“Qondarm rejimdə keçirilən “müstəqillik günü” tədbirləri sadəcə tamaşadır”

Fikrət Sadıqov:“Azərbaycanın ərazi bütövlüyünü qəbul edən aparıcı dövlətlər, beynəlxalq təşkilatlar Dağlıq Qarabağdakı qondarma rejimin “müstəqilliyini” tanımır”


“Beynəlxalq aləm Azərbaycanın ərazi bütövlüyünü tanıyır”. 

Bunu “Sherg.az”a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

Professor bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü qəbul edən aparıcı dövlətlər, beynəlxalq təşkilatlar Dağlıq Qarabağdakı qondarma rejimin “müstəqilliyini” tanımır: 

“Paşinyan və onun komandası sərsəm bəyanatlarla, atılan absurd addımlarla sadəcə olaraq özlərini ifşa edirlər. Hamıya məlumdur ki, münaqişənin nizamlanması ilə bağlı danışıqlar Ermənistanla Azərbaycan arasında gedir və əsas müzakirə mövzusu Qarabağın statusudur. Amma İrəvan hökumətinin bu cür addımları danışıqlar prosesinə böyük zərbə vurur. Belə halda münaqişənin həlli ətrafında aparılan sülh müzakirələri də məna kəsb etmir”. 

Politoloqun sözlərinə görə, qondarm rejimdə keçirilən “müstəqillik günü” tədbirləri sadəcə tamaşadır: 

“Bu cür tamaşaların nümayiş olunmasında vasitəçilərin, aparıcı dövlətlərin də payı var. Çünki həmsədr dövlətlərin biganəlik siyasəti və proseslərə reaksiya verməməsi, işğal olunmuş ərazilərimizdə müxətlif şouların təşkil olunmasına şərait yaradır”.  

Qeyd edək ki, Ermənistanın baş naziri və prezidenti Dağlıq Qarabağdakı qondarma rejimi “müstəqillik günü” münasibəti ilə təbrik ediblər. Həmçinin, Ermənistanı təmsil edən diplomatik korpusun nümayənləri bölgəyə yollanıblar. Azərbaycan XİN erməni hökumətinin təxribatçı addımını sərt tənqid edərək, bu cür hərəkətlərin münaqişənin sülh yolu ilə nizamlanmasına zərbə vurduğunu açıqlayıb.