Bir neçə aydan sonra Zəngilan rayonunun bəzi sakinləri doğma yurdlarına qayıdacaq

Akif Nağı: "Axır ki, işğaldan azad olunmuş bölgələrimizə öz doğma sakinləri qayıdacaq"

"Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 16-da Kəlbəcər şəhərində dövlət bayrağının ucaldılması mərasimində çıxış edərkən deyib. Dövlət başçısı bildirib ki, indiki mərhələdə əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirməkdir, azad edilmiş torpaqlarda möhkəmlənməkdir:

"Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir. Mən artıq bildirmişəm, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. Eyni zamanda, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçildi. Artıq işlər gedir ki, o kəndlərin bərpasına start verək və vətəndaşları oraya qaytaraq. Ağdam şəhərinin baş planı təsdiqləndi, digər şəhərlərin baş planının təsdiqlənməsi yaxın aylarda nəzərdə tutulur. Beləliklə, biz bundan sonrakı əsas hədəfləri düzgün müəyyən edərək, bu hədəflərə çatmağa da nail olacağıq".

Prezidentin qayıdışla bağlı fikirlərinə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı "Şərq"ə açıqlamasında deyib ki, artıq möhtəşəm qələbəmizdən sonra "Böyük Qayıdış"a da başlanılmalıdır: "Bilirsiniz ki, vətəndaşlarımız 30 ildir ki, öz doğma yurd-yuvalarına qayıtmaq istəyirlər. Sevindirici haldır ki, cənab Prezident İlham Əliyev bir neçə aydan sonra bu prosesə start veriləcəyini bildirdi. Axır ki, işğaldan azad olunmuş bölgələrimizə öz doğma sakinləri qayıdacaq. Hesab edirəm ki, bu, "Böyük Qayıdış" böyük qələbənin, əldə edilmiş nəticələrin yekunu olacaq. Düzdür, hazırda müəyyən narahatlıqlar var, insanlar tələsirlər ki, yurdlarına tez qayıtsınlar. Təbii ki, bu, başadüşüləndir. Ancaq daha geniş miqyasda bütün işğaldan azad olunmuş ərazilərə böyük köçlərin başlanması üçün evlər tikilməli və paralel şəkildə infrastrukturlar qurulmalıdır. Fikrimcə, ilkin mərhələdə insanların müəyyən qruplarla öz yurduna ziyarətinin təşkil edilməsi çox mühüm olar. Elə bunun özü də "Böyük Qayıdış"ın tərkib hissəsidir. Eyni zamanda, insanlar 30 ildir ki, yaxınlarını başqa yerlərdə dəfn ediblər. Düşünürük ki, işğaldan azad olunmuş ərazilərimizdə qəbiristanlıqların müəyyən bir hissəsi minalardan təmizlənməli və insanlar doğmalarını 5-6 nəfərlə həmin yerlərdə dəfn etməlidirlər. Hesab edirəm ki, bu istiqamətdə işlər görülməlidir və insanların həsrətinə tezliklə son qoyulmalıdır".