“İrəvan beynəlxalq “oyunçuları” sərhəddə çəkmək istəyir”

Ermənistan sərhəddə təxribatlarına ara vermir. Bu əsnada rus hərbçiləri Qazağa yerləşməkdədir. Bu gün Azərbaycan xarici işlər naziri Ceyun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. Bir tərəfdən isə yekun sülh müqaviləsi hələ də gündəmdədir. Nələr baş verir? Nəhayət, sənəd imzalanacaqmı?

 Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Sherg.az” a açıqlamasında bu məsələyə aydınlıq gətirdi: 

“Sənədin əsas elementləri icra edilməlidir. Xüsusilə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Amma düşmən bunu istəmir. İkinci bir tərəfdən isə İrəvan başa düşür ki, ərazi bütövlüyümüzə təhdid cəhdləri nəticəsində zərbə ala bilər. Bu nöqteyi-nəzərdən beynəlxalq “oyunçuları” sərhəd xəttinə çəkmək istəyir. Beləliklə, Ermənistan onların arxasında gizlənərək siyasətini davam etdirəcək. Törədilən provokasiyalar da məhz bu məsələni gündəmdə saxlamaqdan ötrüdür”.

T.Zülfüqarovun fikrincə, növbəti hərbi əməliyyatlar istisna deyil:

“Qazağın yeddi kəndinin qaytarılması aktuallaşıb. Kərkidə isə bu, daha asan ola bilər. Ermənistan üçtərəfli razılığa uyğun olaraq müəyyən öhdəliklər götürüb. Və onları yerinə yetirməlidir. Bunlar erməni silahlılarının Qarabağdan çıxarılması, hərbi müdaxilələrə son verilməsi, Zəngəzur dəhlizinin açılması və başqa müddəalardır. Amma İrəvan hələ ki şərtlərdən boyun qaçırır”.