Başqa yol yoxdur! – “Məcburetmə əməliyyatına başlanılmalıdır"    

“Yekun sülh sazişi imzalanacaq”
“Amma ermənilər inadkarlıqdan əl çəkmirlər”
“Anti-terror əməliyyatları nəticəsində həm torpaqlarımızdakı separatçı rejim ləğv ediləcək, həm də sərhəddə daimi atəşkəsə nail olacağıq”

Bu gün saat 00:10-dan 00:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 Millət vəkili Elman Məmmədov düşmənin həftələrdir davam edən təxribatları barədə “Sherg.az”a danışdı: 

“Ermənistan dövlət kimi özünü doğrulda bilmədi. O, ianələr hesabına dolanan toplumdur. Əgər müstəqildirsə, niyə sərhəddi digər dövlətin hərbçiləri qoruyur?!”.

E.Məmmədovun fikrincə, provokasiyaların qarşısı alınmalıdır:

 “Yekun sülh sazişi imzalanacaq. Amma ermənilər inadkarlıqdan əl çəkmirlər. Odur ki, onların bu tərbiyəsizliyinin qarşısını almaqdan ötrü Azərbaycan məcburetmə əməliyyatına start verməlidir. Bizim bundan başqa yolumuz yoxdur. Hərbi gücdən növbəti dəfə istifadə etməklə qarşı tərəfi tamamilə diz çökdürəcəyik. Beləliklə, İrəvan yenə tələm-tələsik müqavilə imzalamağa məcbur qalacaq. Anti-terror əməliyyatları nəticəsində həm torpaqlarımızdakı separatçı rejim ləğv ediləcək, həm də sərhəddə daimi atəşkəsə nail olacağıq. Görünür, “ilanın başını tam əzmək lazımdır”...”.