Kreml Qarabağda başqa “oyun oynayır”! – “Hərbçiləri sərhəddə yığır”

“Rusiya müdafiə naziri Şoyqu Moskvada Ermənistanın müdafiə naziri Karapetyanla görüşdə deyib ki, Ermənistan Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində Moskvanın müttəfiqi və əsas tərəfdaşıdır. Şoyqu, həmçinin qeyd edib ki, Rusiya Ermənistan silahlı qüvvələrini modernləşdirəcək, yeni ordu quracaq, orduda islahatlar keçirəcək və s.”

Bu sözləri siyasi analitik Yeganə Hacıyeva deyib.

 O, məsələ barədə daha ətraflı “Sherg.az”a danışdı:

“Nazirlər arasında görüşdə ikitərəfli münasibətlərin hərbi aspektləri müzakirə olunub. Bir neçə məsələ, o cümlədən Rusiyanın Ermənistan ordusunun yenidənqurulmasında, modernləşdirilməsi barədə razılıq əldə edilib. Moskva İrəvana təkcə texniki dəstək verməyəcək. Həm də erməni hərbçiləri üçün xüsusi nəzəri-praktik təlimlər keçiriləcək. Nəzərinizə çatdırım ki, tərəflər KTMT daxilində tərəfdaşdırlar. Onlar arasında strateji hərbi əməkdaşlıq isə 2000-ci ildə imzalanan ikitərəfli geniş əhatəli sənədlə başlayıb.

Rusiya bu illər ərzində Ermənistana ciddi hərbi-texniki-mənəvi dəstək verib və indi də verməkdədir. Sirr deyil ki, Ermənistanın Azərbaycana qarşı təxribatlarında rus istehsallı silahlardan istifadə edilir. Tərəflər arasında bir neçə il öncə bir milyardlıq saziş imzalanmışdı. Sonradan mediaya sızan məlumatlardan aydın oldu ki, əslində  həmin silahlar hədiyyə idi. Amma Moskvanın İrəvana dəstəyi suya yazılmış yazı kimidir. Həmin silahların nə qədər effkektli olduğunu və ermənilərin texnikadan istifadə bacarığını Bakının mərkəzindəki Hərbi Qənimətlər Parkına baxaraq asanlıqla anlamaq olar”.

Y.Hacıyeva, həmçinin Kremlin məqsədlərini sadaladı:

“Məlum olduğu kimi, Ermənistanda Rusiyanın hərbi bazaları var. İndi isə şimal qonşumuz hərbçilərini sərhəddə yerləşdirməklə məşğuldur. Rusiya indi üçtərəfli razılaşmalara qol çəkən tərəf kimi, daha öncə isə ATƏT-in Minsk Qrupunun həmsədri kimi yerinə yetirməli olduğu öhdəliklərə məhəl qoymayıb. Bu günlərdə KTMT baş katibi Stanislav Zasla görüş zamanı Ermənistan baş naziri Nikol Paşinyanın revanşist bəyanatlarından da aydın olur ki, bu yenidənqurma və dəstək Azərbaycana qarşı yönəlir və rəsmi Moskva həmin məsələdə İrəvanı dəstəklədiyini göstərir.

Onu da qeyd etməliyəm ki, Bakı - Moskva münasibətləri çox həssas mərhələdədir. Rusiya nəinki Qarabağdakı erməni hərbi qruplarını oradan çıxarır, hətta Müdafiə Nazirliyinin yazılarında erməni terrorçuları tərəf kimi göstərilir.

Bu, onları legitimləşdirmək cəhdləridir. Burda diqqəti çəkən məqam bu proseslərin qondarma respublikanın cinayətkar rəhbəri  Araik Arutyunyanın Moskvaya səfərindən sonra baş verməsidir. Görünür, Kreml Qarabağda başqa “oyun oynayır”.

Bu isə regionda sabitliyə, Bakı- Moskva münasibətlərinə təhdid olmaqla yanaşı, həm də şimal qonşumuzun özünün Cənubi Qafqazdakı maraqlarının əleyhinədir”.