Şəhid Ziya Nurməmmədovun xatirəsi əbədiləşdirilib

Kürdəmirdə şəhid Ziya Zabil oğlu Nurməmmədov adına xatirə bulağın açılışı olub.

APA TV-xəbər verir ki, bulaq şəhidin ailəsinin şəxsi vəsaiti hesabına Bakı-Qazax yolunun kənarında rayonun Sığırlı kəndində inşa olunub. Açılış mərasimində əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şəhidin təhsil aldığı məktəbin kollektivi, Kürdəmir RİH-nin nümayəndələri və şəhidin ailə üzvləri eləcədə kənd camaatı iştirak ediblər. Tədbirdə çıxış edənlər Ziya Nurməmmədovun döyüş yolundan danışıb.

Şəhidin atası deyir ki, xatirə bulağının bu ərazidə tikilməsində əsas məqsəd, təkcə kənd camaatı yox eyni zamanda bütün xalq üçün əlçatan olmasını təmin etməkdir.
Ziya Nurməmmədov cəbhənin Füzuli istiqamətindən döyüşə başlayıb, düşmənin xeyli sayda canlı qüvvəsi və texnikasının məhv edilməsində əvəzsiz xidmətlər göstərib. Oktyabr ayının 13-də düşməndən azad etdikləri yüksəklikdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb.

Şəhid Ziya Nurməmmədov ölümündən sonra "Vətən uğrunda" “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə”medalları ilə təltif edilib.

Allah rəhmət etsin!