha çox sərmayənin cəlb edilməsi və rəqabətin gücləndirilməsi əsas hədəflərdən olmalıdır. Turizmin enerjidən sonra ölkəyə ən çox valyuta gətirən sektor olduğunu nəzərə alsaq, o zaman bu sahənin bölgələrin inkişafına, rayonlarda yeni iş yerlərinin yaradılmasına verəcəyi töhfəni təsəvvür etmək çətin olmaz.