“Düşmən Şuşanı erməniləşdirə bilmədi, çünki...”

“...Şuşada türk, müsəlman ruhu var. Bu, şəhərin hər daşında hiss olunur”


Prezident İlham Əliyev Vaqif poeziya günlərinin rəsmi açılışı zamanı Şuşanın tarixindən danışıb. O bildirib ki, Şuşanın bərpası ilə bağlı ilk səfəri çərçivəsində bütün lazımi göstərişlər verilib və yanvar ayından bu günə qədər, 7 ay ərzində artıq çox böyük işlər görülüb:

“Şuşaya ikinci-üçüncü dəfə gələnlər bunu görür. Bəli, şəhər hələ ki, dağılmış vəziyyətdədir. Çünki ermənilər nə qədər çalışalar da, yenə də Şuşanı erməni şəhəri kimi təqdim edə bilmədilər və əgər bu, erməni şəhəri idisə, niyə belə vəziyyətdə idi, niyə dağılmış vəziyyətdə idi, niyə bir dənə bina tikilməyib? Üç-dörd erməni məmurunun yeni villalarından başqa bir dənə də yeni bina tikilməyib. Köhnə binalar hamısı dağıdılıb, tarixi binalar dağıdılıb və Şuşanın bərpası 14 yanvardan başlanmışdır və qısa müddət ərzində böyük işlər görüldü. İlk növbədə, yol çəkildi”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu barədə “Sherg.az”a danışdı: 

“Şuşa ilə erməniləri birləşdirən bir şey yoxdur. Düşmən  nə qədər Şuşanı erməniləşdirməyə cəhd etsə də, bunu bacarmadı. Çünki Şuşada türk, müsəlman ruhu var. Bu, şəhərin hər daşında hiss olunur. 17 məhəllə əvvəlki kimi bərpa edilməlidir. Tarixi şəxsiyyətlərin, o cümlədən Əhməd Ağaoğlunun ev muzeyi yaradılmalıdır. O, Şuşanın simvoludur. Ağaoğlunun Şuşanın ermənilərdən müdafiəsində xüsusi rolu olub. Şuşanın Azərbaycana məxsusluğunu dünyaya göstərmək naminə belə addımlar atılmalıdır”.