Gorus - Qafan yolu bağlanır:“Ermənistanın Qarabağa hərbi yardımı əngəllənir”

“Ermənistan deyilənlərdən nəticə çıxarmasa, hərbi yoldan istifadə də istisna deyil”


Tanınmış erməni jurnalist, Ermənistan Jurnalistlər Birliyinin üzvü Nairi Oxikyan Qarabağda panikanın olması barədə məlumat yayıb. O, bildirib ki, hamı Laçın dəhlizinin bu yaxınlarda bağlanmasından danışır.
Jurnalistin sözlərinə görə, təlaş böyük sürətlə yayılır. Jurnalist Rusiya sülhməramlılarının məsuliyyət zonasındakı erməni sakinlərindən Qarabağ ərazisini tərk etmək niyyəti ilə onlarla müraciət aldığını bildirir.

N.Oxikyan tələsik Qarabağı tərk etməyə çalışan erməni əhalisini media vasitəsi ilə sakitləşdirməyə çalışır.

Hərbi ekspert Ədalət Verdiyev bu barədə “Sherg.az”a danışdı:

 “Laçın dəhlizinin Gorus - Qafan yolunun bağlanması ilə əlaqədər artıq real siqnallar var. Əslində sözügedən addım gözlənilən idi. Bu, Ermənistanın Qarabağa hərbi yardım göndərməsinin qarşısını almaqdan ötrüdür.

Əgər İrəvan üçtərəfli razılaşmanın şərtlərinə əməl etmirsə, Bakı da buna məcbur deyil”.

Ə.Verdiyevin sözlərinə görə, Gorus-Qafan yolunun bağlanması atılan son addım deyil:

 “Sentyabrda Qarabağda “seçkilər”in keçiriləcəyi deyilir. Bu, separatizm nümunəsidir. Çox güman, Azərbaycan lazımi səviyyədə ultimatum verəcək, düşməni başına gələcəklər barədə  xəbərdar edəcək. Ermənistan deyilənlərdən nəticə çıxarmasa, bir çox mexanizmlərdən istifadə edə, daha təsirli addımlar ata bilərik. Həmçinin hərbi yoldan istifadə də istisna deyil”.