Təklif:“Rus sülhməramlılar BMT-nin nəzarətinə keçsinlər”

Etibarlı mənbələrdən daxil olan məlumatlara əsasən, son günlərdə Ermənistan silahlı qüvvələrinin aktiv şəkildə Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyəti zonasına yerləşdirilməsi həyata keçirilir. Bu barədə “Caliber” layihəsinin “YouTube” səhifəsində yayımlanan növbəti süjetdə bildirilir. “Məlumata əsasən, Ermənistan 12 “Kamaz”, 3 “Ural” və digər yük maşınları ilə şəxsi heyəti qeyd olunan ərazilərə daşıyır.

Bununla yanaşı, mülki geyimli hərbçilərin minik avtomobillərində Qarabağa yerləşdirilməsi də həyata keçirilir”, - deyə videomaterialda qeyd olunur.



Azərbaycan Demokrat Partiyasının (ADP) sədri  Sərdar Cəlaloğlu “Sherg.az”a açıqlamasında sözügedən məsələyə münasibət bildirdi:

“Bu məlumatın nə qədər dəqiq və obyektiv olduğunu bilmirik. Rusiyanın növəbti təxribatı və ya Ermənistan hakimiyyətinin ictimaiyyəti sakitləşdirmək cəhdi də ola bilər. Hər halda hələlik müharibə gözlənilmir. Sadəcə Azərbaycan Rusiyanın Qarabağdakı missiyasını dəqiqləşdirməlidir. Elə etmək lazımdır ki, sülhməramlılar BMT-nin nəzarətinə keçsinlər. Türkiyə- Rusiya Birgə Monitorinq Mərkəzi sülhməramlıların fəaliyyəti barədə daimi məruzələr etməlidir. İndiyədək bir dənə də olsun hesabat hazırlanmayıb”.